POEZİYA ÇƏLƏNGİ: SÖZLƏ SAVAŞMAQ OLMUR

ELBARİZ MƏMMƏDLİ

Deyəsən, bu millətin heç də vecinə deyil,
Qalir öz üstümüzdə , keçdiyimiz əzablar.
Əyriliyi düzəltmək sözün gücünə deyil,
Söz-söz əridir bizi, içdiyimiz əzablar.

SÖZLƏ SAVAŞMAQ OLMUR

Deyəsən, bu millətin heç də vecinə deyil,
Qalir öz üstümüzdə , keçdiyimiz əzablar.
Əyriliyi düzəltmək sözün gücünə deyil,
Söz-söz əridir bizi, içdiyimiz əzablar.

Nə qədər bu torpağın ağrısına oynasın,
Çörək-su əvəzinə fikir yükü yeyənlər?
Bu necə olur deyin, Vətən dərdi duymasın,
İsfahanda Həmzədi, burda mənəm, deyənlər?

Qoyub yaşantısıni davaların içində,
Şair var, səsi yetir, bir ordunun səsinə.
Şair var, dərd qalası, bu zamanın köçündə,
Şar var, basır gopa ulusun əvəzinə.

Çox adam ümidlidi hələ sözün gücünə,
Zaman elə zamandı, söz daha kara gəlmir.
O şey ki, adamların yad görünür içinə,
Çəkir bizi zülmətə, üzü bahara gəlmir.

Gözümüzü yumuruq, haqqı tapdanan görüb,
Səhər-axşam günümüz elə qeybətlə keçir.
İçinin üsyanına qorxusundan tor hörüb,
Keçir ötən günləri, hərə bir dərdlə keçir.

Hələ yetişməmişik, arzunun son həddinə,
Bizim olan ocaqda düşmən istehkam qurur.
Elə ağrılar var ki, hopub yurdun qəddinə,
Yağının pəncəsində gör, neçə ünvan durur.

Çeşid-çeşid adamlar sözdən elə dəm vurur,
Gəl ki, bir kitab açıb, bircə şeir oxumur.
Sozalan nəğmələri yavaş-yavaş nəm vurur,
Dünən aşıb-coşanlar bu gün uyur, oxumur.

Nə qədər yadqanlı var, torpağın qucağında,
Gör , kimlər azğınlaşıb Şəhidə dil uzadır.
Ürəyimiz təşnədi qələbə sorağında,
Ruhumuz soyuyalı, ağzımız zəhər dadır.

Deyəsən, solub səsi, güvəncimiz birliyin,
Gün döyən pəncərələr daha bayraqla dolmur.
Çıx, ay millət donundan, duyğuya əsirliyin,
Təkcə şair sözüylə savaşı aşmaq olmur.

ÇAŞMAYIB

Gözlərimiz gördüyündən nigaran,
Nə ağlımız, nə başımız çaşmayıb.
Bu tarixdə gör, nələrdən keçmişik.
Nə yaxşı ki, yaddaşımız çaşmayıb.

Dərdlərimiz yeri-göyü yandıran,
Yaşantımız zindanları andıran,
İçimizdə ümidləri donduran,
Qəlb ağrımız, göz yaşımız çaşmayıb.

Elə dərd var, rişələri dərində,
Sağalarmı, ayın-ilin birində?
Təbiətdə nizam qalıb yerində,
Nə yayımız, nə qışımız çaşmayıb.

Umduğundan məhəbbəti gözləyib,
Duyğusunda tək cənnəti gözləyib,
Üzü günə ədaləti gözləyib,
Nə damımız, nə daşımız çaşmayıb.

Qəlbi yanıb, bir yersizin çuluna,
Yurd verəndə cəhənnəmin quluna,
Ölümləri sıralayıb yoluna,
Nahaq yerə dağ-daşımız çaşmayıb.

ELƏYİR

Yenə çökübdü, sinəmə,
Yenə həsrət qan eləyir,
Yaxşı ki, sən uzaqdasan,
Dərd mənə divan eləyir.

Görürəm şəkil üzünü,
Hər şəkil deyir, düzünü,
Üzünün üzüntüsünü,
Qəhərim dastan eləyir.

Belə ayrılıb getsən də,
Yolların üstə itsən də,
Ha özünü gizlətsən də,
Gözlərin üsyan eləyir.

Qazancımız nə oldu ki?
Həsrət bir ömür yoldu ki,
Son ümıd də soğuldu ki,
İçimiz tufan eləyir.

Ölürəm, yağış yağanda,
Buludlar göyü sağanda,
Asılıb yolun ağından,
Ürəyim tüğyan eləyir.

Yanıb öləziyən şamam,
Odu tükənən şamanam,
Sən özünü qoru, sonam,
Qəm canı candan eləyir.

Bu xəbəri paylaşın: