POEZİYA ÇƏLƏNGİ: Həsrət dənizində bir gəmi batır…

Əlövsət SALDAŞ

Sünbülü dönmədi gülə zəmimin,
Məhsulu gəlmədi ələ zəmimin.
Biçin vaxtı deyil hələ zəmimin,
Vaxtsiz başladığım biçinə baxma.

BAXMA

Təpərin qalıbsa, özünü çatdir,
Həsrət dənizində bir gəmi batır.
Orda dünya boyda ağrılar yatır,
Gəl, ama, gözümün içinə baxma.

Bir bulağım qaldı, ötənlər içsin,
İçdikcə ünvanım yadına düşsün.
Üzünü yana tut ötüşüb keçsin,
Ömrümün tələsik köçünə baxma.

Gördüyüm bu yuxu demir nə idi,
Bu gəliş, bu gediş, əmir nə idi,
Yaşadım, əl boyda ömür nə idi?!
Qalanı nəsə var,»heç»inə baxma.

Keçdiyim yolumu — izi görmədi,
Çoxu anlamadı düzü, görmədi…
Yumdu gözlərini, yüzü görmədi,
Görünə bilmişəm beşinə, baxma.

Sünbülü dönmədi gülə zəmimin,
Məhsulu gəlmədi ələ zəmimin.
Biçin vaxtı deyil hələ zəmimin,
Vaxtsiz başladığım biçinə baxma.

ÇIRPINIR

Sudan çıxarılmış balıq kimiyəm,
Elə bil, varlığım torda çırpınır.
Ah üstə köklənmiş kaman simiyəm,
Ürəyim can atır Yurda, çırpınır…

Qəlbimi oxlayan bir dəli çərdi,
Namərd elədilər bu qədər mərdi.
Dirisin göynədir Kəlbəcər dərdi,
Ölüsü məzarda-gorda çırpınır.

Gəldilər alışıb-yanalar burda,
Səssiz hiçqırıqlar can alar burda.
Yolur saçlarını Analar burda,
Verib balasını qurda, çırpınır…

Ömür yaşamıram, il əridirəm,
Sinəmdə göynəyən dərd kiridirəm,
Hələ qəriblikdə can çürüdürəm,
Ruhum əsir düşüb, orda çırpınır.

Gözlərim qalıbdı ağlar, bilirmi,
Nisgili içimdə tağlar, bilirmi,
Əlövsət, görəsən dağlar bilirmi,
Bir şair balası burda çırpınır?!
27.11.2014.

APARIN

Alın məni zülmətlərin əlindən,
Sabahların dan yerinə aparın.
Bir bulağın laylaşında uyuyum,
Rahat olsun can, yerinə aparın!

Gecə gündüz həsrətində yandığım,
Yoxluğunda varlığımı dandığım…
O üzündə yurd yerimin yandığı
Üfüqlərin qan yerinə aparın!

Qoyman, məni yad oxşuyar,yad ağlar,
Qəbrim üstə kölgə salmaz budaqlar.
Əlövsəti susdurmamış bu dağlar —
Şah taxtıma, — Xan yerinə aparın!..

BİR QIRIX…

Həsrətin dilimi, ağzımı ütdü,
Gətir vüsalınnan içim bir qırıx.
Dirilik suyutək çəkim başıma,
Ay zalım,səngisin içim bir qırıx.

Bu da bir nidadı qopdu dilimnən,
Sönürəm,gəl oyna indi külümnən.
İxtiyar çağımdı, yapış əlimnən,
Çətin yoxuşları keçim bir qırıx.

Eh… nəfəsdi getdi, birdən gəlmədi.
Getsin də,yurdumda qalan kəlmədi.
Bu tale yüküdü, Haqdan gəlmədi,
Şələm nə boydadı,..gücüm bir qırıx.

Yanasım qalmayıb indi ta yansın,
Baxsın bu halıma yanan,ha yansın…
Bir bulaq başında azca dayansın,
Əylənsin yol üstdə köçüm bir qırıx.

Sən kövrək şerimdə qəmli sətirim-
Başladım,- bilmədim necə bitirim…
Köhnə günahları yada gətirim,
Ərisin yanında suçum bir qırıx.

Dözsün, ağrıları Saldaşa verək,
Yaşatsın, bu eşqi yaddaşa verək.
Bir xəlvət guşədə başbaşa verək
Sənli günnərimə köçüm bir qırıx.

01.06. 2019

Bu xəbəri paylaşın: