ABŞ Azərbaycana təhlükəsizlik sahəsində yardıma yenidən baxa bilər.
Bu sözləri ABŞ Dövlət katibi vəzifəsinə namizəd Entoni Blinken deyib. O, ehtiyac yaranacağı təqdirdə administrasiyanın Azərbaycanın 907-ci düzəlişin tələblərindən azad edilməsini dayandırmağa hazır olduğunu vurğulayıb.
Blinken, həmçinin Ermənistana təhlükəsizliyin dəstəklənməsi və humanitar böhranın öhdəsindən gəlinməsi üçün maliyyə yardımı göstərilməsini dəstəklədiyini bildirib.
O, ABŞ-ın Qarabağ məsələsinin “yekun həlli” niyyətində olduğunu da açıqlayıb.
Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendesin ABŞ-ın ATƏT-in Minsk qrupu prosesindəki iştirakı ilə bağlı sualına cavab olaraq, Blinken “prezident dedi ki, Amerika Birləşmiş Ştatları avropalı müttəfiqləri ilə işləyərək münaqişəyə davamlı həll yolu tapmaq üçün diplomatik səylərə rəhbərlik etməli və əzablara son qoymaq üçün beynəlxalq humanitar yardım göstərməlidir. Təsdiqlənərsə, ABŞ-ın Dağlıq Qarabağın təhlükəsizliyini qoruyan və müharibənin yenidən başlamasının qarşısını alan axtarışını gücləndirəcəyəm. Buraya ABŞ-ın həmsədri olduğu Minsk qrupu vasitəsilə əlaqələrimizi gücləndirmək və üçüncü şəxslərin bundan sonrakı müdaxiləsinin qarşısını almaq üçün əlavə diplomatik işlər də daxildir” sözlərini deyib.
Qeyd edək ki, Bayden administrasiyasının Azərbaycana münasibətdə ədalətli olmayacağı haqda bir müddət əvvəldən ehtimallar səsləndirilirdi.
