Böyük Britaniya yenidən qayıdır! — Dünya siyasi arenasının «qoca qurd»u

Uzun illər boyu Böyük Britaniya dünya siyasi arenasında aparıcı oyunçulardan biri olub. Lakin 1973-cü ildə Britaniya Avropa İttifaqına üzv olmaqla öz siyasətini də təşkilata qurban verdi. Böyük Britaniya Almaniya ilə yanaşı Avropa İttifaqının ən önəmli dövləti olsa da, bir sıra məsələlərdə Aİ ilə hesablaşmaq məcburiyyətində idi. Amma “Breksit”dən sonra vəziyyət köklü şəkildə dəyişib.

Aİ ilə “siyasi boşanmadan” sonra Böyük Britaniya bir sıra ciddi addımlar ataraq öz qayıdışını elan edib. İlk olaraq hərbi sahədən başlayan rəsmi London “soyuq müharibə”dən sonra ən böyük hərbi büdcə artımını təsdiqləyib.

Daha sonra Rusiya və Çin kimi böyük dövlətlərə qarşı bəyanatlar səsləndirməsi Britaniyanın Aİ-dən müstəqil xarici siyasətində ilk gedişlər olub. Belə ki, London Moskvanı “birinci düşmən” elan etməyə hazır olduğunu bildirib. Bundan başqa, Birləşmiş Krallığın Pekindəki səfiri Çin Xarici İşlər Nazirliyinə çağrılaraq ölkənin daxili siyasətinə münasibət bildirdiyinə görə irad bildirilib.

Aİ-dən ayrılandan sonra qısa zamanda aktiv siyasətə başlayan Böyük Britaniyanın önümüzdəki illərdə daha hansı cəhdlər edəcəyi sual doğurur.

Eurasia Diary Böyük Britaniyanın dünya siyasətinə müstəqil şəkildə geri dönüşü ilə bağlı irland tarixiçi Patrik Uolşun fikirlərini alıb.

Tarixçi hərbi büdcənin artırılması qərarını Birləşmiş Krallığın Avropa İttifaqından “Müstəqillik Bəyannaməsi” kimi qəbul etmək lazım olduğunu bildirib: “Bu, niyyət bəyanatı olaraq Britaniyanın suveren bir dövlət kimi fərqli xarici siyasətlə dünyadakı əvvəlki yerini bərpa etməsidir. Britaniya bu bəyanatında bəzi Aİ üzvləriylə özü arasında açıq fərqi ortaya qoydu. Belə ki, Krallığın ABŞ və NATO-ya daha çox dəstək verməsinə işarə etdiyin başa düşmək olar”.

Böyük Britaniyanın Avropa İttifaqından ayrılması ona müəyyən üstünlüklər və sərbəstliklər qazandırıb. İttifaqın qərar qəbul etmə proseduru bir sıra siyasi çağırışlara vaxtında reaksiya verməyi ləngidir. Ekspert “Breksit”in Krallığa verdiyi faydalardan danışıb.

“Breksit”in təsiri Britaniyanın koronavirus əleyhinə vaksinin alışı və satışında götürdüyü kursda özünü göstərir. Britaniya öz əhalisinin 40 faizini vaksinasiya etdiyi halda, bu rəqəm Aİ-də 10 faizə yaxındır. Bununla Britaniyada yoluxma halları azalır və iqtisadiyyatında yenidən canlanma sürətlənir”, deyə Patrik Uolş qeyd edib.

Ekspert həmçinin Britaniyanın Çin və Rusiyaya qarşı addımlarına da toxunub: “Britaniya ABŞ-ın orientasiyasında davamlı dəyişikliyə uyğunlaşmağa çalışır. Belə ki, Rusiya əsas rəqib kimi görünsə də, əsas geosiyasi düşmən olan Çindən sonra ikinci yerdə dayanır. Bununla birlikdə, Çinin dünya bazarına inteqrasiyası və nüfuz etməsi, iqtisadi düşmənçilik müstəvisində Rusiyadan daha təhlükəlidir”.

Birləşmiş Krallığın önümüzdəki illərdə hansı siyasi xətti yürüdəcəyi də əsas suallar arasındadır. İrland tarixçi Britaniyanın ABŞ-ın bir nömrəli müttəfiqi kimi çıxış etməyə çalışacağını düşünür.

“ABŞ üçün Britaniya Avropa İttifaqından sonra ikinci dərəcəli hərbi gücdür. Bundan əlavə, Krallığın əsas qüvvəsi hərbi güc deyil. Onun əsas gücü siyasi, iqtisadi, kəşfiyyat və s. aid edildiyi yumşaq gücdür. ABŞ-ın istədiyi tərəfdaşlıq da budur. Beləliklə, bu, Londonu kifayət qədər etibarlı tərəfdaş edir”, deyə Patrik Uolş söyləyib.

Ülvi Əhmədli

Bu xəbəri paylaşın: