Zəngəzur Qarabağdır! Zəngəzur Azərbaycandır!

Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin məkanı olub. Həm də ona görə ki, atəşpərəstliyin ən məşhur məbədgahları bu yerlərdə idi və neçə-neçə abidədə izi yaşamaqda idi. Ərəblər, məhz Cənubi Azərbaycan-Naxçıvan-Biçənək-Gorus-Laçın-Bərdə istiqaməti ilə hərəkət edərək o vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt ediblər.


Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin güya kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.


1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib.


Müasir Azərbaycan Respublikası ərazini öz torpaqları saysa da Ermənistan Respublikasına qarşı torpaq iddiası irəli sürmür. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur.

Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır” — söyləyərək elan etmişdir.


Bildiyiniz kimi Qarabağ münaqişəsindən əvvəl bu dəhlizdən istifadə olunub, amma münaqişədən sonra Naxçıvanla quru əlaqəsi kəsilib, yalnız İran ərazisindən keçməklə əlaqə yaradılıb. Zəngəzur dəhlizinin açılması, yalnız Azərbaycan üçün əhəmiyyət kəsb edən məsələ deyil, buna sübut olaraq regional ölkələrin — Rusiya, İran, Türkiyə, Gürcüstan, regiona maraq gösdərən Qərb, Ərəb və Çin KİV-lərində dərc olunan yazıları göstərə bilərik.

Son zamanlar Abxaziyadan keçən dəmir yolu xətlərinin açılmasının yenidən gündəmə gətirilməsi, Gürcüstanın 44 günlük müharibənin nəticələrini xüsusi qapalı iclasda müzakirə etməsi Zəngəzur dəhlizinin yaradılıb, yaradılmamasının maraq dairəsində olduğunu gösdərir. Dəhlizin açılması iqtisadi güc mərkəzlərindən olan Çin üçün əhəmiyyəti olduqca çoxdur. Bununla bağlı ekspertlər Çinin əldə edəcəyi faydanı belə hesablamağa çalışırlar.


Beləliklə, onu deyə bilərik ki, Zəngəzur dəhlizinin açılması beynəlxalq yükdaşımaya yeni bir yol açacaqdır. Prezdent İlham Əliyevin çıxışında dediyi kimi Azərbaycan istər regional, istərsə də qeyri-regional dövlətlərlə ikitərəfli dost münasibətində olmuş, müxtəlif platformalarda əməkdaşlıq etmişdir.


Bir daha qeyd edim ki, Zəngəzur dəhlizinin açılmasının Azərbaycan üçün önəmi çox böyükdür. Bu dəhliz Türk dünyasının birləşməyinə yönələn bir addımdır. Zəngəzur dəhlizi sahəsində Naxçıvana quru yolu ilə nəqliyyat əlaqəsi açılacaq, habelə qardaş Türkiyə və Azərbaycan arasında əlaqələr daha da inkişaf edəcəkdir.


Müharibədən sonra, əgər Ermənistan Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyirsə, verdiyi sözləri yerinə yetirməli, bəyannamədə olduğu kimi Zəngəzur dəhlizinin yaradılmasına şərait yaratmalıdır. Bu olmadığı təqdirdə, Ermənistan iqtisadi baxımdan pis bir sonluğa məhkum, hərbi baxımdan isə, tam məğlub ediləcəkdir. Prezdent İlham Əliyevində dediyi kimi “Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də istəməsə də”. Bu gün Ermənistan da revanşist qüvvələr Zəngəzur dəhlizinin yaradılmasının əlehinədir, ancaq Ermənistan hakimiyyəti bilsin ki, Azərbaycanı özlərinə rəqib gördükləri bütün arenalarda məğlub olacaqlar.


Bütün dünya dövlətləri də bilsin ki, biz haqqımız olan Zəngəzur dəhlizini icra edəcəyik, önümüzdə hansı qüvvə olursa olsun, xalq və iqtidar birgə olduqca biz məğlub olmayacağıq.

Fərid Səlimov

Nəsimi rayon gənci

Bu xəbəri paylaşın: