Göyçayda yaşayan müharibə veteranı intihar edib.
Bu barədə saytımıza Birinci Qarabağ müharibəsində intihar etmiş Müğdət Nəsirovun döyüşdüyü hərbi hissənin komandir müavini olmuş, ehtiyyatda olan kapitan Saleh Əliyev məlumat verdi.

Saleh Əliyev bildirdi ki, Müğdət Nəsirov hərbi hissənin qəhrəman və bacarıqlı əsgərlərindən biri kimi tanınırdı. İstənilən döyüş tapşırığını qüsursuz yerinə yetirərdi. Bu gün onu intiharına səbəb Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə illərcə etdiyi müraciətlərə cavab verilməməsi olub.
Təkcə bu il Həkim Ekspert Komissiyasına 8 dəfə sənəd göndərib. Ən son imtina cavabından sonra qəbula gəlib və onu qəbul etməyiblər. O, da bu qanunsuzluğa etiraz olaraq öz həyatına qəsd eləyib.
Göyçay rayonunda intihar hadisəsi baş verib.
«Göyçayın səsi» İnformasiya Agentliyi (Şahnəzər Bəşirov) xəbər verir ki, rayonun Ləkçıplaq kənd sakini, 1973-cü il təvəllüdlü Nəsirov Müğdət Rəsul oğlu bu gün axşam saatlarında yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq öldürüb. Hadisə zamanı digər ailə üzvləri evdə olmayıb.
Onun həyat yoldaşı bu gün Bakıda tələbə olan qızlarının yanına gedib. Kənd sakinlərinin verdiyi məlumata görə 3 uşaq atası olan Müğdət Nəsirov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına pensiya təyinatı ilə bağlı 8 dəfə etdiyi müraciətdən sonra yenə imtina cavabı aldığı üçün özünə qəsd edib. Ömrünün 7 ilini hərbiyə həsr edən qazi Muğdət Nəsirov Birinci Qarabağ müharibəsində fəal iştirak edib, ayağından və qolundan ağır yaralandığı üçün hərbidən tərxis olunub.
O, pensiya almaq üçün hərbi hospitallarda müalicə olunması ilə bağlı lazım olan bütün sənədləri dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına göndərsə də əlilliyin verilməsi barədə müsbət cavab ala bilməyib.
Həmçinin, Göyçay rayon Mərkəzi Xəstəxanası qazinin xəstəliyi və Bakının səhiyyə ocaqlarında müalicəsi ilə bağlı sənədləri toplayaraq elektron qaydada tibbi sosial ekspert komissiyasına göndərib.
Qazi Muğdət Nəsirov sonuncu dəfə bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin qəbuluna getsə də onunla görüşə buraxılmayıb.
Muğdət Nəsirov Göyçaya qayıdaraq özünü asıb. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Məsələyə münasibət bildirən Saleh Əliyev bildirdi ki, sosial sahə bərbad gündədir. Bunların islahatı faktiki əlil olanlara əlillik dərəcələrinin verilməməsi, insanların haqsız yerə pensiyalarının kəsilməsi kimi yarıtmazlığı islahat adıyla xalqa sırımağa çalışmaları acı təəssüf doğurur. Bu cür islahatçılığı olmaz olsun!
Yeni yaradılan qurumlar da köhnə döyüşçülərə köhnə olduqları üçün, yeni döyüşçülərə də yeni olduqlarını bəhanə edib yardım etməkdən yayınırlar. Hələ bir neçə rayonda İcra Hakimiyyətlərinin tapdığı «əlaltı» veteran şöbəsi müdirlərindən iyrənc məlumatlar daxil olmaqdadır və yaxın günlərdə döyüşçü olmaları şübhə doğuran belə adamların haradan tapıldığı barədə tənqidi materialları diqqətinizə çatdıracağıq…
Allah döyüşçü qardaşımıza rəhmət eləsin! Dərd çox, həmdərd yox…
Elnur Səlim
