Getmək istədiyimiz yol: İslahatmı, yoxsa ishal-atmı?

XAQANİ Ədəboğlu

Həqiqətən də vətəndaş Dövlətin cocuqlarıdı. Dövlət onlar üçün oyunlar uydurur, nağıllar danışır və bol-bol şirin vədlərlə başlarını aldadır. Amma bu nağılın heç zaman «göydən alması » düşməz…

Həqiqətən də vətəndaş Dövlətin cocuqlarıdı. Dövlət onlar üçün oyunlar uydurur, nağıllar danışır və bol-bol şirin vədlərlə başlarını aldadır. Amma bu nağılın heç zaman «göydən alması» düşməz…


Məsələn, sosial dövlətdən dəm vururuq, amma ölkədə uşaq pulu yoxdur və belə getsə pensiya da olmayacaq. Amma bu ölkənin sosial siyasətlə bağlı nazirliyi də var…


Bu ölkədə illərdr ki, islahatdan danışırıq. İslahat adı gələn kimi məmuriyyət hərəkətlənir. Öz yersiz qərarlarıyla aparılan xəttə kölgə salmağa çalışırlar. Bu məramı gözəl islahatı, xalqa qarın ağrısına, yəni ishal-ata çevirərlər.


Real işə gələndə hərənin bir qara dəftəri var, götürüb müdrük və ağıllı görkəm alaraq, gələrlər və Tanrının bizlərə görk kimi göndərdiyi bu məmurlar bilirsiniz nə təkliflər verirlər? Ya qiymətlərin qaldırılması, ya da yeni növ cərimələr. Köhnə nomenkulaturanın «uşaqlarını» Amerikada deyil, lap Marsda da oxutsan, öncə gördüyünə bənzəməlidir. Bir qorxaq oğluna qurd ürəyi yedirdir ki, oğlu qorxmaz olsun. Amma unudurdu ki, o, qorxmaz qurdun ürəyini yeyənədək, artıq onun öz qorxaq ürəyini «yeyib». Ona görə də xalq görülən işləri islahat deyil, ishal-at adlandırır. Sadəcə bir hərf yerdəyişməsi işimizi korlayır. Dünyagörüşümüz dəyişilməlidir. Əxlaqımız dəyişilməllidir. Milli özünüdərk dəyişilməlidir. Adi məişət hadisəsinə çevirdiyimiz korrupsiya insanımızın həyatından çıxarılmalıdır.

Qiyməti qaldırmaqla və ya cərimələri çoxaltmaqla cəmiyyət qurulmaz. Normal cəmiyyəti yüngül cərimələr, hətta vergilər və birinci sırada insan rifahının qoyulmasıyla qurmaq olar. Bu çətin bir prosesdir və bunu düşünmək üçün belə milyardlar oğurlamış məmuriyyətin zehniyyətində mütərəqqi fikirlərə yer qalmayıb. Beyindəki 10 milyard hüceyrənin 120 trilyona yaxın əlaqəsi var və bu 120 trilyon əlaqənin hamısını qamarlaya bildikləri şəxsi daşınar və daşınmaz əmlaklara həsr edirlər. Bunu kompüter terminologiyası ilə desək, insan beyninə 3-dən 1000 terabayta qədər məlumat yerləşə bilər. Nəzərə alaq ki, 900 illik tarixi qeyd olunmuş Britaniya Milli arxivi cəmi 70 terabayt həcmindədir. Amma bütün bu imkanları xalqın xeyrinə bircə terebayt sərf etməkdənsə, bu zehniyyət Britaniyada mülk almağı üstün tutar. Yəni Allahın verdiyi bu sonsuz imkanlar, ya bu adamlarda yoxdur, ya da bəlkə daha qorxunc səbəblər var. Özünüz bir düşünün. Mən illərcə düşünsəm də, başqa bir səbəb tapa bilmədim…


Prezident haqlı olaraq dilə gəldi. Tamahkar məmurların günbəgün artan iştahlarından danışmağa məcbur oldu. Dəmir yumruğun zamanı gəldi və daxildə bu yumruğun da Zəfərinə inanırıq.


Günbəgün borclanmaqda olan SOCAR, Dünya bazarında 1 bareli (159 litri) 59 dollar olan xam neftdən alınan benzinin, 1 litrini 1 manata satıb ziyan eləyir.

Üstəlik, bu zay keyfiyyətli İran və Qazaxstandan alınan benzini neçəyə aldığı bir dövlət «sirridir». Neft ölkəsinin özünün benzin istehsal edə bilməməsi ayıbından qaralmaq əvəzinə özünə göydələn ofis tikdirir.

Qonşu ölkələrin 100 dollara satdığı təyyarə biletini 500 dollara satan və Dövlətin aldığı təyyarələri dövlət dotasiyası ilə işlədən AZAL da ziyan eləyir.

Öncələr pulsuz verilən səmt qazını, indi də şişirdilmiş qiymətlərlə 1 kubu 3 qəpik olan qazı 11 qəpiyə satan Azərqaz da ziyan eləyir.

Maya dəyəri olmayan və su gəlməyən bir xəttdən qeyri, əlini ağdan-qaraya vurmayan Azərsu da köhnə su anbar və xətlərini istismar etməklə, göstərdiyi yarıtmaz xidmətlərə rəğmən ziyan eləyir.

Üstəlik, dövlət zəmanətiylə ən çox xarici borc alıb adı olub, özü olmayan kanalizasiya və su xəttlərinə «xərcləməsi» ilə məşhurdur. Qəşəng də bir binası var. ABŞ səfirliyində keyfiyyətsiz olduğuna görə, bu qurumun verdiyi su ilə heç çimmirlər də. Keyfiyyət yox, fasiləsiz su yox, yeni su mənbələri işə salınmayıbsa, bu qurum niyə ziyan etməlidir ki?

Avropada 1 km — i 1 — 2 milyon dollara çəkilən yolu, Azəravtoyol 3-5 milyon dollara çəkir və ili qurtarmamış təmirə başlayır və yenə ziyan eləyir.

Xatırlayırsınızsa, bizdə bir Kür daşqını oldu. 5-3 kəndi su basmışdı. Oraya Dövlətimiz 1 milyard manat (təxminən 1,3 mlrd dollar) vəsait ayırdı. Eyni vaxtda Pakistanın cənubunda 23 rayon və 40 minə yaxın kənd təbii fəlakətin təsirinə məruz qalmışdı, 400-ə yaxın insan həlak olmuşdu. Dəyən ziyanı ABŞ ekspertləri 780 milyon dollar hesablamışdı və çətinliklə də olsa Pakistan dövləti bunun öhdəsindən gəldi. Amma bizim FHN nə illah elədisə, hələ də ortada evinin düzəldiləcəyini gözləyən biçarələr var. FHN -i deyə bilmərəm, amma orada işləyənlərin və yaşayanların hamısı ziyan elədi.

Hələ bir Sosial nazirimiz var. Pensiyadan qənaət edirmiş. Səlim Müslümovdan qalma bir metoddur. O da əllillərin pulundan kəsib qənaət barədə prezidentə məruzə edirdi. O vaxt yazmışdım ki, pensiya elə şeydi ki, ondan qənaət mümkün deyil. Sahil Babayev isə yeni üsul tapıb. Kora əlillik vermir ki, qənaət eləsin. Topalın təqaüdünü kəsir ki, qənaət nağılı ilə prezidenti aldatsın. Ayaqsız adamın ayağını bitirmisiniz ki, pensiyasını kəsib, onun yolunu məhkəmələrə salırsınız? Bu qənaət deyil, elə bu da bir cür ziyandır.

Dünyada ziyanvericilərə münasibəti bilməyən varmı?


İllər öncə olmuş bir hadisəni köşə yazısında xatırlatmışdım: «Bir dostuma bir yaxını 2 baş qoyun bağışlayır. O, da şəhərdə qoyun saxlayası olmadığına görə, bir tanış qəssab dostuna deyir ki, bu qoyunları kəs, sat. Birinin pulu sənin zəhmət haqqın olsun, birinin də pulunu mənə verərsən. Bir ay keçsə də, qəssabdan xəbər çıxmır. Dostum qəssabı tapıb soruşur ki, bəs niyə qoyunun pulunu vermirsən?


Qəssab cavab verir ki, vallah ziyan elədim. Dostum hirslənir ki, ay it oğlu, it, qoyuna pul vermişdin ki, ziyan da edəsən? Gerisi məlum, təfərrüat»…


Gənc məmurlar da ümidləri doğrultmadılar. Sadəcə tamahlar yeniləndi. Qoca tamahkarı, cavan tamahkarla əvəzləmək nəyisə dəyişmir. Bu gün Azərbaycan xalqını saytlar təəccübləndirmək üçün məmur villalarından, milyardlarından yazmaqla dəridən-qabıqdan çıxırlar. Amma unudurlar ki, oliqarxın evdə kirayənişin olması, yaxud da maaşa baxması ilə xalqı təəcübləndirə bilərlər. O da münkünsüzdür. Çünki bu zehniyyət rüşvətə qazanc, oğurladıqları dövlət malına «çax-çux», məvacibə isə «çay pulu» deyirlər. Belə ikrah doğuran sahibkar və məmurlarla bağlı Yaponiyada bir təcrübə var. O şəxslərin müqəvvaları düzəldilir və işçi zəhləsi gedən başçıdan hirsini çıxmaq üçün bu müqəvvanı o ki, var döyəcləyir. İçində yığılmış hirsi və nifrəti tökür. Belə bir təcrübə etsək, bu müqəvvalrın başına nə gələcəyini düşünmək belə qorxuludur.

Özü də illərdir ki, «bu xalq düzələn deyil»-deyə təbliğat və təşviqat aparmaqdadırlar. Amma çağdaş dünya dəyişikliyə doğru hər kəsi zorlayacaq. Milyardlar deyil, dünya görüşü və elmi yüksək olanlar yaşaya biləcək. Yeni dövrün və dünyanın sakinlərinə çevriləcəklər. Düşünməyin ki, hamı elə oğrudur. Ona da çarə tapılacaq. Bu günlərdə İlon Maskın «Neuralink» startapı meymunun beyninə uğurla neyroimplant yerləşdirib. Bundan sonra üzərində təcrübə aparılan heyvan kompüter oyunları oynamağı bacarıb. Bunu Bloomberg-ə milyarderin özü danışıb. Milyarder qeyd edib ki, meymun öz ağlı ilə kompüter oyunları oynaya bilər. Maskın sözlərinə görə, meymun özünü yaxşı hiss edir və xoşbəxtdir. İlon Mask deyib ki, yaradılan sistem bir neçə çip yerləşdirilmiş heyvanla işləməyə imkan verir. O söz verib ki, təxminən bir ay sonra meymunların oyun oynamasını əks etdirən videonu paylaşacaq. Yəni biz bacarmasaq, nəfsinin köləsi olanların yerinə Maskdan əl borcu meymun kirayələmək olmazmı? Əgər qoca rüşvətxoru əvəz edən cavan daha ehtirasla rüşvətə qurşanırsa, vay bizim halımıza…


Tez-tez gənclərimizlə söhbətlərimiz olur. Deyə bilərəm ki, gənclərin böyük hissəsinin arzusu bu ölkəni tərk edib getməkdi. Bir çoxunun da arzusu yoxdu. Arzulamağa heç vaxtları olmayıb. Arzu dedim, Arzu Rəhimov yadıma düşdü. Zarafat deyil, bir ordu yığasan, içində bir oliqarx uşağı olmaya. Bu şəxsə marşal da versək yeri var.


Arzusu olmayan bir gəncliklə gedəcəyimiz müşkül bir sabah var. Bu gəncliyin ruhu savaşdakı kimi diri saxlanmalıdır. Amma nədənsə tam əksini görməkdəyik…

Bu xəbəri paylaşın: