Döyüşlər bitər, amma bu savaş bitməz

Doğrusu müharibə çoxlarımızı yorsa da dayanmaq olmaz. Çünki döyüş bitsə də müharibə davam edir. Bu tarixi günlərdə 200 ildən artıq bizi hədəfə alan bir müharibəyə son qoymaq şansını yaxalamışkən durmaq olmaz.

İllərcə sülhməramlı adı altında ölkəmizə soxulmaq istəyən rus işğalçıları ölkəmizdəykən, sahibini görən köpək kimi quyruq bulayan adı bizdən olan agentlər və ermənilər ortalıqdaykən durmaq olmaz. Hələ düşmənin erməni kimi bir yığnaq olduğuna görə bu gün hər birimiz zamandan borc almalıyıq.

2823 cənnət gülünün əziz ruhlarını incitməmək üçün onların qanı bahasına əldə etdiyimiz möhtəşəm qələbəni tam və qəti qələbəyə çevirməliyik. Hadisələrin ilk günlərindən yazmışdım ki, Aprel döyüşlərindən sonra olduğu kimi yenə də bu döyüşlərdə qəhrəmanlıq göstərən orduya, şəhid və qazilərimizə qarşı bir səlib yürüşü başladılacaq. 5-ci kolonun hər kəsə məlum və hər kəsin haqqlarında susduğu məmurlar ordusu əsil ermənilik nümayiş etdirdilər. Özü də araşdırdığım üçün bu hərəkətlərə yol verənlərin çoxu Ara Ayvazyan və yaxud da Kamo Ağacanyan kimi azərbaycanlılar olduğunu gördüm. İcra hakimiyyətinin başçıları isə bir başa Ramiz Mehdiyevin kadrlarıydı. Bu gün də start verilib. Tərtər, Bərdə, Ağcabədi, Qaradağ rayonunun «xəlifələri» biri bayraqları sökdürür, biri şəhid məzarının üstünü götürtmür, biri şəhid plakatlarını sökdürür, biri şəhid anasına «min manat alanda yaxşıydımı» deyəcək qədər həyasızlaşıblar. Cəlilabadın sabiq İcra başçısı, bu gün niyə tənhalıqdan xiffət etməlidir ki?

Bu gün belələrinin qırıntılarından bəhrələnənlər artıq təbliğata başlayıblar ki, «nə oldu, elə döyüşçülərin hamısının problemləri var?»

Bəli var və o problemi yaradanlar da elə sizin kimi korrupsionerlər, bu məmləkətin bulağının gözündən su içib düşmənə maşalıq edənlərdir. Biz neyləyək ki, Vətəni basıb kərə yağı kimi yeyənlərin darvazalarından pisliklər, bu kasıb komalarından isə Allahın seçdiyi müqəddəslərimiz olan şəhidlər çıxır.

Dəfələrlə demişəm axı: «Bu insanların həyatı Vətənlə başlar, şəhadətlə bitər». Bu mövqeni verən Allahdır. Ona rüşvət verib sizlərin ala bilməyəcəyi bir ucalıqdır, şəhidlik. Şəhidlik «öncə Vətən» deməkdir. Vətəni öz canından çox sevməkdi. Şəhidlərimizin üzü suyu hörmətinə bu məmləkət üzərində günəş doğar. Onların sayəsində məmləkət ayaqda durar. Bunun nə demək olduğunu anlamayanlar şəhidləri və bizləri sevməzlər. 2823 şəhidimizə baxıb da yan ötməyin. 5646 ana gözünün yaşlı qalmasını görməzdən gələn bizdən deyildir. Bu, 10 milyon insanımızın könül yarası və fəxarət yeridir. Bu bizim alnımızdakı ləkəni yuyan, qisasımızı qiyamətə qoymayan və sınmış mənlikləri dirçəldən bir ünvandır.

Bəlkə də «Vətən sağ olsun!» deyib keçərdim. Amma satan sağ olunca Vətən sağ olmaz! Əgər Vətən xəyanət edən ət torbalarına bənzər zənginlərin səfa sürdüyü, fağırların öldüyü yerdirsə, Vətən sağ olmaz! Bəli, döyüşlər bitdi, amma bu savaş bitməz…

Yadıma bərbəri köləlikdən komandanlığa qədər yüksəlmiş bir komandan düşdü. Əndülüsü fəth etdiyində: «Ey Tarık, dün bərbəri bir kölə idin, bu gün müzəffər bir komandansan, yarınsa torpaq altında hesab verəcəksən» deyən, Tarık bin Ziyadın İspaniyaya qədəm qoyunca dediyi bu sözləri xatırlatmaq istərdim: «Ey mücahidlər! Arxanızda düşmən kimi dərya, önünüzdə dərya kimi düşmən, haraya qaçacaqsınız?»

Bu gün Azərbaycan mücahidləri bu vəziyyətədir. Qaçış yeri yoxdur. Arxa və önümüzdə rus yalına mırıldayanlar daxil, rus-erməni işğal gücləri ilə və onların məkrli oyunları ilə üzbəüzük. 1992-ci ildən bölgəmizdə erməni pərdəsiylə daldalanan düşmən Rusiya artıq meydandaykən yata bilməzsən.

Məğlubiyyət yetim, qalibiyyətin isə sahibi çox olar. Bu gün ər meydanında biz Zəfər çaldıq. Bundan illər öncə 5 imperiyaya qarşı savaşda daxildəki xainlərin əliylə savaş meydanında nəsibimiz olan məğlubiyyətə sahiblik etdik. Bu gün Birinci Qarabağ savaşçılarının davamçıları onların izləri ilə gedərək Azərbaycan əsgərinin əfsanəsini, dastanını yazdı. Çünki hədəflər, xalq və Lider bəlli idi. Bizim çoxumuz hərbi geyimi və mərmini öz pulumuzla alıb getdiyimiz savaşda bizi arxadan vurdular. Amma bu gün də bu xainlər ortadadılar. Atalar demiş, «… içəridə olursa, qapı kilid saxlamaz». Bu gün ortalıqda abutalıb səmədovlar, rasim musabəyovlar, zahid oruclar və sırası günbəgün artan bir toplumla bir ölkədə yaşamaq xəcalətiylə bildirim ki, bunlar hələ də rus şovinizminə yaltaqlanmaqla erməni olmağın mümkünlüyünü zənn edirlər. Özləri cəhənnəmə, hələ xalqı da bunlar kimi düşünməyə çağırırlar. Müğənni Mətanət Əsədovanın açıqlama verməkliyi, Zahid Orucun sorğu keçirtməkliyi, Abutalıb Səmədovun «Yalta» yaltaqlığı çərənləmələri, Qüdrət Həsənquliyevin «urus»dan çox «urusluğu» və hələ şəhidlərimizə, döyüşçülərimizə dil uzadanların günbəgün say artımı günümüzün reallığına çevrilib.

Çünki bunlar qüdrətli xalqımızın məğlub durumu üçün proqramlaşdırılmış zehniyyət sahibləridir və güzgüyə baxıb gördüklərindən danışarlar. Onlar bu xalqa qarşı məkrli planların zəhərli meyvələridir. Böyük Zəfərə kölgə salmaq istəyənlər unutmamalıdırlar ki, illərcə gizli şəkildə erməni tərəfdən bizə qarşı savaşan bir Rusiyanı ən azı deşifrə etmişik, iş başında, İsgəndər, S-300 və s. ballastik raketlərin başında tutmuşuq. Rusiya düşünməsin ki, bu addımla tərəf kimi məğlub olduğu bir müharibənin nailiyyətini «sülhməramlı» adıyla ələ keçirib öz xislətinə uyğun bir «köpək ferması» qura biləcək. Protektorat xəyalları olan Rusiya imzaladığı bəyanatı bu dəfə bənd-bənd yerinə yetirməyə məcburdur. Etməsə, bunu biz məcbur etməliyik və buna bütün tarixi, hərbi-strateji imkanların çoxluğu imkan verir. Qəzanız mübarək, Azərbaycan xalqı!

Bu gün əldə etdiyin qələbəni tam və qəti qələbəyə çevirmək sənin əlindədir.

Daha bir xatırlatma: Sovet İttifaqı bütün Finlandiyanı ələ keçirərək «kukla» Fin kommunist hökuməti yaratmaq istəyirdi. −43 °C temperaturda, çox sərt iqlim şəraitində Finlandiya qoşunları iki aydan çox müddətdə Sovet hücumuna müqavimət göstərdi və qarşı tərəfi ciddi itkilər verməyə məcbur etdi. Yalnız Sovet Ordusunun yenidən təşkilatlanması və fərqli taktikalar icra etməsindən sonra finlərin müdafiə xəttini keçə bildilər. Münaqişə tərəflərinin iştirakı ilə 1940-cı ilin martında Moskva şəhərində sülh müqaviləsi imzalandı. Finlandiya müqavilənin şərtlərinə əsasən öz ərazisinin 11 faizini və iqtisadiyyatının 30 faizini itirsə də müstəqilliyini qoruyub saxlaya bildi. SSRİ isə müharibə nəticəsində ciddi itkilərə məruz qalmış və beynəlxalq nüfuzuna xələl gətirmişdi. Finlandiya müharibədən sonra öz suverenliyini qoruyub saxlamaqla yanaşı beynəlxalq nüfuzunu artırdı. İndi Rusiya harada, Finlandiya harada? Bu gün, qonşu Ukrayna, Moldova, Gürcüstanla müharibə şəraitində yaşayan, Suriyada, Liviyada legitim olmayan hakimiyyətlərin və terrorçuların yanında olan Rusiyanın varlığı belə təhlükəlidir. Azərbaycan xalqına qarşı 20 Yanvar və Xocalı soyqırımı törədən ordunun bölgəmizdə olmasına görə yatmamalıyıq. Bu savaş bitməz.

Azərbaycan şəhid qanıyla qazandığı zəfəri isə kimsəyə oğurlada bilməz…

Xaqani Ədəboğlu

Bu xəbəri paylaşın: