
ELBARİZ MƏMMƏDLİ
Vətəni sevmək bəladı,
Vətən də bir baş bəlası.
Tutun sevən adamları,
Bitsin bu, savaş bəlası.
Ya qazidi, ya da şəhid,
Sevənlər onsuz, azalıb.
Məmləkətdə dərd duyası,
Beş-üç faiz adam qalıb.

HARDASA BİR QURD ULAYIR
Eh, bitmək bilmir ki, bilmir,
Bu torpağın sancıları,
Elə dərd çəkənə dəyir,
Küləklərin qamçıları.
Gözlərdə yuxu da yoxdu,
Yatmaq olmur ki, yuxunu,
Ürəyimizin ritmi pozur,
Gecənin sükut ruhunu.
Çöldə təzə yaz havası,
İçimizdə qışdı, hələ.
Durnalar geri qayıdır,
Bu, bir qayıdışdı, hələ.
Günəş cırır uzaqlarda,
Dağların ağ varağını.
Hardasa dərd ömür biçir,
İşə salıb orağını.
Ölüm elə adiləşib,
Hamı gülə-gülə gedir,
Dünyaya ağlayıb gəlir,
Gülüb son mənzilə gedir.
İndi yarpaq ömrü qədər,
Ömrü xatirələrin də.
Həyat boşuna fırlanır,
Duyğunun küçələrində.
Taleyi elə oxşardı,
Qəm yaşayan adamların.
Sabaha gümanı yoxdu,
Hardasa, ölən şamların.
Öldürüb sevgiləri də,
Ehtiyacın soyuqları.
İndi təzə sevişənlər,
Çıraqla gəzir baharı.
Ümid sonuncu öləndi,
Ümid ölsə, gələrmi yaz?
Hardasa bir Qurd ulayır,
Dirçəlir ruhumuz bir az.

ADAMLAR
Axır ki, axır ki, tanıdım, sizi,
Mənim ürəyimdən qıraq, adamlar.
Doğrunun yanında üzü tutulan,
Şərin yedəyində çıraq adamlar.
Duydum, məsləkiniz, yolunuz nədi,
Yanınız-yörəniz, solunuz nədi,
Gördüm belinizdə çulunuz nədi,
İnsanlıq adına iraq adamlar.
Kişi olanların adı Kişidi,
Doğruluq, dürüstlük kişi işidi,
İlanın ağzında zəhər dişidi,
Dəyəri yüz qram araq adamlar.
Hər gün ilhamını şərə sazlayan,
Suyu bulandıran, yolu tozlayan,
Mərdin ünvanına daş qolazlayan,
Namərdin belində yaraq adamlar.
Qanında hənir yox, ruhunda isti,
Fərqinə varmadıq, pis elə pisdi,
Elbariz, həyatda nifrətə izdi,
Vicdanı, qeyrəti quraq adamlar.

ADININ PASPORTUDU BU, MİLLƏTİN MƏNLİYİ
İndi zaman başqadı, fərqinə varmırıq ki,
Üşütmür ruhumuzu, olanların diqtəsi.
Oturanda, duranda hesaba almırıq ki,
Başımıza daş olub, yalanların diqtəsi.
Uzaqda yurd salınır, köçən elin yerində,
Uzaqda yağmalanır, ümid bağladığımız.
Neçə qara niyyət var, rişələri dərində,
Anlamadan nə imiş, hər gün ağladığımız.
Elə şüar deyirik, şüar nə verir bizə?
Hələ də yazan yoxdu, millətin ruh şeirini.
Ekran efirdən belə, hər gün soxurlar, gözə,
Ruhu zülmətə çəkən qaragüruh şeirini.
Müqəddəs olan nədir, o şeydi ki, satılmaz,
Kimsə sorğuya almır, Vətəni satanları.
Canımızı alsalar, biri dərdə qatılmaz,
Elə tutub durmuşuq, Qərbli şarlatanları.
Millət haqqa yürüyər, ağıl adamlarıyla,
Ümidi köklənibdi taxta, müxalifətin.
İndi gəl könül bağla, öyün addımlarıyla,
Saxta məmurxananın, saxta müxalifətin.
Hamı özündən razı, hamı qəhrəman olub,
Kimdi dərdinə qalan, canı çürüyənlərin?
Vallah, biganəlikdən məzarına qor dolub,
Vətənə qurban olub, haqqa yürüyənlərin.
Kimin kimə sözü var, ekranlara daşıyır,
Ucuz teledebatlar dueli xatırladır.
Onsuz da çörəyi qıt, min əzabla yaşayır,
Bu zavallı milləti hərə bir cür fırladır.
Elə səpibdilər ki, içəri düşmənliyi,
Yenə də ortalıqda özgə barmaqlar gəzir.
Adının pasportudu, bu millətin mənliyi,
Öz adına ağadı, öz adına müntəzir.
Kürsüdə yaxa cıran gör, nə qədər saxta var,
Hay qoparır yalandan, ultramillətçilər.
İndi zaman başqadı, bir azca da vaxta var,
Qoymayaq son davanı aparsın fürsətçilər.

EH, NƏ VAR Kİ, YAŞAMAĞA
Eh, nə var ki, yaşamağa,
Sevə-sevə can, çiçəyi.
Dörd yanın gülüstan ola,
Dörd yanın Vətən çiçəyi.
Fikrin uzaqda qalmaya,
Uzaqlar da sənin ola.
Həsrət canınl almaya,
Baxmağa bir yönün ola.
Günün günəşə açıla,
Axşamın gəlib çıxmaya.
Bir doğma çadır qurasan,
Küləklər vurub yıxmaya.
Bir zirvədə Qurd olasan,
Olanlardan uzaq kimi.
Bircə yol könül verəsən,
Sevəsən yalquzaq kimi.
Kimsə yolunu tutmaya,
Savaş nədi, bilməyəsən.
Hərdən uzaqlara baxıb,
Göz yaşını silməyəsən.
Düşməyə hökmü əllərə,
Hökm Haqqın özü ola.
Sinəmiz eşqin çəməni,
Arzular da quzu ola.
Eh, nə var ki, yaşamağa,
Üstündə bir ünvan ola.
Dünənin dastan olubsa,
Sabahın da dastan ola.

ELƏ AĞRIDAN YAZIRIQ
Tutun doğru adamları,
Tutun, divarlara hörün,
Vətən boyu çəpərlənmiş,
Ögey hasarlara hörün.
Vətəni sevmək bəladı,
Vətən də bir baş bəlası.
Tutun sevən adamları,
Bitsin bu, savaş bəlası.
Ya qazidi, ya da şəhid,
Sevənlər onsuz, azalıb.
Məmləkətdə dərd duyası,
Beş-üç faiz adam qalıb.
Adamlar baş girləyirlər,
Baş da min oyundan çıxır.
Umduğumuz kəsin burnu,
Kiminsə qoynundan çıxır.
Doğruluq ölüm hökmüdü,
Həyat ağır zindan yeri.
Yetim-yesirin canıdı,
Harın kəslərin qan yeri.
Elə ağrıdan yazırıq,
Söz nə qədər qəm duyursun?
Bura şeytan yuvasıdı,
Kimin meyli var, buyursun

