«Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün»: HƏMDƏM Ağayev

Vətən müharibəsinin Şəhidi, polkovnik-leytenant Ağayev Həmdəm Mayıl oğlu 1975-ci il sentyabrın 9-da Ağdərə (Ağdam) rayonunun Sırxavənd kəndində anadan olub.

1993-1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə savaşıb. 1994-cü ilin mayı ayında Atəşkəs elan olunduqdan sonra daha bir il xidmət edən Həmdəm Ağayev 1995 — ci ildə döyüşdə və xidmətdə fərqləndiyinə görə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə hərbi təhsil almaq üçün göndərilir. Həmin il məktəbə daxil olur və 1999-cu ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit kimi xidmətinə davam etməyə başlayır.

Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilib. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Həmdəm Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Həmdəm Ağayev oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. III Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdəm Ağayev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texniкasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdəm Ağayev ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Həmdəm Ağayev ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edildi.

Ailəli idi. Ziya adında oğlu, Aysu və Aysun adından isə qızları var idi.

ALLAH RƏHMƏT ELƏSİN!

RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN!

Leyla Həsənova

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •