
Elbariz Məmmədli
GÜNAYDIN, SEVGİLİ HƏMVƏTƏNLƏR!
Xahiş edirəm, düşmənlərimizə görə məni 1 ay müddətinə bloklamış Facebookun acığına yazılarımın yayılmasına kömək edin. Nə edirlər, etsinlər, qələbə bizim olacaq. Qoy, içimizdəki erməni xislətlilər də bunu anlasınlar. Tanrı Azərbaycanımızı qorusun!
DURUN, HİMNİMİZ ÇALINIR
Durmuşam, üzü səhərə,
Gözümdə dan üzü bitib.
Çəkilir göyün təkinə,
Gecənin son üzü, bitib.
Ulduzlar atlanıb gedir,
Üfüqlər bayrağa dönür.
Günəşin üzünü görüb,
Buludlar yumağa dönür
Üzü şehli çiçəklərin,
Yanağında yaşı gülür.
Təbiətin yaz çağıdı,
Gülür, torpaq-daşı gülür.
Təzə nəğmə bəstələyib,
Quşlar, təzə yuvasına.
Sükut başını söykəyib,
Suların melodiyasına.
Düşüb yaza, çiçəkləyib,
Hardasa, bir qız yuxusu.
Bu dəm elə uzaqdı ki,
Həsrətin payız yuxusu.
…Uzaqda dağlar nigaran,
Elə qulağı səsdədi.
Ögey havalar çalınır,
Bu. yad bəstə nə bəstədi?
Könlümüzün göynərtisi,
Qoymur duymağa, baharı.
Yenə şimal küləkləri,
Yenə də şimal rüzgarı.
Ürəyimiz içimizdə,
Bağri qara lalə kimi.
Dərd bizi başına çəkir,
Götürüb piyalə kimi.
Bahar hər niyyətə düşməz,
Hər niyyətin öz adı var.
Dünyada nə qədər yaz var,
Hamısında Türk dadı var.
Durmuşam üzü səhərə,
Zülmətin üzü alınır.
Durun, adımız tutulur,
Durun, himnimiz çalınır.

İÇİNDƏ
Gedənlərə sözümüz yox, getdilər,
Çərləyirik qalanların içində.
Səhər, axşam başımızı yozuruq,
Yekə-yekə yalanların içində.
Ucqarlarda nələr olur, bilmirik,
Ha deyirik, bir sıraya gəlmirik,
Elə dərd var, bu millətlə bölmürük,
Olammırıq olanların içində.
Gecə-gündüz əsəbimiz zorlanır,
Yatammırıq, gözümüzdə qorlanır,
Umduğumuz yollar, izlər torlanır,
Labirintli dalanların içində.
Harınlıqdan neçələri qudurub,
Bir deyil ki, bu yıxılıb, o durub,
Həyat dərddi, aramızda oturub,
Özgə hava çalanların içində.
Yaranışdan savaşdadı, külli- var,
Hər yaddaşın yarası var, dürrü var,
Bu millətin bir tarixlik sirri var,
Eşilməmiş palanların içində.
Dörd yanımız qan xislətli yağılar,
Gözləyirik xanimanı dağılar,
Oturmuşuq dilimizdə ağılar,
Canımızı alanların içində.
Hansı dərdə açar olub sus, ha sus?
İtiribdi dad-tamını çörək, duz,
Şeytan kimi boy göstərir yenə, rus,
Təzə-təzə planların içində.

DUR, GET SAVAŞA HAZIRLAŞ
Sən istəyən yoxdu, hələ,
Qısalıb umduğun yollar.
Töküb başına dərd-səri,
Səni nəynən ovudurlar?
Üfüqlərin o üzündə
Göyün buludu «sıx»laşıb.
Sənin bu susqunluğuna
Tanrının da səbri daşıb…
Dərdin üstünü örtməklə,
Yara sağalmaz ki, qardaş.
Düşmənə bel bağlayanın,
Vətəni olmaz ki, qardaş.
Ruhun əllərdə budanır,
Nəynən gedirsən, sabaha?
Analar kişi yerinə,
Dilsiz daş doğacaq, daha.
Hələ işimiz öndədi,
Hələ çəkilmə, içinə.
Bu torpaq, bu dərd sənlikdi,
Qoşulma sükut köçünə.
Təzə toxumlar əkirik,
Elə, sən uman olacaq.
Bir sevginin işığında,
Ünvanı Turan olacaq.
Duyursanmı, gələn səsi?
Sibirdən, Saxadan belə.
Təbriz diksinib ayılır,
Hər səhər yuxudan belə.
Bir çətin yola çıxırıq,
Ümidləri çin ola, kaş.
Özünü köklə zamana,
Dur, get savaşa hazırlaş.

BİTMƏZ TÜRKÜN SAVAŞI
Susduqca dalğalanır, içindəki qəm dənizi,
Sonuncu ümidinin işığına daş basılır.
Sən elə düşünmə ki, dünya haqq sayacaq bizi,
Daldada nə bilirsən, taleyinə nə yazılır.
Doğrunu duymaq üçün düşünməyə gərək də yox,
Sadəcə anlaginən yaşayıb gördüklərini.
İçindən ürəyinə gör, nə qədər tuşlanıb, ox,
Necə vermisən yada, sevib böyütdüklərini?
Hələ önündə sənin yüz illərin qovğası var,
Bil ki, haqqa yürüyüb, Türk olmağın mənası, bu.
Onsuz da bu dünyada qaniçənlik havası var,
Qanını tökmək üçün səndən də təmənnası bu.
Çək şanlı bayrağını, mavi göylərin üzünə,
Bayrağı enməz olur, hökmü ilə var olanın.
Üstünə tərs baxanın barmağını sox, gözünə,
İnanma sevdasına, din deyib tarımar olanın.
Qardaş qardaşdı elə, dost çıxar dar gündə üzə,
Bir dön cəbhəsinə bax, sənlə dindaş olanların.
Qoşulub yağılara, dinin gəlir üstümüzə,
Duydunmu niyyətini, bağrıbadaş olanların?
Susma, namərd əllərdən Tanrı verən haqqını al,
Susduqca, parçalayıb didirlər sərhədlərini.
Əlin qılınc tutmasa, boşdu düşündüyün xəyal,
Xəyalla keçmək olmur, arzuların sədlərini.
Dünya tanıyır səni, ilikin ilk yolundan bəri,
Kimsə istəmir daha, özünə qayıtmağını.
Sabahın aynasıdır, sonuncu Şuşa dəftəri,
Min il xatırlayacaq namərdlər bu göz dağını.
Bitməz Türkün savaşı, dünya haqqa dönənədək,
Kimsə yozmasın dinə, bu dava bir şan davası.
Aparacaqdı bizi o göylərin sonunadək,
Bitməyən haqq davası, sönməyən Vətən davası.
Sən bir uca çinarsan, başın göylərə dikili,
Fəqət, canında hələ özgə canın qurdları var.
Yüz illər saf qanına zəhərli tumlar əkilib,
Hardasa ölümünə şahidlik ümidləri var.
Duyğunun atlarını yəhərlə, ön savaşlara,
Susma, bitibdi daha, boş nağılların büsatı.
Hələ uzundu yolun- üzü yazlara, qışlara,
İtilə hünərini, millət Tanrı amanatı.

QALACAQ
Bir gün mən də tərki-dünya olacam,
Sənə bağlı arzularım qalacaq.
Bölünəcək iki yeyə taleyim,
Cismim gedib ruhum, yarım qalacaq.
Döyülmüşəm bu həsrətin qışında,
Yuva qurub dərdlərimin başında,
Evinizin divarında, daşında,
Daşa dönmüş baxışlarım qalacaq.
Çin olmadı yuxulardan yozduğum,
Nağıl imiş xəyalımda cızdığım,
Darıxanda həsrətinə yazdığım,
Şeir adlı naxışlarım qalacaq.
Ömür boyu vüsalına qaçdığım,
Sevdasını ürəyimə sancdığım,
Ümid sanıb əllərimi açdığım,
Narın-narın yağışlarım qalacaq.
Gözlərimin axan seli çay tutan,
İllər boyu varlığıma toy tutan,
Ürəyimdən bir çiçəyə pay tutan,
Görmədiyin göz yaşlarım qalacaq.
Yanmasan da bu sevdanın odunda,
Yaşayırsan hər duyğumun dadında,
Onu bil ki, Haqq olanın yadında,
Sən ünvanlı alğışlarım qalacaq.

XEYRİ YOXMUŞ
Yeyib tökdük özümüzü,
Yeyilməyin xeyri yoxmuş.
Hər gün fikrin xırmanında,
Döyülməyin xeyri yoxmuş.
Düz dedik, daşa basdılar,
Hərəni bir cür asdılar,
Söyüb, divara qısdılar,
Söyülməyin xeyri yoxmuş.
İnsan elə qara küymüş,
Coxu təpərini düymüş,
Öyənlər yalandan öymüş,
Öyülməyin xeyri yoxmuş.
Bilmirsən kim nə yönündə,
Nəyi gizlədib gönündə,
Hardasa xətir önündə,
Əyilməyin xeyri yoxmuş.
Hərə özünün hayında,
Əl var, hamının payında,
Torpaq xilas harayında,
Düyülməyin xeyri yoxmuş.
Nadanlıqda dolduq yaşa,
Haşa doğrulardan, haşa,
Öz adıyla hər oğraşa,
Deyinməyin xeyri yoxmuş.

