
ELBARİZ MƏMMƏDLİ
Qəribə hava var, bu məmləkətdə,
Bilmirsən, adamlar nə ovqatdadı.
Çoxu dinən deyil,- dünya dağılsa,
Elə bil varlığı süngü altdadı.
NƏ VAR ŞEİRLƏRDƏ VƏTƏN YAZMAĞA
Qəribə hava var, bu məmləkətdə,
Bilmirsən, adamlar nə ovqatdadı.
Çoxu dinən deyil,- dünya dağılsa,
Elə bil varlığı süngü altdadı.
Hamının üzündə bir intizar var,
Hamının üzündə bir qəm kölgəsi.
Görən, dərdlərindən qurtulacaqmı,
Bu kədər ölkədi, bu qəm ölkəsi?
Baxıb, sifətinə, bu əzabların,
Bir duyğulu şeir yazmaq da olmur.
Yaz gəlib, qoşulub gözəlliyinə,
Çiçək dənizində azmaq da olmur.
Hələ də zülməti işıq sayan var,
Qara günlərinə dönüb ağ deyir,
Orda nə baş verib, — vecinə deyil,
Çoxları yalandan — Qarabağ — deyir.
Niyə yaşayırıq, düşünən varmı?
Burda ölməyə də yüz sədd qoyulub.
Kiminsə dilindən kağız alınıb,
Kiminsə içinə sərhəd qoyulub.
Doğması əlində girovdu, yadın,
Hökmə sahib olub, hər yoldan ötən.
İlahi, qanını satarmı, adam?
Bu, ruhu yadlarla neynəsin, Vətən?
Bir canı yanana, əlini atmır,
Hamı ümidini Haqdan istəyir.
Kənddə bir gədaya söz deyəmməyən,
Pozulan haqqını şahdan istəyir.
Sahib olammırıq, bizim olana,
Nə var, şeirlərdə Vətən yazmağa.
Susub oturmuşuq, bir damın altda,
Rus gəib dağlarda plan cızmağa.
Bir olan milləti kimsə, əyəmməz,
Hamı cürətini sınamalıdı.
Bu torpaq kiməsə pay verilməyib
Hər kəs öz haqqını tanımalıdı.

VƏTƏN
Düşdü yenə adın, dəbdən,
Kimsə bu haqda oxumur.
Hamı nəfsi qucağında,
Durub qıraqda, oxumur.
Yem çıxarır daşdan, biri,
Çıxammadı qışdan, biri,
Min canı yanmışdan biri,
Çıxıb qabaqda oxumur.
Sükut yenə başı yarır,
Fikir hamını aparır,
Nə bülbüllər səs çıxarır,
Nə alabaxta oxumur.
Əli yuxarı çatanlar,
Parlamana can atanlar,
Əyriliyə züy tutanlar,
Yarınır taxta, oxumur.
Dərdin yetim — yesirlikmiş,
Ruhun hələ əsirlikmiş,
Bu birlik yalan birlikmiş,
Göz dikib vaxta, oxumur.
Hamımız nağıl əsiri,
Diriykən ölüyük, diri,
Sənə yazılan şeiri,
Arvad-uşaq da oxumur.

BÖLÜNÜB
Yenə fikri qarışıbdı, millətin,
Yarı belə, yarı elə, bölünüb.
Cavabı yox sualların önündə,
Yarı suya, yarı lilə, bölünüb.
Bitməyibdi sabah üçün davalar,
Duyğumuzu yayındırıb havalar,
Yol gözləyən qərib-qərib yuvalar,
Yarı oda, yarı külə bölünüb.
Axan qanı axıtmışıq, boşamı?
Ümidimiz gedib dəyib, daşamı?
Bu həsrətin son ünvanı Şuşamı?
Ocaqlar var, əldən ələ bölünüb.
Xan deyirik, Xana yiyə durmuruq,
Bu əmələ son möhürü vurmuruq,
Bu dünyadan niyə, durub sormuruq,
Taleyimiz niyə, belə bölünüb?
Yenə yadın planları dirçəlib,
Kif bağlamış palanları dirçəlib,
Bağrımızda klanları dirçəlib,
Açıq-aşkar girib yelə, bölünüb.
İtirmişik nizamını, çox şeyin,
Axıb gedir zaman yeyin, vaxt yeyin,
Gecikməmiş, bəri başdan — ah,- deyin.
Millət dərdi bilə-bilə, bölünüb.
İllər boyu əli əldən üzüblər,
Duyanları xoş əməldən üzüblər,
Aramıza neçə bomba düzüblər,
Azərbaycan tələ-tələ bölünüb.

ELƏ BU ACIĞA…
Bu il Nizami ilidi.
Gözəl !
Dünya durduqca
itirməz şöhrətini
bu qüdrət , bu ləl.
Amma
yaxşı olardı ki, əlbəəl,
Füzuli ili də
bu günə düşəydi.
yubileysiz filansız,
vaxt yetişəydi.
Millət yığılıb
doyunca ağlayardı,
İraqda soyu budanmış,
Qarabağda canı yanmış
füzulilərin dərdinə.
Onsuz da kimsənin vecinə deyil,
min ildi budanan soyumuz,
torpaqdan gözlərimizə hopub,
qanlı axan suyumuz…
Dünya sevmədi ,
sevə bilmədi bağrındakı
günəş sevdalı milləti,
çünki bu millət
doğulandan eşqə yürüdü, —
qana yox,
məzlumu bağrına çəkdi,-
divana yox.
Nizamini oxumadı, Füzulini tanıtmadı,
bircə yol Cavidi anmadı,
əxlaqı əydirilmiş bəşər,
saxta həqiqətlərin
kölgəsində uydurulmuş bəşər.
Elə bu acığa da
hər gün bir böyük Türkün adını tutub
zəfər nəğməsi oxumalıyıq,-
Bilgədən Xəyyama,
Teymurdan, İsmayıldan Nəsimiyə qədər…

PAYIZA HAZIRLAŞAQ
Təbiətdə nələr var, xəbərimiz yoxdu, heç,
Yazın bir az gecikən heyvası çiçəkləyib.
Ölçüyə də almırıq zamanı heç, vaxtı heç,
Dağda, daşda quşların yuvası çiçəkləyib.
Günəş elə isidib, torpağın nəfəsini,
Ötüb gedən fəsildən anmağa yer qalmayıb,
Gedib ödəmək üçün bir xəstə həvəsini,
Umduğumuz zirvədə bir ovuc qar qalmayıb.
Boylanırıq uzaqdan, təbiətin hüsnünə,
Çiçəklər gözümüzdə qəmli uzaqlar kimi.
Ələdikcə dərdləri planetin üstünə,
Bükür bəşər boynunu, yetim uşaqlar kimi.
Elə bulandırıblar arzuların rəngini,
Yaz sevdalı olan da cəllad olmağa məhkum.
Görən, niyə pozurlar dünyanın ahəngini?
Hamı hiylə önündə kölə qalmağa məhkum.
Bahar Tanrı payıdı, o da alınıb əldən,
Hamıya gözəlliyi uzaqdan duymaq qalıb.
Sənə min lənət olsun, koronanı düzəldən,
Bu ağrılı cinayət hər şeyi kökdən salıb.
Elə bil təbiət də küsüb biganəlikdən,
Dirçələn meşələrin yuxusu tər içində.
Uzaqdı bülbüllərin səsi divanəlikdən,
Öz dərdini unudub bənövşələr, içində.
Çiçəklərin yanağı bir əl sığalı görmür,
Görən, hansı notdadı, bu il suların səsi?
Çıxılası yol qalıb, zülmətlər aman vermir,
Ruhumuzun başında «Qarabağ şikəstəsi».
Bu yazı duyammadıq, bu yaz da belə getdi.
Keçib qadağalardan bəlkə, yolları aşaq.
Yazı əldən alanlar yenə də himə bənddi,
Qarşısında durmasaq, payıza hazırlaşaq.

