POLKOVNİKƏ TƏBRİK VAR…

TƏBRİK: POLKOVNİK ZAHİD TEYMUROV — 66


YAŞANAN İLLƏR, SAVAŞLARDA YAŞANAN ÖMÜR


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi polkovnik Zahid Teymurovu ad günü münasibətiylə səmimi qəlbdən təbrik edir, ona uzun ömür və can sağlığı arzulayır.


Ehtiyyatda olan polkovnik Zahid Teymurov 1955-ci ildə Füzuli şəhərində anadan olub.


1976-cı ildə Lelinqradda SSRİ DİN-in Daxili Qoşunların Ali Hərbi Məktəbini, 1985-ci ildə Moskvada Hərbi Akademiyanı, 1993-cü ildə BDU-nun hüquq fakultəsini bitirib. Ali Hərbi Məktəbi bitirdikdən sonra bölük, tabor, alay komandirinin tərbiyyə işlər üzrə müavini, alay komandiri, DİN-in xüsusi təyinatlı briqadasının komandiri, cəbhə briqadasının komandiri, DİN-in Daxili Qoşunlar komandanının müavini – Daxili Qoşunların qərargah rəisi, DİN-in Nəsimi rayon Polis İdarəsinin rəis müavini işləyib.

Cəbhənin müxtəlif istiqamətlərində gedən ağır döyüşlərin iştirakçısı olub. Horadiz istiqamətində gedən döyüşlərdə DİN-in Daxili Qoşunların və polis qruplaşmasının hücum əməliyyatını işləyib hazırlamış və döyüş hərəkətlərini idarə etmişdir. Bu uğurlu hücum əməliyyatı nəticəsində Horadiz qəsəbəsi və 11 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Ehtiyyatda olan polkovnik Zahid Teymurov, həm də istedadlı qələmə sahib olan yazıçıdır. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistər Birliyinin üzvüdür, “Vətən” mükafatı ilə təltif olunub.


Zahid Teymurov ömrünün 40 ildən çoxunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Daxili İşlər Nazirliyinin polis orqanlarına həsr edərək şərəfli bir yol keçib, Vətənə, Xalqa sədaqətli xidmət edib, rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyətinə, təşkilatçılıq bacarığına və mənəvi kefiyyətlərinə görə ən qabaqcıl, peşəkar zabitlərimizdən biri kimi tanınıb.


Zahid Teymurov DİN-in Daxili Qoşunlarının hərbi qulluqçularının, Azərbaycan polisinin ictimai nüfuzunun yüksəlməsi üçün üzərinə düşən vəzifənin yerinə yetirilməsində həmişə böyük rolu olub. Daxili İşlər Orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində hərbi və hüquq biliklərinin təbliğində, cinayətlərin acılmasında, profilaktikasında, təhlükəsizliyin təmin olunmasında müharibə veteranı olan polkovnik Zahid Teymurovun təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarığından, bundan sonra da gənc əməkdaşların yararlanacaqlarına əminəm.

Dərin hörmətlə, Salman Musayev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik


P.S. Fedai.az kollektivi də təbriklərə qoşulur və qəhrəman polkovnik Zahid Teymurovu doğum günü münasibətiylə təbrik edir. Gözəl insan və istedadlı yazar kimi dəfələrlə onun qələmindən çıxan barıt qoxulu hekayələri, döyüşçü xatirələrini yayınlamışıq.


100 yaşa, gözəl insan!


Bütün gözəlliklər sizin olsun!

Bu Vətən, Sizin xidmətlərinizi unutmayacaq!

***************************************

KOMANDİRİN CƏBHƏ HEKAYƏSİ: Həyat borcu

Zahid Teymurov

Ehtiyyatda olan polkovnik, müharibə veteranı, yazıçı

Mən bu əsgəri dərhal tanıdım…

Əlil arabasında idi. Sosial müdafiə fondunun qarşısında rastlaşdıq. Dinmədən əlimi çiyninə qoyub onu qucaqladım. Ona həyat borcum var idi. Xeyli söhbət etdik. Gözlərində mənə qarşı qınaq duymadım. Ya da ki, duymaqdan qorxdum. Bu an bir qız yaxınlaşıb salam verdi.
— Познакомься Ирина, мой командир. Həyat yodaşımdır, cənab polkovnik.

Onlara baxaraq, yenə əmin oldum ki, bu borcla heç zaman rahat yaşaya bilməyəcəyəm…

…1993-cü ilin fevralı, Ağdərənin dağ meşələri…

40 dəqiqə olardı ki, düşmən snayperi məni ağacın arxasında saxlayırdı. Sol çiynimlə sıxıldığım ağac gövdəsini güllələr dağıdaraq mənə yetişməkdəydilər. 100 metrədək ara məsafədə arxamdakı mövqedə olan əsgərlər başlarını itirmişdilər: Gözlərinin qarşısında komandiri öldürürdülər. Onların aramsız atəşlərinə düşmən əhəmiyyət vermirdi – hədəf mən idim, öz işlərini görürdülər. Qəfildən, məndən sağda küt pulemyot şaqqıltısı aləmi bürüdü. Düşmən dərhal ağacı sakit buraxıb sərrast atəşini pulemyot işləyən cinaha keçirdi. Mövqeyin atəş örtüyü altında səngərlərə yetişdim. Cingiltili bir sükut yarandı: snayper dayandı, pulemyot susdu. Məni xilas etmək üçün özünü atəş altına atan pulemyotçu əsgər irəlidə qarın üzərində hərəkətsiz yerə sərilmişdi.


— Çıxarmaq lazımdır onu, — gözlərimi əsgərdən çəkmədən yanımda duran bölük komandirinə göstəriş verdim.
— Oldu. Gecə çıxardarıq…
— Yox!- deyə onun sözünü kəsdim. Ola bilsin ki, yaralıdır. Qan itirir. İndi. Dərhal.

Türk Mahmudla birgə özüm getməliydim. Bilirdim ki, əl çəkməyəcək. Həm də pulemyotçu Azər Mehdiyevə bir həyat borcum var idi: O, təkcə Vətən üçün yox, mənim üçün ölumün üstünə atılmışdı. Topçuların atəşi altında Mahmudla birgə yaralı əsgəri sürüyüb mövqeyə sarı çəkdik. Sağ idi. Lakin, belə sağlığı özünə gələndən sonra qəbul edəcəkdimi?

Hər iki ayağı dizdən yuxarı iri çaplı snayper gülləsindən tam qırılmışdı, sol gözü qanlı çuxura dönmüşdü…

…Təsəllisiz bir günahkarlıq hissi məni rahat buraxmırdı. Artıq iki ay idi ki, Bakıda hospitalda üzərində çalışirdılar. Hər iki ayağını dizdən yuxarı kəsmişdilər. Bir gözünü itirmişdi. Həkimlərlə telefonla danışırdım. Cəbhə həyatı imkan verəndə Mahmudu göndərirdim yanına. Ürəyini açmışdı, Mahmuda. Musiqi məktəbini bitirmişdi. Skripka sinifini. Pianoçu bir qızla birgə klassik əsərlər ifa edirdilər. Onu dinləyən Mahmud artıq musiqidən baş çıxarırdı. Mənə izah edirdi ki, skripka ilə pianonun harmoniyası klassik əsərləri incəliklə hiss etdirir. Bethovenin 4 nömrəli sonatası, Ravel, Fare, Prokofyev və daha kimlər…


Aylarla qanlı döyüşlərdə insan övladı olduğunu unutmuş Mahmud, incə musiqi duyğuları ilə məni heyrətləndirirdi.


— Sən bəlkə silahı təhvil verib skripka götürəsən?- deyə onu müharibəyə qaytarırdım.
– Komendant tağımına hərəyə bir dəst əl qumbarası verdir, patronlarını tamamla.


Hər dəfə Azərin yanından qayıdanda, Mahmud özü də, həyatının bahar çağına qədəm qoymuş bir gənc kimi, Fərqanədə qalmış sevdiyi özbək qızını xəyallarına dalırdı. Azər isə, skripkaçı qıza hələ yeniyetmə ikən yaranmış uşaq məhəbbətinin sevincini Mahmudla bölüşürdü. Qızcığaz tam səmimi musiqidən danışanda, Azər onu eşitmirdi, utana-utana onun sifət cizqilərini seyr edirdi: ürkək gözlərini, titrəyən dodaqlarını. Bu qızla xəyalında həyat qururdu, ləyaqətli eşq məcaralari yaşayırdı. Nəhayət, cürət tapıb uşaq ürəyinə sığmayan hisslərini iki sözlə dilinə gətirmişdi:
— Səni istəyirəm.


Qızcığaz isə anlamadan, birgə ifa barədə söhbətini davam edirdi.


— Dedim səni istəyirəm! Çox istəyirəm! – Azər cəsarətlə onun təəcübdən donan gözlərinə baxdı.


Gün qəldi eyni sözləri, daha zərifliklə qız Azərə pıçıldadı, onu son nəfəsinə qədər sevəcəyini əhd etdi. Həyatın baharı tuğyan edirdi. Ailələr toya hazırlaşırdılar.


Lənətə gəlmiş müharibə, özünə məxsus qəddarlıqla qapıları döydü. Azər də çağırıldı. Son görüş. Son arzular. Son vədlər. «Səni gözləyəcəyəm. Son nəfəsimə kimi. Sənə bir şey olsa, xəyalımda yaşadacam səni, həmişə gözlərimin önundə olan surətinlə xoşbəxt edəcəyəm özümü. Amma sənin burnunda qanamayacaq. Mən qoruyacağam səni. Tez qayıt».


— Qız gəlirmi, Azərin yanına? — deyə cavabından qorxduğum sualı, Mahmuddan soruşdum.
— Yox. Bir dəfə gəlib. Vəziyyəti görub. Bir söz demədən bir-birlərinə baxıblar. Sonra rəfiqəsi ilə nişan üzüyünü göndərib.

… Mahmuda zəng etdim. Azərlə bu gün görüşdüyümü dedim, həyat yoldaşı ilə maraqlandım.


— Belorusdur. Hospitalda Qarabağda yaralanan qardaşını xilas edə bilməyiblər. Həkimdir. Geri qayıtmayıb. Azərə çox kömək edib. Sevib onu. Sonra evləniblər. Necə olub ki, sizə deməmişəm…


— Yəqin başın skripkaya çox qarışıb, əsgər Paqanini…

Bu xəbəri paylaşın: