Ərdoğan Zelenski görüşü ciddi marağa səbəb olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə keçirdiyi brifinqdə deyib:

Cənab Zelenskini ölkəmizdə qəbul etməkdən çox məmnunam. Görüşlərimiz zamanı ikitərəfli münasibətlərimizi ətraflı müzakirə etdik. Güclü bir Türkiyə olaraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.

«Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyini qüvvətli şəkildə müdafiə edib».

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Vladimir Zelenski ilə görüşdən sonra birgə mətbuat konfransında çıxışı zamanı deyib.

«Krımın ilhaqını tanımamaq istiqamətindəki prinsipial qərarımızı bir daha təsdiqlədik», — deyə R.T.Ərdoğan bəyan edib.

«Ukraynanın suverenliyi və ərazi bütövlüyünü bərpa etmək üçün Türkiyənin dəstəyi son dərəcə vacibdir».

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi brifinqdə deyib.

“Cənab Ərdoğandan bu dəstəyin davam etdiyini və gələcəkdə də Türkiyənin mövqeyinin dəyişməyəcəyini eşitdiyimə sevindim. Bu gün Türkiyə tərəfinə Ukraynanın müvəqqəti işğal olunmuş Donbas və Krım əraziləri barədə məlumat verdim”, — Zelenski bildirib.

Həmçinin səfərdə olan Ukrayna Müdafiə naziri Andrey Taran Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşündə «Bayraktar» PUA-larının tədarükünü, layihələrin inkişaf etdirilməsi məsələsini müzakirə edib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

«Nazirlər hərbi-texniki əməkdaşlığın ikitərəfli inkişafı məsələsini ayrıca müzakirə etdilər. Söhbət zamanı ötən ilin dekabrında imzalanmış «korvet» sinifli gəmilərin tikintisi, «Bayraktar» pilotsuz uçuş aparatlarının və hərbi sursatların tədarükü barədə müqavilələrin gerçəkləşdirilməsi, eləcə də digər, xüsusilə aviasiya sahəsində layihələrin inkişafı perspektivləri nəzərdən keçirilib», — məlumatda bildirilir.

Qeyd olunur ki, Türkiyə və Ukraynanın müdafiə nazirləri müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafında irəliləyiş olduğunu vurğulayaraq onların bundan sonra da dərinləşdirilməsi barədə razılığa gəliblər.

Görüşün sonunda Taran Türkiyə Milli Müdafiə nazirini Ukraynanın müstəqilliyinin 30 illiyi münasibətilə keçiriləcək mərasimə dəvət edib.

Bu xəbəri paylaşın: