Xəzər rayon veteranları prezidentin qurultayındakı nitqini müzakirə ediblər

Rasət Tağıyev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Xəzər rayon şöbəsinin sədri

Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı AVMVİB Xəzər rayonu veteranları tərəfindən müzakirə olunub.


Bu barədə AVMVİB Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev məlumat verib.

O, bildirib ki, Ali Baş Komandanın dərin məzmunlu çıxışı konkret olaraq bir fəaliyyət proqramı kimi qəbul olunmalıdır. Çünki bu çıxışda bütün sahələr əks olunub və hər birimiz çıxışda qeyd olunan nüansları diqqətlə öyrənməliyik.


Çıxışda müharibə iştirakçıları və şəhid ailələri barədə məqamlar ürəyimizcədir: «Görüləcək işlərə qayıtdıqda, mən xüsusilə şəhid ailələrinə göstərilən dəstəyi qeyd etmək istəyirəm. Partiyamızın fəalları bu sahədə də fəal olmalıdırlar, dövlət öz üzərinə düşən vəzifəni icra edir. Müharibədən 4 ay keçməsinə baxmayaraq, artıq 1500 şəhid ailəsi və müharibə əlili üçün mənzillərin təqdim edilməsi mərasimi də keçirilmişdir. Keçən il şəhid ailələrinə verilən mənzillərin sayı 1572 idi, bu, rekord göstəricidir. Bu il isə 3 minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq. Bildirməliyəm ki, beləliklə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda növbədə dayanan, o cümlədən ilk növbədə Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin nümayəndələrinə tam şəkildə mənzillər, evlər veriləcəkdir. Növbəti illər ərzində bu gün növbədə dayanan Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin yaxınlarına mənzillər veriləcəkdir. Ancaq şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir. Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərməlidirlər.


Eyni zamanda, qazilərimiz də dövlət tərəfindən bütün lazımi müalicə vasitələri ilə təmin edilir, ən müasir protezlər sifariş olunubdur. Müharibə zamanı sağlamlığını itirən qazilərimizi biz tezliklə normal həyata qaytaracağıq. Onu da bildirməliyəm ki, bizə bu məsələdə xaricdən gələn həkimlər də kömək göstərirlər. Bir neçə ölkədən həkimlər artıq Azərbaycana gəlmişlər, əməliyyatlar aparırlar, kömək göstərirlər. Bu xoş missiyaya görə bütün xarici dostlarımıza da təşəkkürümü bildirirəm».


Ali Baş Komandan cənab İlham Əliyev, həmçinin gənclərin tərbiyyəsi ilə bir çox məqamlara aydınlıq gətirəib: «Gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir. O ölkələrdə ki, bu məsələyə fikir verilmir, o ölkələr vaxt keçdikcə böyük problemlərlə üzləşə bilərlər. Çünki dünyada gedən proseslər deməyə əsas verir ki, bəzi yerlərdə bu proses kortəbii şəkildə aparılır. Belə olan halda, əlbəttə ki, gələcəkdə — 10 ildən, 20 ildən sonra çox ciddi problemlər yaşana bilər. Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır. Çünki biz bu gün də görürük ki, nəsillər dəyişdikcə bəzi ölkələrdə radikal qüvvələr ya hakimiyyətə gəlir, ya da ki, ildən-ilə, seçkilərdən-seçkilərə onlara verilən səslərin sayı çoxalır. Onların arasında faşist partiyaları var, onların arasında islamofob şüarlarla hakimiyyətə gəlmək istəyənlər var, onların arasında radikallar var. Bütün bunlar onu göstərir ki, tərbiyə işində boşluqlar olub. Sadəcə olaraq, ölkələrin təhsil sistemi bu sahəyə diqqət yetirməyib. Amma tərbiyə həm dərslər zamanı verilməlidir, eyni zamanda, ölkədə hökm sürən ab-hava ilə — o da tərbiyə üsullarından biridir.

Məsələn, əgər Azərbaycanı misal gətirsək, bizdə iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür. Harada ki, xalqın maraqları ön plandadır, o ölkələrdə nəsildən-nəslə keçən ənənələrlə yaşayır və biz bu ənənələri yaşatmalıyıq. O ölkələrdə ki, milli identifikasiya artıq arxa plana keçir, o ölkələrdə ki, ənənəvi dəyərlər demək olar ki, deqradasiyaya uğrayır, o ölkələrin gələcəyi çox problemli ola bilər. Biz indi qlobal dünyada, qlobal informasiya məkanında yaşayırıq. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan daim informasiya hücumuna məruz qalan ölkədir və bizə qarşı nə qədər çirkin kampaniyalar aparılıb, istisna edilmir ki, gələcəkdə də aparılacaqdır. Ölkəmizin imicini aşağı salmaq, ölkə daxilində inamsızlıq yaratmaq, saxta faktlar ortaya atmaq – bütün bunların bir məqsədi var, çaxnaşma, xaos şəraitində gələcəkdə, hansısa xarici dairələr üçün zəmin yaratmaq. Biz buna imkan verə bilmərik.

Ona görə gənc nəslin tərbiyə edilməsi gündəlik fəaliyyətimiz olmalıdır. Həm ali məktəblərdə, ilk növbədə, ailələrdə və eyni zamanda, siyasi partiyalarda buna fikir verilməlidir. Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar. Burada, əlbəttə ki, təcrübəli nəslin fəaliyyətindən çox şey asılıdır».


AVMVİB Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev bildirdi ki, biz veteranları birləşdirən bir ictimai birlik olaraq deyilən bu fikirlərə uyğun şəkildə öz fəaliyyətimizi davam etdirəcəyik. Cənab Prezidentimizin uğurlu, dayanıqlı, uzaq görən siyasətini dəstəkləyən Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyinin Xəzər rayonu şöbəsi üzvləri adından Qarabağ fatehi Prezidentimizə gələcək fəaliyyətində uğurlar arzu edirik. İnanırıq ki, bizim Ali Baş Komandan daim xalqımızı qələbələrə çatdıracaq.

Elnur Səlim

Bu xəbəri paylaşın: