POEZİYA ÇƏLƏNGİ: UZAQDA HƏSRƏT AĞIRDI

Elbariz Məmmədli

Mən siyasət adamı deyiləm,
anlamıram yalanları.
Tanımıram,
Vətəni burda qoyub
özgə yedəkdə olanları.
Mən söz adamıyam,
fiktimdən gül iyi də gələ bilər,
qan iyi də,
savaş iyi də gələ bilər,
Vətən iyi də.

ÖZGƏLƏŞMƏK MƏNLİK DEYİL

Mən siyasət adamı deyiləm,
anlamıram yalanları.
Tanımıram,
Vətəni burda qoyub
özgə yedəkdə olanları.
Mən söz adamıyam,
fiktimdən gül iyi də gələ bilər,
qan iyi də,

savaş iyi də gələ bilər,
Vətən iyi də.
Amma xəyanət iyi gəlməz,
torpağına daşına nifrət iyi gəlməz.
Sevmirəm,
Şərqin, Qərbin araqatan şarlatanlarını,
demokratiya deyiləni qana satanlarını.
Millət özü yürüməlidir,
haqqı çatan həqiqətlərə,
onun olan sərhədlərə,
bizim son savaşda yürüdüyümüz kimi,
torpaq üçün canımızı verdiyimiz kimi.
Biz tarixin başladığı yerdən
gələn millətik,
Tanrının verdiyi həqiqət üçün
ölən millətik
öldükcə dirilən,
dirildikcə, dikələn millətik.
Fəqət, dikəldikcə ləyaqətə yürümüşük,
siyasətə yox,
hünərə baş vurmuşuq,
xəyanətə yox.
Mən də bu millətin bir zərrəsiyəm,
həsrəti doğuları dolaşan
bir ümid səsiyəm.
Saxanın qarıyam, Tuvanın qışı,
Baykalın aynalı suyu, Yeniseyin zümzüməsiyəm.
Türküstanın yaşıl vadisi,
Altayın yaz nəfəsiyəm.
Təbrizdən Kərkükdən belə,
neçə qola parçalanmış,
sonuncu bölükdən belə
qopan Vətən təşnəsiyəm.
Mən siyasət adamı deyiləm,
özgələşmək mənlik deyil.

UZAQDA HƏSRƏT AĞIRDI

Uzaqda həsrət ağırdı,
Ağırdı, könül verdiyim.
Bütün duyğular yetimdi,
Fağırdı, könul verdiyim.

Nə sən orda sən kimisən,
Nə mən burda mən kimiyəm.
Üstündən payız adlamış,
Soluxmuş çəmən kimiyəm.

Ömür nədi, qayğı, qada,
Sürüyüb illər, aparır.
Ümidini xəzan döyür,
Vaxtını yellər aparır.

Zaman dəyişdirib, bizi,
Qırx il öncəki deyilik.
Hərəmiz bir qəm heykəli,
O xoş gündəki deyilik.

İndi əldə bəhanə yox,
Kimisə qınamaq üçün,
Hər gün yadıma salıram,
Səni, unutmamaq üçün.

Neynim, sənsiz keçdi, ömür,
Qəmdi eşqindən dərdiyim,
Uzaqda həsrət ağırdı,
Ağırdı, könül verdiyim.

BİZİ


Nə qədər arzumuz vardı,
Saxladı sərhədlər bizi.
Yolu düzünə getməyə ,
Qoymadı ki, bütlər bizi.

Bələndik qəmin səsiinə,
Düşdük ümidin izinə,
Döndük fikir nənnisinə,
Yırğaladı dərdlər bizi.

Salıb nəfsinə doğmuşdu,
Guya, ağ günə doğmuşdu,
Bir sevən ana doğmuşdu,
Öldürdü namərdlər bizi.

Yaşadıq savaş içində,
Qaldıq, gözü yaş içində,
Neçə diri baş içində,
Tutdu qonşu itlər, bizi.

Şəhərə niyə, üz tutduq,
Aldanıb küyə, üz tutduq,
Hansı qapıya üz tutduq,
Qarşıladı sədlər bizi.

Bölündük, tam olammadıq,
Bir eşqə dam olammadıq,
Vallah, adam olammadıq,
Dəyişdi nifrətlər bizi.

Qalmadıq, əlindən tutub,
Təmiz havasından udub,
Yaxşı eləyib, unudub,
Gəldiyimiz kəndlər bizi.

Mübariz Mənsimova

Dünya çal-çap dünyasıdı,
Nəyin hayındasan, qardaş?
Haqq olana toy tuturlar,
Sən öz toyundasan, qardaş.

Hikkələr taxtdan yuxarı,
Tamah Allahdan yuxarı,
Çıxalı vaxtdan yuxarı,
Sən də oyundasan, qardaş.

Açıq əlini orda qoy,
Vətən dilini orda qoy,
Yansan külünü orda qoy,
Ya eşq olsun, ya sən, qardaş.

Haqqın yolu dar ağacı,
Umma nakəsdən əlacı,
Enər namərdliyin tacı,
Yazar bir gün yazan, qardaş.

TOXUMAYIN…

Evinizdə QADIN varmı, bilmirəm,
ANA varmı, bilmirəm.
Yoxsa, sizlər
yad daşdan qopub bu torpağa düşmüş
bir daş toxumusunuz.
Səhl Sumbat xəyanətindən doğan
bir yaralı yaddaş toxumusunuz.
Ruhunuz, ürəyiniz,
gözünüzdə yaşınız varmı?
Heç olmazsa, bircə kərə
həyatı düşünməyə başınız,
sizlərə haqqı anladan
yar-yoldaşınız varmı?
Çəkinmədiniz axirətin cənnət-cəhənnəm
bölgüsündən,
nəfəsi təngiyən dünyanın
nəbzləri daşıran qan bürküsündən.
Həyat haqqı olanlarındı, Vətən sevənlərin,
torpaq qoruyanların,
sizlər anlamazsınız, bunu
Şəhidlik mələklikdi,
Qazilik yaddaş dərsi,
qanmazsınız bunu.
Odur ki, bu, qanını sorduğunuz məmləkətin Şəhidinə diz çökmək,
Qazisinə baş əymək, borcunuzdu, sizlərin,
Hər pislikdən keçdiniz,
əyrilikdən, dələduzluqdan, naqislikdən
keçdiniz,
yolunuz budu, sizlərin,
neynəmək olar,
hələlik dünya əlindədi, Tanrısızların.
Amma, dünyada kimsənin hökmü çatmayan
bir haqq var,
Toxunmayın, bətnində Şəhid böyütmüş ANAların qəlbinə.

Bu xəbəri paylaşın: