
ELBARİZ MƏMMƏDLİ
Getdilər, getdilər mələklər kimi,
Tanrı dərgahına gedib çatdılar.
Şəhidlər yaz üzlü küləklər kimi,
Torpağa hamıdan tez qayıtdılar.
ŞƏHİDLƏR TORPAĞIN YAZ QARANQUŞU
Doğma Şəmkirdə kənd-kənd gül çiçəyə bürünmüş Şəhid məzarları ruhumuzun baharı kimi ürəyimizi yerindən oynatdı. Vətən bu bahar nəfəsli igidləri ilə var olur. Bütün Şəhidlərimizin məkanı əbədi ucalıq olsun!
Hələ gəlməmişdi Şəmkirə bahar,
Çiçək açmamışdı bar ağacları.
Ucalan dağların köksündəki qar,
Atıb getməmişdi boz yamacları.
Təzə oyanırdı hələ, bağça, bağ,
Buludlar göyləri ətəkləmişdi,
Bu il bənövşədən, nərgizdən qabaq,
Şəhid məzarları çiçəkləmişdi.
Yükünü tutmuşdu göylər, buluddan,
Gözündən torpağa şeh çiləyirdi.
Günəşə əl açıb ağarırdı, dan,
Üfüqlər xəfifcə gülümsəyirdi.
Hər şəhid taleyi sevgi ünvanı,
Ən uca məkanı buymuş, dünyanın.
Eşqi məzarda da çiçəkləyərmiş,
Dünən savaşlarda tökülən qanın.
Şəhidlər torpağın yaz qaranquşu,
Millət igidiylə var olub, yaşar.
Çəkilər yolların üstündən qışı,
Sozalan ümidi durulub, yaşar.
Ayrı yaz olacaq, bu ilin yazı,
Şəhidlər sevincə yozub gediblər.
Uzandı sabaha ümidlər, azı,
Tarixi təzədən yazıb, gediblər.
İllərdi, gözümüz qalmışdı yolda,
İllərdi, içimiz qan ağlayırdı.
Torpaq yad əlində, can qeylü-qalda,
Ruhumuz baharı soraqlayırdı.
Getdilər, getdilər mələklər kimi,
Tanrı dərgahına gedib çatdılar.
Şəhidlər yaz üzlü küləklər kimi,
Torpağa hamıdan tez qayıtdılar.

DEMƏYİN, DEMƏYİN BİZİMKİ OLUB
Hələ Qarabağdan dərd sovuşmayıb,
Deməyin, ürəyi bizimki olub.
Yadlar əl qoyursa, bizim olana,
Cənnətin bəs, nəyi bizimki olub?
Artır gündən-günə şərin şər izi,
Hələ ocaqlar var, yerdədi dizi,
Özgə bayraqlısa, Laçın dəhlizi,
Buluddan lələyi bizimki olub?
Dolayı gedirik Şuşaya, yolu,
Kəsilib uzanan Xocalı qolu,
Xankəndi hələ də düşmənlə dolu,
Uzaqdan küləyi bizimki olub.
Dostun dost yeri var, qonağın qonaq,
Bizim olanları nə qədər danaq?
İrəvan töhmətdi, Zəngəzur qınaq,
Dərdinin bələyi bizimki olub.
Dünya boyda idik, zaman ələdi,
Ağrıdan millətin ruhu mələdi,
Eşqi yad götürüb, nə məsələdi?
Həsrətin mələyi bizimki olub.
Ayı hiyləsinə uyub gedəli,
Doğrunu kötüyə qoyub gedəli,
Doğma sevdalardan doyub gedəli,
Düşmənin kələyi bizimki olub.
Qışı gözləməyək, bu yay bitməmiş,
Vuraq möhürünü son ay bitməmiş,
Canımız dağlarda son hay bitməmiş,
Deməyin, deməyin bizimki olub.

HƏSRƏTİN SAÇINI YOLACAQ
Duymadın sən məni, duymadın,
Duyanda, qiyamət olacaq.
Könlündə-gözündə mən adlı,
Bir acı xatirə qalacaq.
Boşalıb ümidin əlləri,
Gözünə yığacaq, yolları,
Boynunda həsrətin qolları,
Bu ağrı səni də bulacaq.
Yolundan duman tək çəkildim,
Köksümdən divar tək söküldüm,
Tək sənli duyğuya büküldüm,
Duyunca gözlərin dolacaq.
Çiçəklər açıldı, çiçəklər,
Küləklər ötüşdü, küləklər,
Sanma ki, uçulan diləklər,
Yolunu bizlərə salacaq.
Ruhumu adına köklədim,
Bağrımı dərdinə ləklədim,
Sevdamı adınla təklədim,
Səsini sabahlar alacaq.
Bu dünya məni də üzəcək,
Əcəli canımda gəzəcək,
Ürəyin bəlkə də dözəcək,
Həsrətin saçını yolacaq.

GÖRÜNÜR
Qaçıram, pis adamlardan,
Gözümə yenə görünür.
Dünya başıma fırlanır,
Hər şey tərsinə görünür.
Həqiqəti udubdular,
Tanrını unudubdular,
Yolu elə tutubdular,
Dirənib tinə, görünür.
Hamısı zəlidi, zəli,
Özgə tikəsində əli,
Əməli şeytan əməli,
Bələnib dinə, görünür.
Bilmirsən dili, sirri nə,
Oxşayırlar bir-birinə,
Köksündə ürək yerinə,
Daşlaşmış sinə görünür.
Nifrət möhürü üzündə,
Pislik şahdı, hər sözündə,
Görən, bunların gözünda,
İnsan olan nə görünür?

AĞLAYACAQLAR, SƏNİ…
Adamı ağlına görə tanıyarlar,
doğru olan yoluna görə,
eşqinə, amalına görə
sevərlər, dostum.
Yolu olmayanın əxlaqı olmaz,
əxlaqı olmayanın imanı.
Sən hələ cavansan ,
bacarırsan, birinci özünü tanı,
keçə bilsən, dürüstlük adlı imtahanı.
Həyat çətin olacaq, sənə,
ilğımlarda çırpınan yaralı quşun
yaşamaq davası kimi.
Ürəyindəki xoş gün istəyi
aldada bilər səni,
təzə yaz havası kimi.
Görürəm, canında bir azca
sənlik olmayan həyata yürümək istəyi var,
haramın mayasına bulaşmış əllərə
əl vermək istəyi var.
Get!
Getdiyin gündən silinəcək adın
doğruların ürəyindən.
Əxlaqını girov götürüb,
asacaqlar səni, alçalıb qazandığın
çörəyindən.
Sənə əyilmək öyrədəcəklər,
yarınmaq öyrədəcəklər,
kiminsə qarşısında sürünmək öyrədəcəklər,-
Tanrının varlığını unutmuş adamlar,
könlünü-gözünü qan tutmuş adamlar.
Və sən bitəcəksən,
içindən qurumuş bir ağacın bitdiyi kimi,
quraqlığı can yandıran səhralarda
bir suya möhtacın bitdiyi kimi.
Özü yıxılan ağlamaz,
sən də ağlama.
Onsuz da haqqa tapınanlar baxıb halına,
hər gün ağlayacaqlar, səni.
