POEZİYA ÇƏLƏNGİ: OYUNA ATMAYIN, QARABAĞI

ELBARİZ MƏMMƏDLİ

Hər şeydən yaza bilərik,
Sevgidən, güldən, çiçəkdən.
Fəqət, ötüb keçmək olmur,
Dərdlərindən, bilərəkdən-
Vətən.

DURUN, BU YURDU QURTARAQ

Yatmışıq fil qulağında,
Təzə yuxular görürük.
Gözümüzü yuman kimi,
Bir ayrı bahar görürük.

Əlimiz göyə uzalı,
Yormuşuq, göy üzünü də.
Millət illərdi axtarır,
Tapammır öz düzünü də.

Hərə bir şeyə köklənib,
Dərd-azar qalıb, ortada.
Bu torpağı ağlayan yox,
Könlünü alıb, ortada.

Düşmən yenə ayaqdadı,
Əli qəsdlərin üstündə.
Təzə yaralar açılır,
Köhnə dərdlərin üstündə.

Əzab belə uzun olmaz,
Bu canımız nə canıdı?
Bu torpağın hər zərrəsi,
Daşlaşmış insan qanıdı.

Millət yuxuya daldıqca,
Ətindən də ət kəsilər.
Üç arşınlıq yolu tutsaq,
Üç yüz illik dərd kəsilər.

Bu qədər qurbanlıq olmaz,
Bir ucdan qurban veririk.
Öldürməyə qalxmayınca,
Ölə-ölə can veririk.

Yatmışıq fil qulağında,
Taleyimiz yad əlində.
Durun, bu yurdu qurtaraq,
Bitməyən fəryad əlindən.

VƏTƏN

Hər şeydən yaza bilərik,
Sevgidən, güldən, çiçəkdən.
Fəqət, ötüb keçmək olmur,
Dərdlərindən, bilərəkdən-
Vətən.

Səni yeyənlər kef əhli,
Sevənlər can-can, çürüyür.
Yapışıb kimsə boynundan,
Səni zülmətə sürüyür-
Vətən.

Yananın səhrada qalıb,
Satanın suyun üstündə.
Bizi yaman uydurublar,
Quru hay-küyün üstündə-
Vətən.

Sən bizə ana olmadın,
Qoymadılar,-yağı kimi.
Doğulandan ögeyləşdik,
Özgənin uşağı kimi-
Vətən.

Üzümü tutub, harasa,
Çıxıb gedəmmərəm səndən,
Ötərəm ömrün üstündən,
Vallah, ötəmmərəm səndən-
Vətən.

Bu yol uğur yolu deyil,
Hara aparırlar, səni?
İtin-qurdun bazarında,
Satırlar, alırlar, sən-
Vətən.

Ha deyirəm, eşqdən yazım,
Oxşayım gül üzünü də.
Tapammıram xoş gününü,
İtirirəm sözümü də-
Vətən.

OYUNA ATMAYIN, QARABAĞI

Əməlli- başlı dərs deməyə,
ağıl verməyə girişiblər,
doğrunu dediyimiz üçün
bizi söyməyə girişiblər,
ərəb-fars kölələri.
Burunlarının ucunu görmədən,
Vətənə tuşlanan düşmən qılıncını görmədən,
bu torpağın bağrındakı
bu qədər qanı, ağrı-acını
görmədən,
Fələstin sevdasına körükləyirlər, milləti.
Onsuz da ağrılı olan zamanda
ölümə sürükləyirlər, milləti.
Kim sevmirsə Fələstini,
müsəlman qanı yoxdu, — deyirlər,
müsəlmanı sevməyənlər,
yaradandan uzaqdı,- deyirlər.
Ağıllı olun!
Müsəlmanın qanı yoxdu.
Olsaydı, bizi döyüş meydanında tək qoymazdılar,
Haylara İrandan kömək, ərəbdən ürək göndərib
dindaşlarına qıymazdılar.
Taleyi qara gəlmiş Qarabağı oyuna salmayın,
dinə yozmayın,
din savaşına qatmayın.
Və… unutmayın
burda Vətən savaşı varıydı, Vətən savaşı.
İndi dinəmi yazaq
türkün, talışın, ləzginin, avarın, rusun, yəhudinin
Vətən deyib, qanını tökdüyü bu, can savaşı?
Dünya elə dəyişib ki,
hamı dar günündə dinində yox,
yanında olana güvənir,
haqqını tutana,
dərdinə qalana güvənir.
Fəqət, bu güvənci ərəbdən görmədik,
Erməni sevdasıyla öldü, keşişin murdar
dodağından öpən Ərəfat,
erməni bayrağına bələdi Fələstini
Mahmud Abbas.
Vətən oğlu, qulaq as,
Mənim Xocalıda dərisi soyulan,
Gəncədə, Tərtərdə, Bərdədə ömrü kəsilən
körpələrimin axan qanı qan deyildimi?
Bu soyqırımlar müsəlmanlığa
ən böyük divan deyildimi?
Səsi çıxmadı, ərəbin,
çıxmayacaq da.
sənin, mənim haqqım üçün ayağa qalxmayacaq da.
Çünki onlar çoxdan itiriblər Allahın verdiklərini…

YIXILIR

Ruh ki, əsarəti dadır,
Elə o gündən yıxılır.
Hamı özünü itirir,
Hamı özündən yıxılır.

Torpaq-daş ümid nurundan,
Duyğu Tanrı hüzurundan,
Kişilər ər qürurundan,
Şair sözündən yıxılır.

Tükənir, canda cürəti,
Sönür içində taqəti,
Görüncə bu əsarəti,
İgid dizindən yıxılır.

Ya kor olur, ya lal olur,
Quruduqca xəyal olur,
Neçə dərdə misal olur,
Bulaq gözündən yıxılır.

Can elə bil çul, əyilir,
Əyildikcə qul, əyilir,
İçindəki yol əyilir,
Millət düzündən yıxılır.

Bu xəbəri paylaşın: