Atabəylərin xristian tarixi: türk-qıpçaqların slavyan və erməni-qriqorian özünütanımı…

Namiq Atabəyli

BİRİNCİ HİSSƏ

Qafqaz xalqlarının mütərəqqi gələcəyi üçün mühüm əhəmiyyət daşıyan Böyük Sülhün hazırlanması naminə, hesab edirəm ki, mövcud psevdo-tarixlərə son qoyaraq, öz həqiqi keçmişimizi öyrənib bilməliyik…

Son illərin qanlı hadisələri aydın şəkildə göstərdi ki, «erməni–müsəlman münaqişəsi” kimi qələmə verilmiş hadisələrin arxasında, əsl həqiqətdə, heç də dini məqsədlər durmamışdır. Bu proseslərin gerçək hərəkətvericisi kənardan verilmiş impulsiv komandalardır: və onun top-menecerlərinin yeganə amacı Qafqazı Avrasiya geo-məkanından qopararaq, Avroatlantik məkana transfer etməkdir. Bu işlər indiyədək müxtəlif formatlara salınaraq davam etdirilir. Sual doğur: belə halda Qafqaz xalqları arasında Böyük Sülhə yol açamaq nə dərəcədə mümkündür?..

Mən Qafqazı Böyük Sülhə aparan yollardan birini gerçək tarixi həqiqətləri öyrənib bilməkdə görürəm, bu isə diletantların deyil, həqiqi ziyalıların işidir. Odur ki, akademik qələtlərə son qoyaraq, bütün sülhpərvər qüvvələrin birgə səyilə təcili olaraq saxta tarixçiliyin «paralel tarix quruculuğu” təcrübələrini elmin faktoral analizlər metodu ilə aradan qaldırmağın tərəfdarıyam.

Əvvəla, tarixə düzgün yanaşma prinsiplərimi irəli sürmək istəyirəm: mənim fikrimcə, ümumbəşəri hesab etdiyimiz Tarix, sözün həqiqi mənasında, İnsanlığın tarixidir. «İnsan” anlayışı isə heç də kiminsə hansı dinə və ya xalqa məxsusluğu deyil, ilk növbədə, kimin hansı ümumbəşəri sifətlərə malik olması deməkdir. Bir millətə və ya dinə mənsub olmaq hələ heç də İnsan olmaq anlamını vermir. Bəşəriyyəti II Cahan müharibəsinə düçar edərək, 50 milyon insanı məhvə sürükləmiş Adolf Hitlerin həm milləti, həm də dini vardı, amma İnsanlığı yox idi. Bu mənada, xalqları bir-birinə qarşı qoymaq, başqalarının haqqını tapdamaq, günahsız insanları öldürmək və talançılıq heç vaxt İnsanlıq sayılmayıb və bundan sonra da sayılmayacaq. İkinci prinsipim isə, kimin şəxsən ümumbəşəri dəyərlərə nəyi əlavə etməsi, dünyaya hansı mədəni-hümanitar və ya elmi-texnoloji nailiyyətləri gətirməsindən ibarətdir.

Dünya bir evdir: bəşəriyyət isə o evdə canlı aləmin yeganə şüurlu üzvüdür. XXI əsrdə oturaq sivilizasiyalara qarşı keçmiş barbar-köçəri tayfaların yəğmaçı baxışları ilə hücum çəkmək, əlbəttə, İnsanlıq hesab edilə bilməz. Şirvan Azərbaycanı üzərinə Monqolların, Qara və Ağ tatarların talançı tarixi yürüşləri xalqımızın başına necə müsibətlər açmışdırsa, bunun bəlalarından hələ də qurtulmamışıq… Mənim tarixi romanlarımda bu keçmişin acı səhnələri geniş təsvir edilmişdir.

İndiki çağın əsas mülki hüququ kimin harda, hansı ölkədə istəyirsə azadca mənzil alıb yaşamaq və vətəndaş olmaq haqqına söykənir. Nə qədər acı etiraf olsa da, çağdaş dünyamızda öz səadətini başqalarının haqq və hüquqlarını pozmaqla qurmaq istəyənlərin sayı həndəsi silsilə ilə artmaqda davam edir. Mən bunun yeganə səbəbini elmi-tenoloji biliklər və mədəni nailiyyətlər sahəsində şəxsi planda böyük uğurlar qazana bilməyənlərin ümumən bəşəriyyətdən intiqam almaq kimi heyvani istəklərində görürəm. Bu savadsız və nadan güruhlar tərəqqidən nə qədər geri qalırlarsa, bir o qədər də daha aqressiv olur, başqalarını bir-birinə düşmən etməyə və bu dünyada permanent Xaos və əbədi Münaqişələr yaratmağa can atırlar. Sözün böyük mənasında İNSAN (-M.Qorki) olanların vəzifəsi qaragüruhların deyil, İnsanlığın tərəfində durmaqdır!..

İndi isə əsas fikirlərimə qayıdıram: mən öz qıpçaq soy kokum etibarilə «ATABƏYLİ”-yəm. Kürdəmirin Sığırlı kəndinin Atabəyli obasında doğulmuşam. Məxsus olduğum etnik kök tarixən şaxələnərək, həm dini, həm də milli planda müxtəlifliklərə bölünmüşdür. Çağdaş dünyamızda elə bir xalq yoxdur ki, onun arasında qədim Qıpçaq xalqının üzvləri olmasın. Odur ki, Qafqazı Böyük Sülhə aparan yolda öz nəslimin gerçək tarixindən bəzi həqiqətləri yazıya almışam. Oxucuya təqdim edilən bu məqalə indiyədək oxuculardan gizlədilmiş fakt və düşüncələrimin bir hissəsidir.

Qafqaz xalqlarının şanlı tarixində mühüm rol oynamış kübar qıpçaq nəsillərdən biri də Atabəylər olmuşdur. Bunu kimsə inkar edə bilməz. Hərb və Dövlətçilik sahəsində böyük sərkərdələr və intibahçı padşahlar kimi tarixə düşmüş bu nəslin Qafqazda dinlər sahəsində də böyük tolerantlıq fəaliyyətləri olub: məhz bu fakt indiyədək qardaş xalqlar arasında dərin düşmənçilik toxumları səpmiş psevdo-ziyalılar tərəfindən tarix səhifələrindən silinib, insanlardan ciddi-cəhdlə gizlədilmişdir. Bu tarixi xəyanətkarlığın icraçılarının adını dilə gətirməyəcəyəm: onları erməni və müsəlmanların hər ikisinin sülhpərvər maarifçi üzvləri çox gözəl tanıyırlar. Bu gün Atabəylərin həmin tarixini restavrasiya edərək Qafqaza qaytarmaq ən vacib məsələlərdən biridir. Çünki bu bir Tarixdir: həm də anti-avrasiyaçı geosiyasi qüvvələr tərəfindən bir-birinə qarşı qoyulmuş qardaş xalqları Birləşdirən bir tarixdir!..

Bu, mühüm tarixi faktlardan biri Atabəylərin qıpçaq nəslinin həm Xristian, həm də Müsəlman keçmişə malik olmasıdır. Şirvan Azərbaycanında (çağdaş Azərbaycan Respublikası) «azərbaycan atabəyləri” kimi qələmə verilmiş bu nəslin «Müsəlman tarixi” Sovet İttifaqı Qəhrəmanı, görkəmli akademik mərhum Ziya Bünyadov tərəfindən müəyyən qədər araşdırılmış, ötən əsrin 70-80-ci illərində «Azərbaycan Atabəylər dövləti” adlı kitab şəklində nəşr edilmişdir. Lakin Ziya müəllim mövzunu yarımçıq saxlamış, atabəylər nəslinin yalnız bir «Azərbaycan və ya müsəlman faktoru” deyil, eyni zamanda bir «Xristian- Erməni, Gürcü və Rus faktoru” da olduğunu diqqətdən yayındırmışdır.

Bu məqalə məhz qardaş Qafqaz xalqlarının arasında yenidən Sülh və Birlik yaratmaq məqsədilə həmin məsələlərə aydınlıq gətirmək üçün nəzərdə tutulmuşdur.

Xristian Atabəylər dövləti məsihi xalqlar arasında daha çox «Atabəy yurdu” kimi tanınmışdır. Qafqazın gürcü və erməni xalqları bu dövləti «sa-Atabaqo” (-Atabəy Yurdu) kimi çağırmışlar. Mən paytaxtı Artvin olmaqla, 1268-ci ildən 1663-cü ilədək, təxminən dörd əsr sürmüş bu dövlətin siyasi xəritəsini sizə təqdim edirəm: bu dövlət tarixdə Axıska-Ərdahan-Artvin və Oltuda qurulmuş Xristian Atabəylər Hökuməti kimi tanınmışdır. Görkəmli türkoloq, XX əsr ABŞ Kolumbiya Universitetinin professoru Zəki Vəlidi Toğan həmin məsələ ilə əlaqədar yazmışdı: «Orta əsrlərdə Orta Kürün güeyində yerləşən və xristianlığı qəbul edən Qıpçaqlar, daha sonra 1208-ci ildə bir qüvvətli otruraq qövm olaraq, kənd və qəsəbələrdə yaşadılar. Anının şərqində Alagöz Dağının ətəyində onların (ermənidilli mənbələrdə «Qıpçaq monastırı” anlamını verən)” Qıpçaq-avanqadlı monastırı vardı. Elxani hökmdarı Abaka xanın zamanında (1265-1282) Axıska bölgəsində səhnəyə çıxan Xristian Türk Çıldır Atabəyləri ilə bu Qıpçaqların isamlaşması başladı…”

Xristian Atabəylər dövlətinin dörd əsrdən artıq tarixi ərzində hakimiyyət sürmüş hökmdarların siyahısı belədir:

1. Caklı Sargis. (1268-1285);

2. I Boka, Sargisin oğlu. (1285-1308);

3. II Sargis, I Bokanın oğlu. (1268-1285);

4. I Qorqora, II Sargisin oğlu. (1334-1361);

5. II Boka, I Qorqoranın oğlu. (1361-1391);

6. İvane, II Bokanın oğlu. (1391-1444);

7. Akbuğra, İvanenin oğlu. (1444-1451);

8. II Qorqora, II Bokanın oğlu. (1451-1466);

9. Bahadur, II Qorqoranın oğlu. (1466-1475);

10. Manuçöhr, II Qorqoranın oğlu. (1475-1487);

11. III Qorqora, Akbuğranın oğlu. (1487-1498);

12. I Keyxosrov, II Qorqoranın oğlu. (III Qorqoranın oğlu);

13. Mirzə Çabuk, Keyxosrovun oğlu. (1500-1516);

14. IV Qorqora, Keyxosrovun oğlu. (1516-1545);

15. II Keyxosrov, IV Qorqoranın oğlu. (1545-1573);

16. V Qorqora, II Keyxosrovun oğlu. (1573-1578);

17. II Manuçöhr (-Mustafa Paşa), II Keyxosrovun oğlu. (1578-1582);

18. III Manuçöhr, II Manuçöhrin oğlu. (1614-1625);

19. III Baka (-Səfər Paşa), II Manuçöhrin oğlu. (1625-1652);

20. I Yusif Paşa, Səfər Paşanın oğlu. (1635-1647);

21. Rüstəm Paşa, Ömər Paşanın oğlu. (1647-1663…

İzah verim ki, bəzi tarixçılər müəyyən siyasi asılılıqları nəzərə alaraq, II Keyxosrovun oğlu V Qorqoradan (1573-1578) sonra, paytaxtı Artvin olan «Atabək Yurdu” xristian Qıpçaq dövlətinin öz varlığını başa vurmuş hesab edirlər. Onu yalnız Osmanlı dövləti daxilində bir bəylərbəylik kimi qəbul etməyi daha düzgün sayırlar. Məncə, bu məsələ ciddi araşdırma mövzusudur və hələ xeyli mübahisəlidir…

(Ardı var)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •