
ELBARİZ MƏMMƏDLİ
Hələ bu torpağın çox ağrısı var,
Hələ düşdüyümüz yollar, yarıda.
Millətin tamlığı gətirər, bizə,
Arzuda yaşayan uzaqları da.
HƏLƏ BU TORPAĞIN ÇOX AĞRISI VAR
Yenə də istismar baş alıb gedir,
Yenə həmin oyun, həmin qaydadı.
Nə vaxtsa bu sular, durular, deyə,
Hamının qulağı hay-haraydadı.
Hardadı, millətin əli boş qalıb,-
Fikir adamları, söz adamları?
Çörək bu qədərmi əyib, hamını,
Bitib məmləkətin düz adamları?
Əli qələm tutan sevgidən yazır,
Ruhu əzilmişdə sevgi varmı ki?
Qardaş, bu dünyada Fərhad nə gəzir,
Bu ruhla Bisutun çapılarmı ki?
O qədər mənasız keçir ki, həyat,
Hər gün bir uğursuz dünəndi, vallah.
Dünyanın ən böyük dərd sahibləri ,
Bayrağı hardasa enəndi, vallah.
Ümid axtarırıq, olmayan yerdə,
Qalmışıq əlində boşboğazların.
Kimdi, bu millətə sırıyan, elə,
Yolu əyriləri, ağlı azları?
Hələ çəkilməyib, dağlardan duman,
Tükənmir əməli xain əllərin.
Susub əllərində girinc qalmışıq,
Suyu bulandıran bədəməllərin.
Hardasa, bir xain əli uzanıb,
Hardasa, savaşan əsgər zorlanıb.
Başımız qeybətə elə qarışıb,
Cinayət gizlənib, vaxt oğurlanıb.
Hamı başda başdan istəyir haqqı,
Baxmırıq, ayağın nə niyyəti var.
Ayaqda olandan başa yazırıq,
Millətin qəribə xasiyyəti var.
Haqqını istəmək düzlük timsalı,
Çəkib almalısan, haqq sənindisə.
Sabahkı günlərə ümid bağlama,
Zaman sənindisə, vaxt sənindisə.
Hamımız, hamımız yaşayıb keçdik,
Sökdü canımızı, neçə vaxt dərdi.
Şükr, üzümüzü güldürüb, bir az,
Dərdlərin böyüyü, Qarabağ dərdi.
Hələ bu torpağın çox ağrısı var,
Hələ düşdüyümüz yollar, yarıda.
Millətin tamlığı gətirər, bizə,
Arzuda yaşayan uzaqları da.

VƏTƏN TÜRKÜSÜ
Sən varkən könlümüzün günəşi batmaz olacaq,
Keçsək adından bir an, əbədi tarmar olarıq.
Uğrunda qan tökülüb, can verilib, eşqin üçün,
Bu eşqi yaşatmasaq, min bir dərdə yar olarıq.
Dörd yanın asi olub, qılınc çəkib varlığına,
Min ildi daş atılır, susmuş bəxtiyarlığına,
Oxları tuşlamasaq, xain qəlbin darlığına,
Bu amansız dünyaya çox çətin ki, yar olarıq.
Gör, hardan başlamışıq, ruhumuz doğulan yolu,
Qayıdıb var eləyək, ümidi soğulan yolu,
Açsaq üzü Doğuya, içinə yığılan yolu,
Çatarıq haqqımıza, külli-ixtiyar olarıq.
İndi zaman başqadı, güclü olandı, haqq olan,
Ataq boş ümidləri, fəqət talandı, haqq olan,
Neçə ki, dünya belə, vallah yalandı, haqq olan,
İnansaq hiyləsinə, əbədi ağlar olarıq.
Türkü türkdən ayırıb, gör, neçə qola bölüblər,
Bir olan yolumuzu ah, neçə yola bölüblər,
Doğudan Batıyacan lap, tala-tala bölüblər,
Dözsək bu dərdlərə biz, sinəsi dağlar olarıq.
Bilmirik, Altaylarda yağışlar nə rəngdə yağır,
Dərya tək dəlisovdu, yoxsa ki, göyləri, fağır,
Yetər, son ümidini Baykalın həsrəti sağır,
Təki könül istəsin, Tibetdə də var olarıq.
Nə taledi düşmüşük, farsın, rusun girdabına,
İçində üsyan elə, bir vida söylə, tabına,
İlk düşən imza sənin, mərdanəlik kitabına,
Dönməsək ilkimizə, yer üzündə xar olarıq.
Səhərin dan üzündə tutub yenə qan üfüqü,
Gözü yollarda qalıb, könlümüzün can üfüqü,
Nə xoş, görünür daha, uzaqdan Turan üfüqü,
Əlimiz əllərinə yetincə, bahar olarıq.

TƏZAD
Koronavirusun qorxulu tənhalığında,
üşüyür döyülməyən qapılar,
bir yadlıq azarına tutulub, hamı,
beləcə yola veririk, günü,
beləcə aldadırıq səhəri, axşamı.
Növbələrdə yeyir bir-birini,
ölümdən qorxan adamlar,
ölümdən də betər olan
sabahını görməyən,
hər şeyə saman çöpü kimi baxan adamlar.
Təkcə ölümdən qaçan növbələrdə
duyuruq, bunları,
salıb hamımızı yaz qırxınına,
özəl klinikaların
pul qatlayan maşınları.
Burda Tanrını tanıyan yoxdu,
Hippokratı hərləyən,
saxta reseptlərlə insanlığı zəhərləyən
ağ xalatlı canavarlar dolaşır, ortada.
baxan da yoxdu pulsuz kasıbın
əzabdan üzülmüş yazıq sifətinə,
ölümü də maraqlı deyil, kimsəyə.
kasıblıq boyuna biçilib, deyə
qisməti ayaq altda ölməkdi,
gecə saatlarının rejimi pozulmuş
vaxtında
kəfən kimi əyninə geydiyi
sükutlu bir saata bükülməkdi — gözü
özəl klinikaların pullu qapılarında.
Onsuz da aman yoxdu,
yuxarıların tükənmiş vicdanından,
koronanı paraya çevirib çıxarırlar
adamların canından.
Vallah, korona daha insaflıymış,
sıramızın qansız adamından.

BAX
Sən mənə ağıl öyrətmə,
Bircə kərə özünə bax.
Gözünü çəkmə kənara,
Adamların üzünə bax.
Gör, tanışmı bu can,sənə?
Öz ruhundan qaçan, — sənə,
Ağrı gəlsə haçan, sənə,
Dön geriyə, izinə bax.
Yalandan kükrəyib, coşma,
Sənlik olmayanı aşma,
Məni əyməyə çalışma,
Yerdə qalan dizinə bax.
Doğmanı necə, saymadın?
Kimsəni heçə saymadın,
Sən ki, Haqqı UCA saymadın,
Get, ağanın sözünə bax.
Gedib ömrün, alçalıbsa,
Haram sənə əl çalıbsa,
İçində diri qalıbsa,
Vicdanının gözünə bax.

SEÇ
Ümidlər tükənir, daha ,
Var olmağa, yerini seç,.
Qarşındakı iki yolun,
Birini tut, birini seç.
İçində haqqa üsyan var,
Bu yolda verməli qan var,
Bir ölü, bir diri can var,
Sabah üçün dirini seç.
Demə, qəm çöküb ağlıma,
Hər gün dərdindən ağlama,
İtə çox ümid bağlama,
Seçirsənsə, börünü seç.
Kimdi, bizi içdən vuran?
Nəfsi, niyyəti quduran?
Darda sənə arxa duran,
Ruhu, yönü bərini seç.
Dünya ki, var, üzü qandı,
Üstündə nələr yaşandı,
Xırda arzular aşandı,
Seçəndə, ən irini seç.
Tamah yolu uzun olmaz,
Var olmağa üzü olmaz,
Ruhu olan asi olmaz,
Seç ruhun əsirini, seç.
Kök nədi, canında tabın,
Başqadı, hesab- kitabın,
Son kərə Tanrıya tapın,
Haqq olmağın sirrini seç.

