XAQANİ ƏDƏBOĞLU
Bu ucuz mövzuya qayıtmağıma səbəb xaricdə yaşayan soydaşlarımızın xahişi oldu. Elə bil dünən köşə yazısı deyil serial yazmışam. İsrarla bunun davamını istədilər. Onları qırmadım, ən azı Fedai.az-ı öz saytları elan etdiklərinə görə milli «Rembo»muzun ikinci variantını yazmalı oldum.
…Bu gün dünyanın ən pis adı olan «rüşvətxor» adı, bizim ölkədə adi qarşılanırsa, «ayağı sürüşkənlik» adi məişət hadisəsi sayılırsa, xainlik müdafiə olunursa, şərəfsizlik fəxarətli iş sayılırsa, vay bizim halımıza. Yaxşı ki, bunca məqsədli və bir-birinin cibindən çıxan media resurslarının fonunda yiyəsiz-sahibsizliyini qoruya bilən sosial şəbəkə var. Bu şəbəkə olmasa bir para «atası azərbaycanlı olanlar» var ki, insan ətindən kolbasa istehsalına həmən başlayarlar. Dərimizdən çarıq tikib satarlar.

Ölkədə sosial narazılığı yatırmağın tək bircə yolu var. Şikayətçiləri dinləmək üçün baxımsız bir komitəmi, komissiyamı yaradılmalıdır. Qocalar və Əli Həsənov dönəmində şikayətlərin gəlir mənbəyinə çevrilməsini yazmışdıq. Filan qədər ver, səndən olan şikayətləri yazaq öz üstünə. Cavanlar isə bu gün, deyəsən ev ərköyünlüklərini təyin olunduqları nazirliklərə köçürüblər. Deyəsən, bu ərköyün cavanlar məktubları oxumadan cırıb atırlar və sonra da üzə dururlar ki, məktub-zad gəlməyib. Buna ishalat deməyəsən, nə deyəsən?
Dərdli deyingən olar, deyiblər. Amma bizim zorla evimizə özünü soxan televiziyalar hər gün Hüseynbala Mirələmov kimi sığal çəkməklə məşğul deyillərmi? Bir soruşan olubmu ki, bu Bayram Nurlu var ki, bu adam hansı «incəsənət» növünün və s. ekspertidir ki, televiziyalar onu tez-tez evinəcən təbliğ edirlər? İşi törədənin deyil, görənin gözünü çıxaran bir məmləkətdə Hüseynbala yoldaşın bu yaşda özünü danması qəlbimi ağrıtdı. Yadıma İsa peyğəmbərin bu sözləri düşdü: «Sizin aranızdan bir nəfər sübh doğana qədər məni 12 dəfə danacaq və məni inkar edəcək». Mirələmov isə özünü inkar edərək, danışdığı telefon nömrəsini belə danaraq deyir: «Mən deyiləm, mənim nömrəm deyil».
Yenə yadıma bir lətifə düşdü. Üzbəüz yaşayan iki qonşu varmış. Bir gün necə olursa, ər, arvad Mirələmovun kamerası kimi açıq qalan pəncərəni unudub «sığal çəkmə» ilə məşğul olurmuşlar. Qonşusu da evdəkilərlə durub tamaşa edirlər və qonşu səhəri gün qonşunun qarşısını kəsir ki, bəs ayıbdı, falan, filan. Günahkar qonşu özünü itirib deyir ki, vallah o işlə məşğul olan mən deyildim…
Bir də ki, yəqin xanımın «nəziri» varmış. Hər kəs seyidin üstünə düşüb. Ya da ki, hər iş başlayanda bir seyid kimi «dala vurub göz açmaq» böyüklüyü göstərirmiş. Ya da cavanlığında hardasa «dəvə dalı yağlamaqla» məşğul olubmuş. Ola bilər ki, bu yeni iş üslubu yazıçı-mühəndisin mənəvi-texniki nailiyyətlərindən biridir.
Hüseynbala müəllimin ortaya çıxardığı əsər başlıqlarının diliyə onun 76 illik ömür yolunu incələdim. Bakıya “Bir tikə çörək” dalınca gəlmişdi. “Tənha durna uçuşu”yla uçmağa başladı. Azərbaycan ədəbiyyatında çox bilmiş «injener», Azərbaycanın texniki elmində isə vur-tut ortabab yazıçı kimi tanınıb, başını saxlayırdı. “Yaddaş ağrısı”yla yaşadığı bir ömrə, “Vicdanın hökmü” ilə bir «Xəcalət» nöqtəsi qoyuldu. İndi bu gün onun səsini “Güllələnmiş heykəllərin fəryadı” kimi kimsə eşitmək istəmir. İndi çoxlarının bilmədiyi bir obyektdə oturub «Vicdan cəzası»nı gözləyir. Amma Allahşükür Paşazadə nə olduğunu bilmədiyi bir şeyə əsər yazan seyidin həzin sonluğu elə belə də olacağı bəlliydi. Beləcə 76 illik ömrünü ədəbiyyatla «qaz»lama arasında keçirmişdi, amma nə elmiylə, nə ədəbi «dühasıyla» deyil, bir sol əl xətasıyla dilə-dişə düşdü. Həm də fotoları incələyərkən, bir məsələni yəqin etdim ki, elə Hüseynbala müəllim, yazıda sağaxay, digər «levi» işlərdə isə solaxaymış, elə sonunda da bu solaxay iş onu yaxaladı…
Buna talesizlik də demək olar. Ömür boyu sağ əlinlə hekayə — zad yazasan, sənə Anarın bir «Xalq yazıçısı» adını verməyələr, amma sol əl ilə bircə «sığal» çəkəsən ABŞ-ın say — seçmə «Jimmy Kimmel Live” proqramına «qonaq» ediləsən. Özü də ki, məlum video insanlar tərəfindən gülüşlə qarşılanıb. Yəqin buna görə deyiblər ki, sağ əl etdiyindən sol əlin xəbəri olmamalıdır. Daha bu deyimin bizim məmur etdiklərimiz arasında özgə yozumu ola bilməz. Sağ əlinin zəhmətinə bir şey verməsəniz də, heç olmasa sol əlinə bir şey versinlər. Amma verməsələr də, mütləq alacaqlar.
İndi çoxlarının əlinə girəvə düşüb. 76 ilə girdiyi bütün yerlərdən, dağ boyda kişini çıxarthaçıxartdır. Ağlınıza Hüseynbala ağa «əl çəksin». Elə bil çoxları da bu videodan daha çox şey gözlədiklərinə görə kişidən narazıdırlar. Biri yazır ki, kişi «namaz qılır», biri yazır ki, «oruc tutur», biri yazır ki, «xırda məsələdir», biri deyir ki, «qızın qulağı eşitmir», biri yazır ki, qızın əri hacıdır» və s. və i.a. Amma bircə ağıllı çıxıb yazmır ki, 76 yaşlı kişiyə 10 vəzifə verəndə bu adamın qulaqla dalı dəyişik salması məğbuldur. Sadəcə yazılanlardan aydın olur ki, milli təfəkkürümüzdə «mənim pisim, sənin pisindən yaxşıdır» əxlaqıyla həyatda sürünənlərin arasındayıq. Bunu yazmaq əvəzinə, Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov YAP üzvlüyündən xaric edilməsi ilə bağlı İdarə Heyətinin üzvlərindən Musa Quliyev, Elmar Qasımov, Arif Rəhimzadə, Hikmət Babaoğlu, Bahar Muradova, Mübariz Qurbanlı, Ədalət Muradov və Rəşad Mahmudov çıxış ediblər. Hüseynbala Mirələmovun tutduğu bütün seçkili vəzifələrdən azad edilməklə, Yeni Azərbaycan Partiyasının sıralarından xaric olunması barədə yekdil qərar qəbul edildiyini yazırlar. Kafedra müdirliyindən çıxarılmasını yazırlar. Hələ bir azdan arvad tərəfindən evdən qovulduğunu da yazacaqlar. Bəlkə də yazıblar…
Yıxılanı görüb hər kəsin balta götürüb gəldiyi üçün Hüseynbala Mirələmov haqqında bircə cümlə də olsa xoş söz yazmaq üçün çox düşündüm və araşdırma apardım. Amma nə yazıq ki, bu adam haqqında cümlə cəhənnəmə, heç ən qısa bir xoş söz də tapa bilmədim. Bu gün çalınan bu zəng əxlaqda Mirələmovdan qat-qat pis olanları oyandırmalıdır. Heç biriniz haqqında bircə yaxşı söz tapa bilməyəcəyik. Öncə insanlığın unudulduğu bir məkanda Adam olmaq lazımdır.
Yekun olaraq Hüseynbala Mirələmovun bir əsərindən iqtibasla bir daha bu mövzuya qayıtmamaq şərtiylə sağollaşıram.
Qeybdən gələn səs demişdi: ”Nəyi gözləyirsən, ay oğul? Əlli tərpən, tapşır ananı torpağa. Torpaq insandan etibarlıdır. İnsan əlacsız qalanda yerindən, yurdundan çıxır, amma milyon ildir ki, dağ-daş öz yerində-yurdundadır. Sən arxayın ol ki, torpaqda əmanətə xəyanət yoxdur” (H. Mirələmov «Xəcalət»).
Hər halda son olan elə torpaqdır. Torpaq hər eyibi örtə bilir, adamlar kimi deyil…

P.S. Ən son əldə etdiyimiz məlumata gör, bu video 3 ay öncə çəkilib. Titrdəki yazılar bunu göstərir. Yəni 27 yanvar 2021-ci ildə çəkilən video, niyə 3 ay sonra sosial mediyaya ötürülüb? Çox təəccüblüdür…



