TƏBBRİK: QƏNİRƏ PAŞAYEVA

Qənirə Paşayevanın ad günüdür!

Amma həmişə belə oldu,
Yanımda həmişə sən oldun, ana…
Sənin gözlərində
Qəzəblərin ən gözəli olurdu,
Kimlərsə məni ağladanda.
Gözlərində alovların ən qaynarı olurdu,
Kimlərsə məni aldadanda…
Qaçqınların yurd həsrətini,
Atılmış körpələrin göz yaşlarını
İçimdə hiss elədim.
Taledən yarımayanların, ürkək baxışlarını
İçimdə hiss elədim.
Savaşda itirdiyim dostlarımın,
Gözlərini, arzularını, xəyallarını
Heç unutmadım, ana..
Məni ağrılar büyütdü,
Daha güclü oldum, ana!
Gəncliyin, eşqin, sevdanın dadı,
ağrılarda, savaşlarda itib getdi…

(Q. Paşayeva «ANA»)

Qənirə Paşayeva döyüşçülərin ən çox rəğbət bəslədiyi və ürəkdən «Mənim millət vəkilim» deyə biləcəyi bir millət vəkilimizdir.

Vətənin dar günündə, həm səngərdə, həm siyasi tribunada, həm də informasiya cəbhəsində gördüyümüz bir döyüşkən vətənpərvərimizdir.

Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitib.

1998-ci ildən ANS-də bir sıra vəzifələrdə çalışdıqdan sonra redaksiyanın baş redaktor müavini olub.

2005-ci ildən isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. Eyni ildə Milli Məclisə üzv seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. 10 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü kimi ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha geniş yayılmasında böyük xidmətləri olub. Xüsusilə son zamanlar Türkiyənin bir çox şəhərlərində Xocalı soyqırımı və Qarabağ həqiqətləri ilə bağlı apardığı genişmiqyaslı təbliğat diqqəti daha çox cəlb edir. «Nobel mükafatlı qadınlar», «Tarixə adını yazan qadınlar», «Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən», «Qarabağ hekayələri» və s. kitabların və onlarla məqalənin müəllifidir.

Gürcüstanın fəxri vətəndaşıdır. Subaydır. Firuzə adlı mənəvi qızı var.

**************************

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Rəhbərliyi və Fedai.az kollektivi 70 minlik veteranlar ordusu adından Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayevanı ad günü münasibətiylə təbrik edir, uuzun ömür, can sağlığı və Zəfər müjdəli günlər arzulayır.

Bütün gözəlliklər Sizin olsun, Qənirə xanım!

100 yaşayın!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: