MASKALAR YIRTILDI – İŞĞALÇININ MÜTTƏFİQLƏRİ BEYNƏLXALQ HÜQUQA ZİDD OLAN MÖVQE SƏRGİLƏYİRLƏR

Qurban Vahidov

Analitik

Beynəlxalq ekspertlər haqlı olaraq Azərbaycanın Vətən müharibəsində yeni dünya səlibçiləri, beynəlxalq imperializm (ABŞ, Avropa, Rusiya və sair) ilə savaşdığını qeyd edirlər. Onların müharibədən qabaq və müharibənin gedişində işğalçı ermənistana hər cür siyasi, hərbi, texniki dəstək vermələrinə baxmayaraq, Azərbaycan Ordusu qarşısında aciz qaldılar və məğlub oldular. Yenə də son anda Ermənistanı tam məğlubiyyətdən Rusiya xilas edərək 10 noyabr razılaşmasını imzalamağa tərəfləri məcbur etdi.

Ermənistanın Baş Naziri vəzifəsini icra edən N. Paşinyan, Fransaya səfəri zamanı Azərbaycan tərəfinin demilitasiya və demarkasiya təşəbbüslərini “suveren Ermənistan” ərazisini işğal kimi dəyərləndirərək, Fransadan kömək istəyib. Fransa prezidenti Makron öz ölkəsinin də üzvü olduğu BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyünə qarşı fikirlər səsləndirmişdir. Fransa prezidenti “Azərbaycan Ermənistanın suveren ərazisindən çıxmalıdır” kimi absurd və qərəzli fikir söyləmişdir. Əvvəla Fransa kimi dövlətin prezidentinin bu cür əsassız fikir səsləndirməsi təəssüf doğurur. Lakin Fransa tərəfi unudur ki, Azərbaycan hərbçiləri öz doğma torpaqlarında xidmət edirlər.

Təəssüf hissi ilə qeyd etmək istərdik ki, Fransa 1997-ci ildən bəri həmsədr olsa da, Fransa tərəfi BMT Təhlükəsizlik Şurasının qətnamələri olmasına baxmayaraq, heç vaxt erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmağa çağırmamışdır.

Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etdikdən sonra Fransa ermənipərəst mövqeyini artıq qərəzli, beynəlxalq hüquq və ədalət prinsiplərinə zidd formada ortaya qoyur.

Makronun bu əsassız və qərəzli bəyanatı işğalçıya dəstəkdir. Fransa prezidentin bu qərəzli bəyanatı ilə ümumilikdə Fransa dövlətinin də beynəlxalq aləmdə nüfuzunu aşağı salır və Azərbaycan-Fransa əməkdaşlığını ciddi şübhə altına alır.

Bu xəbəri paylaşın: