
XAQANİ ƏDƏBOĞLU
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Mətbuat Xidmətinin rəhbəri
Bir türk araşdırmaçının aylar öncə «Bu bir qram virus» adlı bir parodiyasını dinləyib bu yazını yazmaq istədim. Lakin sonra cızma-qara kimi bir kənara atdım. Amma bu virusun bizdən əl çəkmədiyini görüb, yazmaq qərarına gəldim.
Türk yazar deyir: «…Sizcə dünya üzərində varlığı var sayılan korona neçə qramdır, yaxud da kilodur sorsam, bilərsinizmi? Toplam koronavirusun bütün dünyada çəkisi cəmi 1 qramdır. Bu 1 qram virus tam 420 milyon ton insanı evə qapatdı. Bir qram virus ozon təbəqəsini bərpa etdi. 1 qram virus 1 milyard ton nefti ambarlarda saxlatdı. 1 qram virus 20 trilyon qaynağın tükənməsinə səbəb oldu. 1 qram virus 45 dənə savaşı durdurdu. 1 qram virus 100 milyon insanı işsiz buraxdı. 1 qram virus üzündən 100 minlərlə şirkət iflasa uğradı. 1 qram virus dünya üzərində atmosferdəki kirliliyin 75 faizini təmizlədi. 1 qram virus tələb və təklifi ən aşağı səviyyəyə saldı. 1 qram virus ölkələrin qapılarını qapatdı, ölkələrin gündəmini dəyişdirdi. 1 qram virus sayəsində dünya birjaları alt-üst oldu. 1 qram virus nəqliyyat tıxaclarını yox etdi. 1 qram virus insan təmasını sonlandırdı. Buna qarşılıq suya, sabuna toxunmağı maksimuma qaldırdı. 1 qram virus 2 milyard öyrəncini dünyada tətil etdirdi. Bütün texologiyaları alt-üst etdi, bu 1 qram virus. Milyardlarca insanın ağzına yaşmaq vurdurdu. Bütün insanları bərabər duruma gətirdi, 1 qram virus. 1 qram virus dünyanı sarsıtdı, insanlığı çaşqına çevirdi. Amma bu 1 qramlıq virus, bizi bircə qram da ağıllandırmadı»…
Sadəcə bu deyil. Biz yenə «bura Azərbaycandır» dedik. Bizim öz sıralarımızda elə qorxunc viruslar var ki, COVİD-19 bunları görsə, qaçar, deyə düşündük. Allah bir məmləkətə eyni vaxtda «çoxlu bəla göndərməz», deyiminə inandıq. Çünki İblis bunları görəndə salavat çevirib imana gəlmişdi. Amma şeytana atmağa daş satanlar, koronavirusa da dərman satdılar. İndi şeytanlar mələklərə daş atırlar. Bu 1 qram virus dünynaın növbəti Nuh tufanı olsa da, saxtakar vaizlər çağırışlarını geri oxudular. Artıq 7-ci növ koronavirus bizimlə həmdərd olmağa gəlir. Heyvanlardan insanlara köç edirdi. Orqanizminin 90-99%-i viruslardan ibarət olan bir varlığın virusdan qorxması bir sosial sifarişdir. «Xoş gəldin yerinə» deyib, bu çağı adlamaq zorundayıq.
Daha heç nə dünənki kimi olmayacaq. Daha heç kim dünənki kimi yaşaya bilməyəcək. Tərəqqiyə can atan millətlər yaşayacaq. Atmayanlar elə Nuh tufanındakı kimi məhv olacaqlar. Elmlə gələcəyə can atanlar Nuhun gəmisinə, yalnız heyvani hisslərə malik, var -dövlət və qarın düşkünləri isə dibsiz sularda qərq olacaqlar. Sığınmağa dağlar, gizlənməyə künc-bucaq tapılmayacaq. Bu gün 1 qram virusun qorxusuyla şeytana daş atmağa getməyənlərin saxta bir «əskinas» olduğunu Allah aləmlərə görk elədi. Tanrısı dollar, məbədi banklar və kahinləri bankirlər olan bəşəriyyətin mükəmməl saydığı kapitalizm 1 qram virusun cəngində çökdü. Bəs bu virus, 2-3 qram olsaydı, nə edərdik?
Bu bir qram virusla biz nələr yaşadıq? Bu 1 qram virus dirini hörmətsiz, ölünü urvatsız elədi. Qeyri xalqlar bu virusa vaksin aradılar, biz isə Oqtay Şirəliyevi axtarmaqla məşğul olduq. Həm də dünyada analoqu olmayan Elmlər Akademiyası «koronavirus» sözünün bitişik yazılmasını «tapdı». Bəzi mirzələrimiz bu sözü təhqiramiz şəkildə ayrı yazırdılar. Millətlər bir-birinə yardıma qaçanda, bizim məmurlar yoxsul zərərdidələrə göndərilən yardımları oğurlayıb satmaq planları cızırdılar. Hələ əsgərə göndərilən payları oğurlayıb bazar boyu satdıran məmur-başçıların urvatından danışmıram. İcra başçıları maskalılardan qorxurdu deyə, hamımız maska taxdıq. İndi-indi maskaya öyrəşiblər. Yoxsa ÜST əvvəldən etiraf etmişdi ki, maska heç də qoruma vasitəsi deyil. Çünki istənilən maskanın bircə məsaməsindən eyni vaxtda 800 min virus sərbəst surətdə keçə bilər. Amma boşuna açılan ağızların bağlanması yaxşı oldu. Beyinlərimiz dincəldi. Bəziləri dərəni boş görüb Qurd kimi ulamağa çalışırdılar və hətta köpək olduqlarını belə unutmuşdular. Amma virus hər şeyi yerbəyer elədi. Qoyunu qoyun ayağından, keçini keçi ayağından asdılar. Hərə öz yerində öz səsiylə qorunmağa çalışdı.
Bu 1 qram virusun nə qədəri bizim payımıza düşdüyünü dəqiq deyə bilmərəm. Amma ölkəmizin payına təxminlərə və orta hesabla 0,0014 qram virus düşür. Yəni bizi əsir edən virusun çəkisi bu qədərdir. Bu 0,0014 qramlıq virusa görə, evdə arvad, işdə hökumət, bayırda da polis durmağa imkan vermir. Biri tənə, biri töhmət, biri də cərimə yağdırır. Hərə özünə bir minnət payı umur. Evdən çıxanda arvad deyir ki, koronavirusdan ölsən, bu evə gəlmə. İş yerində deyirlər, asqırıb öskürürsənsə, işə gəlmə. Polis də deyir ki, cibində pulun yoxdursa, öl evində, bayırda nə azarın var. Adamı lümbəlüt aparırlar. Onsuz da Azəbaycan insanına Azərbaycan həkimi dəyişməz bir diaqnoz qoyub: «100 il də qalsan öləcəksən». Ha bu gün, ha yarın. Nəticə ki, eynidir. Yəni koronavirusa yoluxub yoluxmamanın elə bir əhəmiyyəti yoxdu. Əvvəl — axır onsuz da öləcəksən. Ağıllı, yaxud da axmaqlar üçün heç kim ölmək günü müəyyənləşdirmədiyindən öləcəyiniz günün dərdini çəkməyin. Nə fərq edər? Diriyə baxmayın, bizdə ölünün sahibi çox olur.
Amma bu virus, həm də insanlıq xatirələrini xatırlamaq və düşünmək üçün bol-bol zaman deməkdi. Düşünməyi sabaha saxlamayın ki, sabah olmaya da bilər. Bir qurtum çayın ümüdünə qalmış molla, aşsız bir məclisdə hay-həşir salmışdı ki, Allah bizdən üz çevirib. Amma binəva hələ də anlamırdı ki, bəndə Allahdan üz çevirib. Allah əbədidir, hər yerdədir. Onun üçün səmt yoxdur ki, bəndəsindən üz çevirə? Üzü üstə rüküyə gedib qəlbində «şeytana papış tikməklə» mömin olmaq olmaz. Allah əməlləri sorğular. Gedənə atılan qara bir daşıq, gələnə abtafa. Bizi bu yazıq virus necə dəyişsin? 1 qramlıq virus göstərdi ki, nə təsbeh, nə abtafa, nə də qeyri şeylər kara gəlməz. Haram deyilən spirt də dəstəmazda işə yaramaz. Çünki mayasına haram qatılmış bir ölkənin havasını, suyunu, çörəyini dəstəmaz, yaxud qüsl eləməsən özünə əziyyət vermə. Yıx günahı koronavirusun belinə.
Çox düşünüb anladım ki, məncə bu adamları eyni palçıqdan yaratmayıblar. Deyəsən, haramxorların palçığının kübrəsi (azotu-deyirəm, pis başa düşsəniz də olar) bir qədər artıq olub. Normal insanda orqanizmin 3%-ni azot təşkil edirsə, yəqin haramxorlarda bu 20-30% təşkil edir. Əlbəttə, bu bir atmacadır. Buna varlıq dözməz. Lap fosfor bombası kimi partlayar. Dünyada hər gün aclıqdan 18 min adam ölür, COVİD-19-dan isə 6-7 min. Hamı bu koronavirusa vaksin axtarırkən, kimsə aclığın hamı bilən «vaksininin» üstünə gəlmir. Yəqin ona görə həkimlər deyirlər, biz həkimik, siyasətçi deyilik ki, koronavirusun bitmə tarixini bilək.
2020-ci il bir virusla hələ də uğraşsaq da, digər bir virusun «vaksinini» tapdıq: «İti qovan». Müqəddəs Silaha, müqəddəs Bayrağa və müqəddəs Torpağa eşq olsun! Şanlı Zəfərə imza atan əsgərə eşq olsun! Tarix yazan və dastanlaşan şanlı orduya və Komandana salam olsun!
Bu 1 qramlıq virus qorxusunu heçə döndərən, ürək yerinə, köksündə alov daşıyan qəhrəmanlara salam olsun! Bizi düşmən qarşısında müzəffər xalq edən mələk simalı şəhidlərimizə salam olsun! Unutmayın ki, bir şəhid anasının bir damla göz yaşı bu 1 qram virusun əsir aldığı dünyanın özündən ağırdır. Qazini xəstə çarpayısınadək, şəhidi məzar daşı qoyulanadək sevməyin. Bu Vətən onların canı və qanı bahasına var olub və var olacaqdır. Amma burada da bir iz qoyduq. Vətənin barını dərənlər ortada olmadılar və bu gün ortaya çıxıb qazinin, şəhid ailəsinin problemlərinin çox olmasından narahatlıq keçirirlər. O kiçik komalardan Aslanlar çıxdılar, «cansa can, qansa qan» dedilər, bir daha dönməmək üzrə çıxıb getdilər və nə yazıq ki, quş ürəkli qaranquşlar isə bir də geri dönmək üçün dəstəylə uçub harayasa getdilər. Necə deyərlər, pulun varsa, ver, canın sağ olsun, pulun yoxsa, canını ver, Vətən sağ olsun!
Amma satan sağ olunca ,Vətən sağ olmaz! Əgər Vətən, ona xəyanət edən ət torbalarına bənzər zənginlərin səfa sürdüyü, fağırların öldüyü yerdirsə, Vətən sağ olmaz! Bunu demişdim və bir də deyirəm.
Bircə məmur övladını əsgər apara bilməyən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işçilərini nədən mükafatlandırıldığını hələ də anlamış deyiləm. Yadıma bir xəstə ananın şəhid olan yetim böyütdüyü tək oğlu və həyatdakı yeganə ümidi olan oğlu düşür. Amma xaricdə kef sürüb savaşın bitməsini gözləyən məmur balaları kimsənin yadına düşmür. Bəlkə onlara da mükafatlar verək?..
Həqiqətən, bu 1 qram virus dünənlərimizin üstündən xətt çəkdi. Kimsə düşünürsə, gələn sabah dünənin davamıdır, yanılır. Köhnə dünya bitdi. Dünya yeni bir çarpışma dövrünə girdi. Zəkalı millətlər, beyniylə düşünən xalqlar yaşayacaq. Daha demoqrafik saylar, dövlətin və millətlərin bir güc qaynağı kimi hesablanmayacaq. Bu gün facebook adlı bir «dövlətin» «əhalisinin» sayı 2 milyarddan çoxdur.
Bu 1 qramlıq virusa fikir verməyin. Çax-çuxunuzu edin. Pulunuzu qoruyun, can gəldi gedərdi. Bir can ki, 1 qramlıq virusa dözməyə, nəyinizə lazımdı…
