
NƏRİMAN Qəhrəmanlı
Dərdimin odunda ütdülər məni,
Ahımda çarmıxa çəkdilər məni…
Gözümün içində can verir canım…
Sözümün üstündə can verir canım…
Gözünüz önündə can verir canım…
TABUTUMA GÜL AT, ÇIX GET
El dərdini çəkən qadın,
Gül dərdini çəkən qadın,
Gəl dərdimi çəkən, qadın
Tabutuma gül at, çıx get…
Bu yol çətin, dərd ağırdı,
Min kişi birdən baxırdı,
Köməyə «can, can» çağırdım,
Bu qız çatdı harayıma…
Sinəm çat-çat, para-para,
Yandım, kül oldum qapqara,
Anam yetib, su çatdıra,
Bu qız çatdı harayıma.
Adım dildən dilə düşdü,
Dilim ağzımdaca şişdi,
Aman Allah, bu nə işdi,
Bu qız çatdı harayıma…
Gülüm olmadı, gül verim,
Əlim olmadı, əl verim,
Yol verin, kişilər, yol verin,
Harayıma bu qız çatsın,
Tabutuma bir gül atsın…

Gözünüz önündə can verir canım…
Gözünüz önündə can verir canım,
Sözümün üstündə kəsilir başım.
Sözüm öz qanımda aha sancılır,
Sözə abidədi, çat-çat baş daşım.
Ucadan ucada Haqqa ucalır,
Sözün çarmıxında çürüyür canım.
Sözün giləsindən gözüm su içir,
Ahımın səsinə kiriyir canım.
Haqq elə nazilib, elə nazilib,
İynəyə saplanıb canımdan keçir.
Sənin milyonların bir qara qəpik,
Mənim ahlarımın milyondu sirri…
Baxın bu dünyada bir qərib səsik,
Gözüm göz muncuğu, canım üzərrik.
Sözümü ağzımda tutdular mənim,
Ahımın ağzımda tökdülər qanın.
Dərdimin odunda ütdülər məni,
Ahımda çarmıxa çəkdilər məni…
Gözümün içində can verir canım…
Sözümün üstündə can verir canım…
Gözünüz önündə can verir canım…

MƏNİ DİRİLTMİR HƏLƏ
Bu son nəfəs deyilmiş,
Biri də qalır hələ.
Bu dərd də bəs deyilmiş,
Neçə ümid boğulur,
Lap indi ölür hələ.
İçimdə can ölsə də,
Qanım diridi hələ.
Aldığım o son nəfəs,
Məni kiridir hələ.
Yaradan can sevməyi,
Lap indicə anladır,
İndi öyrədir mənə…
Son nəfəsdən boylanan,
Ruhum diridir hələ,
Bu dərd də dərd deyilmiş,
Niyə diridir hələ?
Məni çürüdür hələ,
Məni çürüdür hələ…
Aldığım o son nəfəs,
Məni diriltmir hələ…

