İlham Əliyev »İsgəndər-M» barədə Rusiyadan cavab istəyir

Azərbaycan Rusiya istehsalı olan və bu ölkənin daxili istifadəsi üçün nəzərdə tutulmuş «İsgəndər-M» raketi qalıqlarının Şuşada tapılmasından sonra getdikcə daha açıq narazılıq ifadə etməkdədir.

Bu gün Prezident İlham Əliyev bildirib ki, o bu məsələni ötən həftə Rusiya lideri Vladimir Putinlə müzakirə edib.

«Bu çox həssas məsələdir, Azərbaycan xalqından gizlədə bilmərəm. Aprelin 1-də Rusiya Prezidenti ilə telefon danışığı zamanı mən bu sualı vermişəm və dedim ki, biz cavabı bilməliyik, Azərbaycan xalqı nə baş verdiyini bilməlidir»,- o deyib.

Cənab Əliyev bildirib ki, onların bu sual ətrafındakı söhbəti telefon danışığı ilə bağlı yayılmış rəsmi məlumatın bir hissəsi olmayıb.

Bunun ardınca Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığında «İsgəndər» qalıqlarının tapılması mövzusunun qaldırılıb-qaldırılmaması ilə bağlı suala cavab verib və bildirib ki, hərbi xətt boyunca «yaxın bir dialoq aparılır, bu müddətdə bütün müvafiq məsələlər müzakirə olunur».

Prezident Əliyev Rusiya Müdafiə Nazirliyinin Ermənistanın »İsgəndər-M» raketlərindən istifadə etmədiyi barədə bəyanatını tənqid edib. »Bu nə deməkdir? O deməkdir ki, Rusiya Müdafiə nazirliyi Ermənistan Müdafiə Nazirliyini idarə edir…Onlar bunu necə idarə edir?» — deyə o sual edib. O bu suallara hələ ki, cavab almadığını qeyd edib, »amma alacağıq» deyə əlavə edib.

Rusiya məktuba cavab verməyib

Prezident İlham Əliyevin sözlərinə görə, aprelin 4-də Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə rəsmi məktub ünvanlayıb və məktuba foto, video və başqa materiallar əlavə edilib. »Məktubda nə baş verdiyi barədə cavab istənilib.

Telefon danışığından 2 həftə, Müdafiə Nazirliyinin məktubundan 9 gün keçməsinə baxmayaraq heç bir cavab alınmayıb», cənab Əliyev belə deyir.

ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı konfransda çıxışında Prezident ötən həftə Azərbaycanda bir qrup media nümayəndəsi və bloqçunun Şuşada tapılan Rusiyaya məxsus «İsgəndər» raketinin qalıqları ilə bağlı Rusiyanın rəsmi mövqe bildirməsi üçün ölkənin Azərbaycandakı səfirliyinə müraciət etdiyini də xatırladıb.

«İsgəndər» buradadır. Heç yerə ixrac edilməməli «İsgəndər-M». Necə Şuşaya gedib çıxıb, haradan atılıb, kim atıb? Biz cavab gözləyirik,»- o deyib.

Rusiya Müdafiə Nazirliyi hələ fevral ayında Dağlıq Qarabağ münaqişəsi zamanı «İsgəndər» raket sistemlərindən heç birinin istifadə olunmadığını bildirmişdi.

Ermənistanın Rusiyadan Rusiyanın «İsgəndər -M» əməliyyat-taktiki raket sisteminin ixrac versiyasını aldığı barədə məlumatlar yayıldıqdan sonra, Rusiya ordusu fevral ayında verdiyi açıqlamada bütün raket sursatlarının Ermənistan silahlı qüvvələrinin anbarlarında olduğunu söyləmişdi.

»Raketin haradan atıldığını bilirik»

Cənab Əliyev onu da qeyd edib ki, bəzi suallara artıq cavab olsa da, onlar Ermənistandan rəsmi cavab gözləyirlər.

Azərbaycan Prezidenti raketin Ermənistan ərazisindən atıldığını bildirib.

«Bu, ciddi məsələdir. Bu, adi raket deyil. Bunun hansı məsafədən atıldığını, haradan, nə vaxt atıldığını bilirik… Azərbaycan xalqı bu suallara cavabı almalıdır,»- o qeyd edib.

İlham Əliyev «İsgəndər» raketinin qalıqlarının necə tapılması barədə də danışıb. O deyib ki, müxtəlif Ermənistan rəsmilərinin bu raketin atılması barədə bəyanatları olub və daha sonra video görüntülər yayılıb.

O raketin tapılması barədə göstəriş verdiyini və raket qalıqlarının Şuşada tapıldığını deyib.

«Daha əvvəl ona görə tapılmadı ki, müharibədən sonra Şuşaya qar yağmışdı. Mən özüm yanvar və fevralaylarında orada olanda qar var idi. Qar əridi və tapıldı,»- o deyib.

İlham Əliyev raketin qalıqlarının tapılmasından sonra baş verənləri «qəribə» adlandırıb.

«Ermənistanın Baş naziri Paşinyan deyir ki, (raket-red.) istifadə edilib. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi deyir yox… Bu nə deməkdir? O deməkdir ki, Rusiya Müdafiə nazirliyi Ermənistan Müdafiə Nazirliyini idarə edir, Konaşenkovun sözləri bu deməkdir?»

«O deyəndə ki, Ermənistan istifadə etməyib, bütün «İsgəndər»-lər anbardadır. Onlar bunu necə bilir? Onlar Ermənistan anbarını idarə edir? Onlar Ermənistanın anbarını idarə edirlərsə, bu raketlər kimə məxsusdur? — Prezident sual edib.

İlham Əliyev Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bundan əvvəl İsgəndər raketinin istifadə edilməməsi ilə bağlı bəyanatı ilə bağlı danışıb.

«»İsgəndər» buradadı. 15 dəqiqəlik məsafədə. Gedib baxa bilərsiniz. Mən dünən özüm görmüşəm. Hərbi Qənimətlər Parkında. Bu, «İsgəndər» deyil, «İsgəndər-M»-dir bunu Ermənistan ordusu heç vaxt sahib ola bilməz,»- o deyib.

İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında çıxış edərkən Ermənistanın İsgəndər raketinə necə sahib olmasını sorğulamışdı.

«Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq,» — o deyib.

«İsgəndər» raketi nədir?

Bu raketləri keçmiş SSRİ və hazırda onun varisi olan Rusiyanın silah sənayesinin qüruru sayılan silahlardan biridir.

Raket kompleksi hazırda dünya üzrə yalnız Rusiya və Ermənistanın silahlanmasında istifadə olunur.

«İskender» raketlərinin E (export), F (fuqas), K (kaset) və M (modern) kimi versiyaları mövcuddur.

Bu raketlər 500 kiloqram ağırlığında partlayıcı maddə daşımaq gücünə malikdir.

Ölçüləri 7 metrdən uzun, diametri 92 santimetr olan raket çox yüksək uçuş sürətinə malikdir.

«İsgəndər» raketlərinin nüvə başlığı daşımaq imkanına malik olduğu bildirilir.

«İsgəndər» raketlərinin M versiyası nüvə başlığı daşıya bilir. O, böyük komanda məntəqələri, aerodromlar, aviabazalar, rabitə qovşaqlarının zərərsizləşdirilməsi üçün nəzərdə tutulur.

Hərbi məsələlər üzrə təhlilçi Ədalət Verdiyev bundan əvvəl BBC News Azərbaycancaya deyib ki, «İsgəndər-M» raketlərinin ixracı beynəlxalq müqavilə ilə qadağan olunub.

«O müqavilə ABŞ və SSRİ arasında 1987-ci ildə imzalanıb və orta və yaxın mənzilli raketlərin ləğv edilməsinə dair sazişdir. Rusiya həmin sazişi 2019-cu ildə tərk edib. Həmin müqavilə dolayısı ilə bu kimi raketlərin nəinki satılmasını, hətta ləğvini nəzərdə tuturdu. Rusiya bu sazişin tələblərini də yerinə yetirməyib. Burada raketlərin tək Ermənistana ötürülməsi deyil, həm də ABŞ qarşısında öhdəliklərini yerinə yetirməməsi barəsində fakt ortaya çıxır. Mütləqdir ki, buna Pentaqonun (ABŞ Müdafiə Nazirliyi -red.) bir reaksiyası olacaq,» — Ədalət Verdiyev deyib.(BBC)

Bu xəbəri paylaşın: