Zəngəzurdakı sərhədlərimiz haradan keçir?

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası həyata keçirilməsi barədə məlumatlar var. Ərazilər barədə məlumatlarda yerli media bilməməzlikdən qarışıqlıq yaradır. Zəngəzurda nə baş verir?


Öncə bildirim ki, Zəngəzur tarixi Qarabağ torpaqlarıdır və Qarabağı parçalamaq məqsədiylə bu əraziləri bolşeviklər ermənilərə pay verib. 1920-ci ilin 1 dekabrında Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilib. Mahalda məskunlaşanların böyük hissəsi azərbaycanlılar olub. Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri və Kürdüstan qəzasından (Zəngilan, Qubadlı və Laçını) ibarət mahalda XX əsrin əvvəllərində 149 türk, 91 kürd və 81 erməni kəndi var idi. Xatırladım ki, 1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında «mübahisəli ərazilər» elan olundu.

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi. Bu qanunsuz qərardan 100 il ötüb. 

Bu gün verilən və qarşı tərəfin təsdiqlədiyi məlumatlara görə, Novruzlu, Zeyvə, Ucanis, Yevğard, Əkərək, Aşağı Qaraçimən, Syunik, Çakaten, Şıxovuz, Nerkin Hand, Tsab, Gexanuş və Qafan şəhəri ətrafındakı yüksəkliklər Azərbaycana qaytarılıb. Ermənilər bu əraziləri sovet dönəmində 50-60-cı illər ərzində sərhədləri önə çəkərək, həyasızcasına zəbt etmişlər. Amma Azərbaycanın qələbəsindən sonra digər işğal olunmuş ərazilərlə yanaşı bu ərazilər də Azərbaycanın nəzarətində keçib. Sərhədlərin delimitasiyası sərhədlərin dəyişməsinə və düşmən ölkənin içərisində ciddi narazılıqlara səbəb olmaqdadır. Hazırda əldə olunan delimitasiya sənədləri dövlət sərhədlərinin demarkasiyası üçün əsas hesab olunur. Digər bir məlumatda isə, Zəngilan rayonunundakı Ağkəndin arxasındakı təpələrdə dəniz səviyyəsindən 925 metr hündürlükdə yerləşən Qazançı və Dərəlidən çox yaxın məsafədəki Qafan şəhəri ovuc içindəki kimi görünür. Qazançı və Dərəli kəndlərindən Qafan şəhərini Xustub dağının ətəklərində strateji mövqedə yerləşən, əvvəlki savaşda Zəngilan şəhəri və ətraf kəndlri atəş altında saxlayan 1-ci istiqamətdəki 6 erməni kəndi ilə birləşdirən avtomobil yolu keçir. Yol bağlandığı təqdirdə, bu kəndlər mühasirəyə düşür. Faktiki olaraq məlum delimitasiya nəticəsində bu kəndlərə nəzarət bir mənalı olaraq bizim əlimizə keçə bilər. Delimitasiyadan sonra oradan, Qafan şəhəri daxil, rayon ərazisinin əhəmiyyətli hissəsi nəzarət altına, Həyərək, Sirkətas, Ağavurd, Ücənis, Yeğvard (Novruzlu) kəndləri isə faktiki blokadaya düşür. Faktiki olaraq bir daha bildirirəm ki, bu kəndlərin əraziləri zaman-zaman ermənilər tərəfindən qərarlara əsaslanmayan işğal əraziləridir.

Məsələn, Ermənistan Azərbaycana Sünik rayonunun Karaunj kəndinin onlarla hektar ərazisini və ərazisində yerləşən su elektrik stansiyasını qaytaracaq. Erməni KİV-ləri (27.12.2020) xəbər verir ki, bunu Gorus Şəhər Bələdiyyə sədrinin müavini Menua Hovsepyan deyib. Onun sözlərinə görə, söhbət 30 hektar bağçadan gedir. Eyni zamanda, Hovsepyan, Ermənistan hökumətinin onlarla əlaqə yaratmadığından və mövcud vəziyyəti izah etmədiyindən şikayətləndi. Başqa bir məlumatda isə, erməni KİV-ləri (28.12.2020) belə bir məlumat yayıb: «Azərbaycanla Ermənistan sərhədindəki Şurnux kəndinin erməni sakinləri kəndin bir hissəsini sabah səhərədək boşaltmalı olduqları üçün Gorus-Qafan avtomobil yolunu bağlayırlar. Səlahiyyətli şəxslər onlara əvvəlcədən məlumat verməyiblər». Digər məlumatlarda (28.12.2020) Azərbaycan qoşunları Vorotan kəndinin Azərbaycan hissəsindəki erməni mülki şəxslərdən sərhəd delimitasiyası davam etdiyi üçün yaxın bir saat ərzində ərazini tərk etmələrini xahiş ediblər. Gorus-Qafan avtomobil yoluna gəlincə isə bu yolun bir hissəsi bizə məxsus ərazilərdən keçirdi və bu gün öz nəzarətimizdədir. Özü də bu yolun böyük strateji əhəmiyyəti var.

Azərbaycan təcili olaraq sərhədlərin delimitasiyasını başa çatdırmalıdır. Bu nəsələnin çox ciddi önəmi var. Çünki işğal dövründə sərhədləri hakim yüksəkliklərə doğru çəkən ermənilər güclü mövqe postları qurublar. Gədəbəydən başlayaraq bütün sərhədlərimiz bərpa edilməlidir. Bu məsələ az qala Qarabağ qədər əhəmiyyətə malikdir.

X. Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: