
Əntiqə Qonaq
Əməkdar jurnalist
Sən mənim kiçik dayımın nəvəsi, nəslimizin sevimlisiydin. Adının mənası sabah yeli olmalı. İnsanların çiyərləri dolusu çəkdikləri sərin sabah yeli. Özün kimi, qəlbin kimi tərtəmiz…günəş kimi doğdun, sabah yeli kimi gəldin, axşam ayazı kimi aramızdan getdin…
Sən əsgəri xidmətini vicdanla yerinə yetirib ailənə döndükdən sonra çox da duruş gətirə bilmədin. Hərbidə ömürlük xidmət etmək üçün könüllü yazıldın. Qusardakı Quru qoşunlarında 9 ay idi ki, xidmət edirdin. Və sentyabrın 27-də hərbi hissə ilə birlikdə ön cəbhəyə yollandın. Bir aylıq döyüş yolun zəfərlərlə dolu. Kəşfiyyatçıydın. Xüsusi təyinatlıların sıralarına cəlb etmişdilər səni. Elə bir döyüş tapşırığı olmazdı ki, birincilər sırasında getməyəsən. Və vəzifəni yüksək səviyyədə yerinə yetirib qayıdırdın. Komandirin, döyüş yoldaşların sənin şücaətlərindən, qəhrəmanlıqlarından o qədər bəhs edirlər ki…ürəkliydin, qorxmaz idin, sinəni qabağa verərdin, yoldaşlarını qoruyardın…Ta Xocavənd istiqamətində beynindən ağır qəlpə yarası alanadək. 26 oktyabrda yaralandığın üçün döyüşçü yoldaşlarından ayrılmalı oldun. Və dalbadal iki beyin əməliyyatı və komaya düşdün…
Sən düşmən gülləsindən ölməyi özünə sığışdırmırdın. Buna mən əminəm. Yoxsa 155 gün ölümlə həyat arasında mücadilə verməzdin. Biz sənə inanırdıq. Sənin mənfur ölümə qalib gələcəyinə inanırdıq. Sən canınla, ağrılarınla yaşam mücadiləsi verərkən biz də dualarımızla sənə kömək olmağa çalışırdıq. O qədər dua edirdik ki…nədən heç bir diamız o uca qatda eşidilmədi…
Mən səni uşaq ikən görmüşdüm. Yeniyetmə çağlarını o qədər də xatırlamıram. Amma bu 5 ay yarımfa hər gün səni düşündüm, səninlə nəfəs aldım. Necə istəyirdim sənin sağalıb ayağa qalxmağını. Mənim nağıl qəhrəmanım möcüzə göstərəcək deyirdim, bizi sevindirəcək deyirdim. Nədən olmadı ilahi? Nədən itirə-itirə gedirik gül üzlü igidlərimizi?..
Sən nədən bizi bu qədər tez tərk etdin? Sən nədən ölümə bu qədər tələsdin? Evlənməyə də tələsmişdin. Ona görəmi ki, özündən sonra Babəki yadigar qoyasan? Bunun üçünmü Səbuhim? Demək istədiyin, amma deməyə macal tapmadığın nə qədər sözün-söhbətin getdi səninlə. Sən hər şeyi yarım qoyub getdin 24 illik ömrün kimi. Sən bizi param-parça etdin igidim. Sən bizi bir ömür gözü yaşlı qoydun. Sən bizi ümidsizliyin dibinə atdın…sən…sən…çox əzab çəkdin. Canın çox ağrıdı bilirəm. Anan Samirə əllərindən tutanda gözündən axan yaş bunu bildirirdi. İndi ağrılarını özünlə apatdın, acılarını bizə qoydun.
Getdin rahat uyumağa Allahımın dərgahında. Getdin mələklərin yanına yaralarına məlhəm çəksinlər deyə…rahat uyu….şəhadətin, cənnətin mübarək ciyər param Səbuhim…bizə sağalmaz dağ çəkib gedən mələyim…





