POEZİYA çələngi: KİMİSƏ YORMADIM Kİ?

ELBARİZ Məmmədli

…Gəlin ürəklərimizi aparıb
isti paltar kimi geydirək,
Vətən sevdalıların əyninə…

KİMİSƏ YORMADIM Kİ?

Eh, bu nə cür yaşantı,
Fərqinə varmadım ki.
Qırılan yollar üstə,
Sınan ümidlərimi,
Dönüb axtarmadım ki.

Arzuma əl dəymədi,
Kimsə məni öymədi,
Mən umduğum sevinclər,
Heç, qapımı döymədi,
Sinəmi yarmadım ki.

Çox dolaşdı gözümdə,
Dünya daşdı gözümdə,
Qəmi içim yaşadı,
Yaş dolaşdı gözümdə,
Əlimi vurmadım ki.

Haqq uman dilənçiyəm,
Bilməm kiməm, nəçiyəm,
Könlümü verdim sözə,
İllərdi pinəçiyəm,
Kimisə yormadım ki?

Tutdum uzaqda şəri,
Sevmədim kölgələri,
Elə bircə yoldayam,
O yandan üzü bəri,
Heç vaxt qızarmadım ki.

************

Küləklər didir Bakını,
dəlik-deşik pəncərələrdə
fitini çala-çala ,
öz kefindədi.
Hansı kasıbınsa üşüyən canı,
indi bu küləyin hədəfindədi.
Yəqin ki, komalardan
asılan bayraqlar da üşüyür,
o bayrağı sevə-sevə ölümə yürüyən
uşaqlar da üşüyür
və bu əzabı duya-duya biz də üşüyürük,
ürəyimiz də üşüyür,
balkonlardan küləyin üsyanına dikilmiş
gözlərimiz də üşüyür,
şeir yazmaq xətrinə sıraya düzdüyümüz
sözlərimiz də üşüyür,
yalın komaların can əzabına.
İçini söykəyib xəyallarına
yəqin şirin-şirin yuxu yatırlar,
soyuq adamlar,
tamahı ağlından duyuq adamlar.
Yuxularında cənnət kimi bağlar görürlər,
üstündə kabab yeyilən bulaqlar görürlər,
itburnu kolu kimi,
çiçəyə bürünmüş dağlar görürlər.
Amma o dağı,
o bağı,
o bulağı
sevmək üçün qorumaq gərəkdi,

kasıb komaları başından bayraq asan kimi,
kasıb balaları tarix yazan kimi,
-o yurda canını verməlisən ,
aldığının yox,
verdiyinin barını dərməlisən…
Küləklər didir Bakını,
torpağın narahat uzaqlarında
dondurur əsgər mundirini
dağların qar ayazı,
üşüyür əlləri alovdan yenicə çıxmış
Qurdların,
O dağın o tərəfindəki
yağı gəlməsə də eyninə.
Gəlin ürəklərimizi aparıb
isti paltar kimi geydirək,
Vətən sevdalıların əyninə…

Bu xəbəri paylaşın: