Böyük Azərbaycan yazıçısı Sabir Əhmədlinin Anım günüdür

Böyük Azərbaycan yazıçısı Sabir Əhmədlinin Anım günüdür. Qəlbi Qarabağ eşqiylə çırpınan Xalq yazıçısı S. Əhmədli həm də şəhid atası kimi hər bir döyüşçü üçün əziz və doğmadır və müqəddəsdir. Böyük yazıçının qardaşı Cəmil Əhmədov isə II Dünya müharibəsində Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb.

Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdu. 1951-ci ildə ADU-nun filologiya fakultəsini bitirib.

1951-1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim işləmişdi. 1955-1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləmişdi. «Ədəbiyyat və incəsənət» qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) olub.

1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilmişdi.

Ədəbi fəaliyyətə 1951-ci ildən «Pioner» jurnalında çap olunan «Poçtalyon» hekayəsi ilə başlamışdır. 1961-ci ildə onun «Bir payız axşamı» kitabı çıxmışdı. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilib.

Qarabağ hadısələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri — «Qarabağın gecikmiş yazı», «Qarabağın qarlı səngərləri» «Ədəbiyyat və incəsənət» qəzetinin 1992-1993-cü illərdə dərc edilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.

Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, görkəmli nəsr ustası və şəhid atası Sabir Əhmədli özündən sonra Azərbaycan ədəbiyyatına «Görünməz dalğa», «Pillələr», «Dünyanın arşını», «Yamacda nişanə», «Toğana», «Yasamal gölündə qayıqlar üzür», «Şəhid ruhu», «Axirət sevdası», «Gedənlərin qayıtmağı», «Yanvar hekayələri» kimi fərqli və maraqlı əsərlər qoyub getdi. Onun hər bir əsərində dövrünün ictimai proseslərinə, cəmiyyəti narahat edən məsələlərə, insanın mənəvi dünyasına öz baxış tərzi var.

Sabir Əhmədli 2009-cu il aprelin 17-də Bakıda vəfat etmişdir.


Sabir Əhmədli kimi şəxsiyyətlər tarix üçün doğulur və belə insanlar əbədiyyət yolçularıdır. Bu gün dahi yazıçımızın Anım günüdür. Qarabağ nisgili və nigarançılığı ilə bizlərə vida edən Sabir Əhmədli ruhu, bu gün yəqin ki, doğma yurdların azadlığından şaddır.

Allah Sizə rəhmət eləsin Ustad!

Məkanın cənnət olsun!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: