
ELBARİZ MƏMMƏDLİ
Siz öz borcunuzu yaxşı verdiniz ,
Bizim boynumuzda hələ yük qalıb.
Əzilə-əzilə sozalan ruhdan,
Elə adımızda böyüklük qalıb.
ŞƏHİD QANI
Ən uca bayraqların,
Başında şəhid qanı.
Yurdun yaz həsrətidi,
Qışında şəhid qanı.
Haqqın ucalığıdı,
Ruhun üz ağlığıdı,
Sevginin sağlığıdı,
Daşanda şəhid qanı.
Girovda Xocavəndim,
Xandan qalan XAN kəndim,
Dağlarında rübəndi,
Daşında şəhid qanı.
Bir həsrət Xocalı var,
Dərdləri haçalı var,
Dönməyə macalı var,
Huşunda şəhid qanı.
Üzün həsrəti, üzün,
Yollara bahar düzün,
Bitməsin gözümüzün ,
Yaşında şəhid qanı.

İNDİ BU TORPAĞIN VƏTƏN ÜZÜ VAR
Qarabağ savaşının igidlərinə
Siz öz borcunuzu yaxşı verdiniz ,
Bizim boynumuzda hələ yük qalıb.
Əzilə-əzilə sozalan ruhdan,
Elə adımızda böyüklük qalıb.
Yaşın da, başın da beli bükülüb,
Çəkib meydanlara sınayammırıq.
Harda səhv etmişik, anlamaq olmur,
İndi bir kimsəni qınayammırıq.
Yenə meydandadı, ağzı qaloşlar,
Yenə doğrulara divan tutulur.
Ayağımız altdan torpaq sürüşür,
Başımız üstündən tavan tutulur.
Siz yaxşı çıxdınız bu imtahandan,
Biz ömrü yollarda qoyduq, kəsirlə.
Hara varmaq olar, aramızdakı,
Bu ruhu daşlaşmış Məmmədnəsirlə?
Eh, bizi bu günə kim saldı, bilməm,
Birdimi, beşdimi yara vuranlar.
Könül istəyir ki, bir iş görəsən ,
Qatır ortalığı aravuranlar.
Amma biz boşuna yaşamamışdıq,
Bizim də bu yolda izimiz olub.
Ömrünü odların içinə atan,
Şəhidimiz olub, qazimiz olub.
…Şuşada elə bir tarix yazdınız,
Ağıl zirvəsidi, hərb sənətinin.
Gözləri böyüyür, ruhu diksinir,
Dünyanın ən böyük səltənətinin.
Belə gözləmirdi kimsə, bu eşqi,
Hər daşda, qayada bir qan izi var.
Dünənki bəlalar qoy, qalsın yada,
İndi bu torpağın Vətən üzü var.
Biz, ruhu göylərdən köynək geyinən,
Günəşi köksündən yayan millətik.
Vətən sevdasını savaşımızla,
Ən uca zirvəyə qoyan millətik.
Nə olsun, tarixin üzü dəyişib,
Nə olsun, fırlanıb çarxı, tərsinə.
Ruh varsa, özünə qayıdış da var,
Kimsə döndərəmməz ruhu tərsinə.
Adı qələbəli son zəfər ki var,
Gələn zəfərlərin möhür daşıdı.
Hünərin yenidən doğuluşudu,
Millətin pozulmaz qan yaddaşıdı.
Siz öz borcunuzu yaxşı verdiniz,
Bizim boynumuzda hələ yük qalıb.
Bir vaxt yer üzünün heyrəti ruhdan,
Təkcə adımızda böyüklük qalıb.

SABAHLARIN O ÜZÜNDƏ
Bilməm, bizi nə gözləyir,
Uzaqların o üzündə.
Yayda qarını saxlayan,
O dağların o üzündə.
Duman bizi gözləyirmi,
Zaman bizi gözləyirmi,
Şaman bizi gözləyirmi,
Quraqların o üzündə?
Ay gecəni dolaşırmı,
Sular nurla calaşırmı,
Qurdlar yenə ulaşırmı,
Ocaqların o üzündə?
Göylər öz rəngindədimi,
Yer öz ahəngindədimi,
Tanrı öz dinindədimi,
Qıraqların o üzündə?
Çıxmışıq arzulu yola,
Yol yola qovuşa, nola,
Qazancımız Turan ola,
Sabahların o üzündə.

