Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, ehtiyyatda olan zabit İlkin Rzaquliyevin döyüş yolu haqqında «NAIL KEMERLININ KANALI», «Öz əsgərlərinə düşmənin formasını geyindirib erməniləri məhv edən komandir — Böyük Qardaş İlkin» adlı kadrlar rəğbətlə qarşılanıb.
Kadrlara baxdıqca keçmiş döyüşçü və qəhrəmanın əmisi kimi öz düşüncələrimi də qeyd etmək qərarına gəldim. Çünki atası və əmiləri döyüşçü olan İlkin Rzaquliyev bir kənarda qalsaydı, o zaman İlkin olmazdı.

Savaş öncəsi Fikrət Tuncər adlı az tanınan bir türk şairinin bir şeirini bir jurnaldan cırıb özümlə götürmüşdüm. O vərəq indi də durur və tez-tez bu «Əsgər məktubu» adlı şeirə müraciət edirəm. Şeirin müqəddiməsi kimi şair yazır: «Gözlərimi göz bankına, böyrəklərimi böyrək vəqfinə, ürəyimi sizlərə bağışlamışdım. Savaş hamısını aldı məndən»…
Amma biz veteranlar ürəklərimizi və ruhumuzu bu gənclərə vermişdik. Gün onların günüdür. Vətən ölümün üzərinə «Can» deyib yürüyənlərin Vətənidir…
Savaş da onların savaşıdır. Savaş, ordunun həyatıdır. Ordu əsgərin həyatıdır. Əsgər Vətənin var oluşu uğrunda savaşan qəhrəmandır.
Sizlərə savaş haqqında danışmaq istəyirəm. Siseronun bir deyimi var: «Savaşda qanunlar susar». Amma qəlblər və mərmilər danışar. Mərmidən yuvası dağılmış qarışqalar görmüşdüm birinci savaşda. Yuvasını köçürürdü. Dağılmış yuvada ölmüş qarışqaların arasından qalxanlar heç nə olmamış kimi bu işə qoşulurdular. Düz 29 il öncə gördüyüm bu adi təbiət səhnəsi nədənsə bir tarix kimi yaddaşıma ilişib qalmışdı. Düşmən tərəfindən vandallar tərəfindən talan edilib dağıdılmış yurd yerlərini görüncə yenə bu səhnəni xatırladım. Cəfakeş xalqımız illərdir ki, dağılmış yuvalarını quracağı günün həsrətiylə qovrulur. Bir xatırlatma da edim ki, qəhrəman döyüşçümüz İlkin Rzaquliyevin Koroğlu ləqəbli atası Füzuli Rzaquliyevin danışdığı bir hərbi xatirə yadıma düşdü. Komandirlik etdiyi bölük qəbristanlığın yanında mühasirəyə düşür. Əlavə kömək çağırmağa ehtiyac yaranır. Düşmən kordinatı bilməsin deyə, tərtib olunmuş sözlüyə uyğun xəbəri çatdırmağa çalışır. O sözlüyə görə «piyada» «qarışqa» adlanırmış. Ona görə də bir neçə cəhddən sonra deyir ki, qarışqa öləndə basdırılan yerdə atəş altındayıq…
İllərcə bu qarışqaları niyə unutmadığımı çox düşündüm. Qurani — Kərimdə ən-Nəml (Qarışqalar) surəsində deyilir: «Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!” Amma Süleyman peyğəmbərdən qorunan qarışqa, bütün canlılara qarşı vəhşilik etmiş bu vəhşi düşməndən qoruna bilmədi və Allah bizimlə oldu. Qarışqadan tutmuş Allahın evinədək hər şeyi dağıdan bu toplumu sizlərin mübarək əlləriylə cəzalandırdı…

Döyüşçü İlkin Rzaquliyevin səmimi döyüş xatirələrini dinlədikcə, bu qeydləri yazdım və Nail Kəmərliyə döyüşçülər adından öz minnətdarlığımı bildirirəm. Napoleon deyirdi ki, Savaşda zəfər çalmaq üçün, mənəvi gücün rolu dörddə üç, maddi gücün rolu isə dörddə birdir. Durmaq yox.
Düşməni 24 saat oyaq olan bir məmləkətin yuxusu gəlməməlidir. Hələ içimizdə sapı özümüzdən olan baltaları demirəm…
X. Ədəboğlu