
ELBƏYİ
Bu tale, qərib köçündə,
Tək məni qarğayır, ana.
Qəlbsiz adamlar içində,
Gizli-gizli, həzin-həzin,
Ürəyim ağrıyır, ana…
DÜNYA MƏNİM NƏYİMDİ Kİ?
Akif Səmədə…
Yollar uzun, yorulmuşam,
Lillənmişəm, durulmuşam,
Özümü satın almışam,
Dünya mənim nəyimdi ki?
Verdiyi pay, gözün yaşı,
Dərd çörəyim, kədər aşım,
Heç olmasın, məzar daşım
Dünya mənim nəyimdi ki?
Baxmalıydı, baxdı gözüm,
Dinməliydi, dindi sözüm,
De nəyindən umum, küsüm,
Dünya mənim nəyimdi ki?
Mənim olan, mənim deyil,
Heç əzəldən çəmim deyil,
Dayım deyil, əmim deyil,
Dünya mənim nəyimdi ki?

ÜRƏYİM AĞRIYIR, ANA
Dünya-dünya dedikləri,
Xoşuma gəlmədi, ana.
Yaman çoxmuş, dərdi, səri,
Heç üzüm gəlmədi, ana.
Nəğməsin böcək oxudu,
Dənini quşlar daşıdı.
Kimlərəsə şirin daddı,
Məndən ötrü çox acıdı.
Yolunda yorğun yolçu tək,
Büdrədim, dizim qanadı.
Tikən imiş arzu, istək,
Baxmaqdan gözüm qanadı.
Ürəyimdən qan əvəzi,
Duzlu göz yaşlarım axar.
Çox sual var, cavab gəzir,
Tapa bilməz, canı sıxar.
Bu tale, qərib köçündə,
Tək məni qarğayır, ana.
Qəlbsiz adamlar içində,
Gizli-gizli, həzin-həzin,
Ürəyim ağrıyır, ana…

YOL UDUR YORULANI
Üfiqlər çox uzaqda,
Dağlar da sıralanıb.
Güc qalmayıb ayaqda,
Yol udur yorulanı.
Duymadılar səsini,
Görmədilər hisini
Torpaq örtdü üzünü,
Qəlbində qor olanın…
Yurdda nə var, əyridir
Yalan atin səyirdir,
Bizə ərkan öyrədir,
Yamana yar olanı.
Tamahla yarıdılar,
Yeməkdən yoruldular,
Kəfənə sarıdılar,
Dünyaya sarılanı…

P.S… OYNADIM
Nəriman bəyə minnətdarlıqla…
Ürəyimi girov qoydum sevgiyə,
Üzü dönük mələklərlə oynadım.
Mən nərdimi göz görəti zər tutan,
İki üzlü fələklərlə oynadım.
Yol azanda heç olmadı bələdim,
Öz canımı, öz qanıma bələdim
Adamların nəyi varsa ələdim,
Xəlbirlərlə, ələklərlə oynadım.
Bəd əsəndə arzuların sədəfə,
Ulaşmadım gözlədiyim hədəfə,
Düzdə qaldım, düz olmaqdan hər dəfə,
Hiylələrlə, kələklərlə oynadım.
Bağladılar gözlərimi pınar tək,
Bilmədilər qiymətimi dinar tək,
Yol üstündə bir qocaman çinar tək,
Yağışlarla, küləklərlə oynadım.
Ürək qoydum, ürəyimin gücünə,
Yaraların özü nədi, öcü nə?
Yetişmədim durnaların köçünə,
Qopub düşən lələklərlə oynadım…

