POEZİYA ÇƏLƏNGİ: SEVƏNLƏR TANIR, DÜNYANI…

ELBARİZ MƏMMƏDLİ

Diksindirdi şəstin məni,
Silkələdi «qəsd»in məni,
Yaxşı yerdən kəsdin, məni,
Eşq olsun, şamanın oğlu.

SEVƏNLƏR TANIR, DÜNYANI

Sevənlər tanır dünyanı,
Tanır öz yuvası kimi.
Yaşayır lap, dərdini də,
Könlünün havası kimi.

Baş çəkəcək bilir, nələr,
Sevdalısı pərvanələr,
İçində duyğusu mələr,
Bir dərviş röyası kimi.

Eşq olan bəla gətirir,
Salır min hala, gətirir,
Yaxşı ki, yola gətirir,-
Duyğunu laylası kimi.

Haqq ki, var, şirin yuxudu,
Bütün sevənlər oxudu,
Arzuları dərd toxudu,
Bir ömür davası kimi.

Çoxları şir gözlü imiş,
Sirli imiş, gizli imiş,
Varlığı tərs üzlü imiş,
Medalın arxası kimi.

Yollar yol kimi saxlanıb,
Buzlaqlar da ocaqlanıb,
Dünya sevənlə ağlanıb,
Milyonların yası kimi.

EŞQ

Eşq ki, var könül yüküdü,
Tanrı verən can duası.
Aşiqin axır nəfəsi,
Son ümidin son duası.

Haqq olanın haqda əli,
Odunda əridər ləli,
İçində eşqin heykəli,
Dilində ürfan duası.

Duyğuları tən-tən olur,
Əli göyə yetən olur,
Haqq olanda Vətən olur,
Milyonların qan duası.

Torpaq eşqin gərək ömrü,
Bütövlüyün dilək ömrü,
Şəhidlərin mələk ömrü,
Var olanın şan duası.

Dağ əridən pəncəsidi,
Eşq Türkün ruh incisidi,
Yolunda birincisidi,
Bitməyən Şaman duası.

EŞQ OLSUN, ŞAMANIN OĞLU

Qarabağdakı son savaşımızdan təxminən il yarım əvvəl Bakıdakı restoranlardan birində Saxadan gəlmiş qonaqların olduğunu eşitdim. Tərəddüd etmədən onlara yaxınlaşdım və: «Vətəninizə xoş gəldiniz», — deyə onları salamladım. Xeyli söhbətləşdik. Başqalarının qonağı olduqları üçün sağollaşıb ayrılanda qonaqlardan biri, mənə içi ovulmuş balaca çubuq parçasına xüsusi zövqlə qotaz şəklində bərkidilmiş at quyruğunu bağışladı. Dedi ki, bu, Sizi nəzərdən qoruyacaq. Doğrusu, əvvəlcə bunu şamanlığın bir simgəsi kimi qəbul etdim. Bu günlərdə həmin hədiyyə evdə təsadüfən gözümə sataşdı. Götürüb diqqətlə nəzərdən keçirdim. Əslində şaman qardaşım mənə qamçı vermişdi və bəlkə də atları yəhərləməyin vaxtı olduğunu anlatmağa çalışmışdı…

Mən səni indi anladım,
Anladım, Saxanın oğlu.
Öz qanına uzaqlardan ,
Həsrətlə baxanın oğlu.

At türklüyün muradıdı,
Savaşlarda qanadıdı,
Tarixin şərəf adıdı,
Bu ruha sığanın oğlu.

Göydən tutub yapıncını,
Daşda ovub quluncunu,
İldırımın qılıncını,
Belinə taxanın oğlu.

Qızsa gözünü qan tutan,
Namərdinə divan tutan,
Dəmini yovşandan tutan,
Xan oğlu Xaqanın oğlu.

Min ildi pəpən-pərənik,
Min ünvanda bitən dənik,
Kim deyir, ruhumuz yenik,
Ölməz ki, bu qanın oğlu.

Diksindirdi şəstin məni,
Silkələdi «qəsd»in məni,
Yaxşı yerdən kəsdin, məni,
Eşq olsun, şamanın oğlu.

Bu xəbəri paylaşın: