Jurnalistikada «İsgəndərin buynuzu var» taktikası

«Reket jurnalistikası» praforması sübut edir ki, bizdə özgə üslublu jurnalistika yoxdur. Tutulan oğru, tutulmayansa doğrudur. Heç bir fakt olmadan kimisə ittiham etməyin özgə adı ola bilməz.


«Jurnalistika reketləri» deyilsə, daha doğru olar, sadəcə bizdə oğrular və qələmə xəyanət edən şərəfsizlər var. Bu gün reketliyi mətbuata pərçim edənlərin can-fəşanlığı sənət yanğısı deyil, bazarlarına «qaraçıların» jurnalist adıyla girməsi və onların monopoliyasına girib ucuzluq yaratmasıyla bağlıdır.


Əlqərəz, bu «qaraçı bazarına» girənlərin nəyi dəyişsə də «İsgəndərin buynuzu var» taktikası dəyişməzdir. Yəni bu adamlar öncə tor atır və tora düşməyən olanda haray-həşir qoparırlar. Bu günlərdə müharibə veteranları Kanal24.az İnternet TV adlı internet resursunun facebook vasitəsiylə Yasamal rayon İcra Hakimiyyətinin və rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənovun işgüzar fəaliyyətinə kölgə salmaq niyyəti barədə müraciət ediblər.


İnternet resursunun sosial şəbəkədə yayılmış tənqid obyekti olan «Yasamalın istər 1-ci, istər 2-ci Alatava yaşayış massivləri olsun, istər Yeni Yasamal ərazisi olsun küçələr bərbad vəziyyətdə, yollar çala-çuxur, səliqəsiz»liyi barədə jurnalist tənqid etmədən öncə araşdırmalıydı ki, şəhərdaxili yolların tikintisi və təmiri ilə hansı qurum məşğul olur? Yenə də gec deyil.


İkinci arqumentə görə, «Elşad Həsənov və digərləri icra başçısı təyin olunanda prezident demişdi ki, hansı məmur düzgün işləməsə, vəzifəsindən azad ediləcək.


Buyurun, nə Neftçala, nə İsmayıllı, nə Ağstafa, nə Yasamal rayonlarına təyin olunan gənc icra hakimləri köhnələrdən fərqlənirlər(?).

E. Həsənov bir rayon rəhbəri kimi əyan-əşrəfi ilə Yasamala çıxıb gəzməli, reyd etməli, yolda qarşılaşdığı sakinlərdən problemlərini soruşmalıdır(!).


Məlum olacaq ki, “Şamaxinka”dan Yeni Yasamala, Alatavadan Şərifzadəyə qədər yollar nə gündədir, binaların liftləri, zirzəmiləri hansı şəraitdədir. Hətta bu cür primitiv problemləri belə İH həll etmirsə, bu strukturu saxlamağa nə zərurət var?»


Əlavə şərhə ehtiyac varmı? Bunca sicilləmə içərisində bir dənə olsun konkretləşdirilmiş fakta rast gəlmədik. İngilislər demiş, «faktlar amansız şeylərdir». Faktı olmayan və «jurnalistəm» deyib ortaya atılan bu cür insanlar, öncə özlərini, sonra da elə olmayan Azərbaycan jurnalistikasının boyunu yerə soxurlar.

Yaxud, yazıblar ki, başçı 2020-ci il üçün hesabat verməyib. Bu mümkünsüz bir şeydir və hər ilin hesabatının məcburi olmasını bilməyən birinin sosial şəbəkə siqmentlərini nə hesab etdiyinin fərqindəsinizmi?


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov müharibə veteranları adından Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov haqqında deyilənləri cəfəngiyyat adlandırdı. O, bildirdi ki, müharibə veteranlarının sədri kimi E. Həsənov dəfələrlə məni qəbul edib və AVMVİB rayon şöbəsinin illərcə həll olunmayan mövcud qərargah problemini həll etməyə söz verib. Daim veteranlarımızın, şəhid ailələrinin problemiylə maraqlanıb və hər zaman bu təbəqədən olan insanlara qarşı diqqət və qayğıyla yanaşıb. Lakin şəxsi ambisiyalarına görə kimlərinsə görülmüş işlərin üzərindən xətt çəkmək istəməsini veteranlar adından qınayıram.

AVMVİB sədrinin müşaviri Anar Əhmədov da elə sosial şəbəkədə Kanal24.az İnternet TV -nin paylaşımına münasibət bildirib: «Elşad Həsənov hamımızın qardaşı, hər bir sakinin arxa-dayağıdır. Ən həssas təbəqə qazilərimiz, vetetanlarımız, şəhid ailələridir. Gedib maraqlanın. Görün onun qədər bu təbəqəyə can yandıran neçə belə məmur tanıyırsız? Elə buna görə Veteranlar onu medalla təltif ediblər. Böyüyün hörmətini saxlamaq, aztəminatlı ailələrin qayğısını çəkmək — bu Elşad müəllimin öz insani keyfiyyətinə uyğun göstəricilərdir. Bu insan rayona başçı gəldiyi gündən öncə, hələ millət vəkili olduğu dövrdə də əlçatmaz məmur obrazını darmadağın etmişdi. O, öz səmimiyyətilə hər zaman xalqın içində olub. İndi də belədir».


Yazarkən ədalətli olmaq jurnalistikanın qızıl qaydasıdır. Yalan informasiya isə dünyanın ikrahla qarşıladığı və bağışlamadığı bir şeydir. İctimai rəyi çaşdırmaq elə bizim ölkədə də yaxşı qarşılanmır. Yəni «İsgəndərin buynuzu olmaya da bilər»…

Elnur Səlim

Bu xəbəri paylaşın: