Rusiyalı sülhməramlılar İkinci Dünya Müharibəsinin ildönümü ərəfəsində Qarabağdakı abidələrin bərpası ilə bağlı aksiyanı davam etdirirlər. Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirir.
Şənbə günü yayılan açıqlamaya əsasən, Şuşa şəhərinin sakinləri rusiyalı sülhməramlıları ilə birlikdə İkinci Dünya müharibəsi iştirakçılarına qoyulan monumental abidə kompleksinin elementlərinin təmizlənməsi və rənglənməsi, eləcə də bitişik ərazinin nizamlanması üzrə işlər aparırlar.
«Bir ay əvvəl Zaqafqaziya bölgəsindəki Böyük Vətən müharibəsi qəhrəmanları və iştirakçılarına abidələrin sahmana salınması kimi çox vacib bir layihəyə başladıq. 70-dən çox abidəni qeydiyyatdan keçirdik. Bu gün onlardan 50-dən çoxu nizama salınıb, » — Rusiya sülhməramlı kontingentinin komandan müavini, general-mayor Sergey Jmurin deyib.
Məlumata əsasən, aparılan işlərdə yerli sakinlər və Rusiya sülhməramlı kontingentinin Humanitar Mərkəzinin hərbçiləri iştirak edirlər.
«Bu gün biz Şuşa şəhərinin ərazisindəyik, burada da Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş abidə var. Azərbaycan tərəfi, sülhməramlılarla birlikdə onu qaydaya salır. Bu iş təkcə ayrı-ayrı məntəqələrdə deyil, bütün bölgə boyu da davam etdirilir.»
Azərbaycanla Ermənistan arasında 44 gün davam edən müharibəyə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında noyabrın 9-da imzalanan üçtərəfli bəyanatla son qoyulub. Həmin rasılaşmaya əsasən, bölgəyə rus sülhməramlıları gətirilib.(BBC)
