BABİL QÜLLƏSİ: TƏKRARLANAN ŞƏXS ADLARI – TƏSADÜFLƏR, YOXSA..?

II YAZI

ƏVVƏLİ: (https://fedai.az/?p=33101)

Araz Şəhrilinin “Səfəvilər, paralellər, ehtimallar, həqiqətlər…” əsərindən

AŞA – AYŞƏ – YAŞA

Qədim bulqar dilinin yeganə varisi sayılan çuvaş dilində bacıya “aşa” deyilir. Çuvaş mifologiyasında xəstəlikləri müalicə edən xeyirxah qadın ruhu Aşapatman adlanır. Aşapatman dünya nizamını qoruyub-saxlamağa, sabitliyi və ədaləti bərqərar etməyə çalışır. Tanınmış sovet türkoloqu Nikolay Aşmarinin (1870–1933) qənaətinə görə, Aşapatman obrazı çuvaş mifologiyasına İslam dinindən keçmişdir. Onun fikrincə, bu adın “Aşa” hissəsi Muhəmməd Peyğəmbərin həyat yoldaşı Ayşəni, “Patman” hissəsi isə qızı Fatiməni bildirir.1

Qureyşilər arasında yayılmış Ayşə qadın adı “həyat”, “dirilik” mənalarını verir. Bu kontekstdə ərəblərin Ayşə adı ilə dilimizdəki “yaş”, “yaşam” sözü arasında yaxınlıq aydın görünür. Maraqlıdır ki, həyatı ifadə edən “yaş” sözünün əksi ölümdən xəbər verən “yas” sözüdür.

Ola bilsin ki, elə buna görə də bahar fəsli Azərbaycan dilində həm də yaz (–yaş) adlanır. Burada ad mahiyyəti dəqiq ifadə edir. Axı təbiət məhz yazda oyanıb yaşıl libasa bürünür, sular coşub daşır. Su həyatdır. Yeri gəlmişkən, ingilis dilində “spring” sözü həm baharı, həm də bulağı bildirir.

AZMAN – OSMAN

Azman şəxs adının etimologiyası dəqiq bəlli deyildir. Onun, əslində, “asiman” sözünün bir forması olduğunu deyənlər, “zaman” sözündən törədiyini söyləyənlər də vardır. Alanların bir qolu sayılan “az” tayfasının adı ilə “man” (adam) sözünün birləşməsindən yarandığını da ehtimal etmək olar. Azmanlar Azərbaycan mifologiyasının əsas personajlarındandır. Azərbaycan dilində “azman” sözü “nəhəng”, “güclü” varlıq anlamını ifadə edir. Zərdüşt inancına və qədim pars mifologiyasına görə, Göy Tanrının bir adı da Asmandır.

Qureyşilərin Osman şəxs adının da etimologiyasına aydınlıq gətirilməmişdir. “Sınıqçı”, “doydaq quşu”, “ləng”, “ilan”, “ilan balası”, “qəhrəmanlıq” kimi mənalarının olduğu deyilir.

Güman ki, türk azmanının “nəhəng”, “güclü” variantı ilə ərəb Osmanının “qəhrəmanlıq” variantı arasında semantik yaxınlıq mövcuddur.

MİRVAN – MƏRVAN

Ərsakilər arasında yayılmış kişi adlarından biri də Mirvan olmuşdur. Gürcüstanda çarlıq etmiş Ərsakilərdən ən azı üç nəfər Mirvan (və ya Mirian) adını daşımışdır.

Bu adın Mərvan formasını qureyşilər işlədirdilər. Əməvi xəlifələrindən birinin adı Mərvan ibn Həkəm idi.

_____________________________________________

А.К.Салмин. «Система верований чувашей», стр. 86. Чебоксары – 2004.

Araz ŞƏHRİLİ

Araşdırmaçı – jurnalist.

Bu xəbəri paylaşın: