Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 60 yaşı tamam oldu

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun doğum günüdür.

Fedai.az xəbər verir ki, Vasif Talıbovun 60 yaşı tamam oldu.


Qeyd edək ki, Vasif Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. O, 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 

Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlayıb, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışıb. 

Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici- iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində işləyib. 

V.Talıbov Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak edib. 1995-ci il aprelin 8-də keçirilən konfransında YAP Naxçıvan Muxtar Respublika təşkilatının sədri seçilib. 

Vasif Talıbov, həmçinin Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və «Naxçıvan abidələri» ensiklopediyasının redaksiya heyətinin sədridir. Naxçıvan Dövlət Universitetinin, Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin və Batumi Dövlət Universitetinin fəxri doktorudur. 

Azərbaycan Respublikası I-IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I-IV çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif edilib. 

16 dekabr 1995-ci ildən bu günədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. 

Təbrik: 60 illik Yubiley münasibətiylə, Vasif Talıbovu, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev başda olmaqla, 68 minlik veteranlar ordusu adından təbrik edir, uzun ömür və cansağlığı arzulayırıq.

Orxan Orucov

AVMVİB üzvü

Bu xəbəri paylaşın: