Paşinyan Moskvada Putinlə görüşüb

Bu gün Moskvada Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Görüş zamanı Vladimir Putin Ermənistanın inkişafı üçün bölgədə kommunikasiyalar üzərindən blokadanın götürülməsinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, regionda iqtisadi-ticarət əlaqələri və nəqliyyat marşrutlarının bərpa olunması Ermənistanın inkişafı üçün yeni imkanlar yaradacaq.

Daha əvvəl Rusiya Prezidentinin rəsmi saytında görüş zamanı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının həyata keçirilməsinin gedişi, eləcə də bölgədə mövcud problemlərin, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi kontekstində, həllinə dair gələcək addımların nəzərdən keçirilməsi planlaşdırıldığını bildirmişdi.

Paşinyan Putinə nə deyib?

Ermənistan Baş naziri Nikol Paşiyan Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı Rusiya sülhməramlı qoşunlarının Qarabağda olmasını bölgədə sabitlik və təhlükəsizliyin önəmli amilinə çevrildiyini bildirib.

Paşinyan Rusiyanın bölgədə atəşkəsin bərpa olması və blokadaların aradan qaldırılması üçün rolunu yüksək qiymətləndirib.

Eyni zamanda Ermənistan Baş naziri Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 9-da imzaladıqları bəyanatın şərtlərinin yerinə yetirilmədiyindən gileylənib.

Paşinyan hərbi əsir, girov və başqa saxlanılan şəxslərlə bağlı məsələnin həll olunmadığını bildirib.

«Biz dəfələrlə müzakirə etmişik ki, 9 noyabr bəyanatına əsasən bütün girovlar, hərbi əsirlər və başqa saxlanılan şəxslər vətənə qaytarılmalıdır. Təssüf ki, indiyə kimi Azərbaycanda bizim saxlanılan şəxslərimiz var»,- Paşinyan deyib.

Paşinyan Putinlə «hərbi əməkdaşlığın bəzi nüanslarını» müzakirə etmək istədiyini də deyib.

«Mən ümid edirəm ki, biz Rusiya-Ermənistan birləşmiş qoşun qrupunun və birləşmiş regional Hava Hücumundan Müdafiə sisteminin bəzi nüanslarını da müzakirə edərik», — Paşinyan deyib.

Daha əvvəl Paşinyan bəyan etmişdi ki, «regional təhdidlərə qarşı durmaq üçün» birləşmiş qoşun qruplaşmasını möhkəmləndirmək lazımdır.

Rusiya-Ermənistan birləşmiş qoşun qrupu 2016-cı ildə yaradılıb.

Paşinyan Putinə Rusiyanın iştirakı ilə Ermənistanda yeni atom elektrik stansiyası tikilməsini təklif edib.

«Mən bu gün strateji investisiya ilə bağlı bəzi məsələlərin müzakirə edəcəyimizə ümid edirəm və bu səpkidə sizinlə Ermənistan Respublikasında yeni atom elektrik stansiyasının tikilməsi imkanlarını müzakirə etmək istərdim», — Paşinyan Rusiya Prezidentinə deyib.(BBC)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •