Ötən şənbə günü Rusiyada on minlərlə insan Prezident Vladimir Putinin əleyhinə son illərin ən irimiqyaslı kütləvi etiraz aksiyasını keçiriblər.
Aksiya iştirakçıları çoxsaylı polis qüvvələrinə baxmayaraq Rusiya şəhərlərinin küçələrinə çıxaraq müxalifət lideri Aleksey Navalnıya dəstək nümayiş etdiriblər.
O, keçən il öldürücü sinir-iflic zəhəri hücumuna məruz qaldıqdan sonra təcili Almaniyaya aparılıb və orada beş ay ərzində müalicə olunduqdan sonra yanvarın 17-də Rusiyaya qayıdıb və Moskvanın Şeremetyevo aeroportunda dərhal həbs olunub.
Müşahidəçilərə görə, Rusiya boyu onlarla şəhərdə keçirilmiş etiraz aksiyalarında 3000-dən çox adam həbs olunub.
Reuters-in təxminlərinə görə, təkcə Moskvada etiraz aksiyasında iştirak edənlərin sayı 40000 civarında olub, lakin rəsmilər etirazçıların sayının bu rəqəmdən 10 dəfə az olduğunu bildiriblər.
Xüsusi təyinatlı polis qüvvələri bəzi etirazçıları döyərək sürüyüb aparıblar. ABŞ və İngiltərə etirazçılara qarşı aşırı güc tətbiq olunmasını pisləyərək dinc nümayişçilərin sərbəst buraxılmasına çağırış ediblər.
Aİ xarici siyasətinin başçısı Josep Borrell də narahatlığını bildirərək bu məsələ ilə bağlı «növbəti addımların» bazar ertəsi günü müzakirə ediləcəyini söyləyib.
Rusiyanın müstəqil OVD Info nəşri təkcə Moskvada 1200-dən çox adamın polis tərəfindən saxlandığını bildirib.
Rusiyanın Uzaq Şərqindən tutmuş Sankt-Peterburqa qədər keçirilən nümayişlər son illərin ən böyük etiraz aksiyaları sırasında yer alıb.
Omsk şəhərində şənbə günü -30C dərəcə şaxtalı havaya baxmayaraq insanlar Navalnını dəstəkləmək üçün etiraz aksiyasında iştirak ediblər.
Sibir bölgəsinin Yakutsk şəhərində isə şaxtalı havanın temperaturu -52C dərəcə olub.
Hüquqşünas və bloqer Aleksey Navalnı Rusiya hakim dairələrindəki korrupsiya ilə mübarizə aparan bir şəxs kimi nüfuz qazanıb və ölkə müxalifətinin ən görkəmli simasına çevrilib.
Navalnı və digər araşdırmaçı jurnalistlər onun zəhərlənməsində Rusiya rəsmilərini ittiham edirlər — rəsmilər bu iddianı rədd edirlər.
Polis bildirib ki, Aleksey Navalnı şərti cəzaçəkmə qaydalarını pozub və bu məsələyə məhkəmədə baxılanadək həbs altında saxlanılacaq.
Beynəlxalq ictimaiyyətin əksər hissəsi Navalnının həbsini pisləyir və dərhal sərbəst buraxılmasına çağırır.
Navalnı tərəfdarlarını küçə nümayişlərinə çıxmağa çağırıb. Onun komandası ötən həftə Prezident Putinə məxsus olduğu iddia edilən və Qara dəniz sahilində yerləşən təmtəraqlı saray haqqında araşdırma sənədli filmini sosial mediada yayımladıqdan sonra Navanıya dəstək göstərənlərin sayı daha da artıb.
Bu günədək 70 milyondan çox dəfə baxılmış bu filmdə iddia edildiyinə görə, həmin mülkün tikintisinə 1 milyard funt sterlinq (1,37 milyard dollar) pul xərclənib və «tarixdə ən böyük rüşvətlə» ödənilib, lakin Kreml sarayın prezidentə məxsus olduğunu inkar edir.
Rusiya rəsmiləri şənbə günü icazəsiz nümayişlərin «dərhal yatırılacağı» barədə əvvəlcədən xəbərdarlıq ediblər.
Polis tərəfindən nümayişlərin dağıdılması zamanı gücdən istifadə olunması nəticəsində bəzi iştirakçılar baş nahiyəsindən zədə alıblar.(BBC)









