Makron ‘’Azərbaycan Ermənistan torpaqlarından çıxmalıdır’’ dedikdən sonra İlham Əliyevə məktub yazıb

Fransa Azərbaycana onun himayəsi altında «Minsk qrupunun həmsədri kimi yüksək səviyyəli bir dialoq qurmaq üçün bütün öhdəliklərini» davam etdirəcəyini vəd edir.

Fransa Prezidenti Emmanuel Macron azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi məktubunda belə yazıb.

Bundan iki gün öncə isə Prezident Macron Parisdə Nikol Paşinyanla görüşü zamanı Azərbaycanı »Ermənistan torpaqlarından çıxmağa» çağırıb.

O, İlham Əliyevə məktubunda Azərbaycanla Ermənistan arasında ədalətli, davamlı sülh və ortaq rifah mənbəyi əldə ediləcəyinə əminliyini ifadə edib.

Emmanuel Macron məktubunda bildirib ki, Azərbaycan-Fransa arasında «diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü yaxınlaşdıqca möhkəm və uzun müddət davam edən ikitərəfli münasibətlər xeyli güclənib». «Cari il yanvarın 14-də son telefon danışığımız zamanı ikitərəfli münasibətlərimizə yeni bir nəfəs vermək istədik,»- Fransa Prezidenti məktubunda vurğulayıb.

O əlavə edib ki, davamlı sülhə şərait yaratmaq üçün «dərin işləri davam etdirmək» lazımdır: «Bu, xüsusilə Ermənistan və Azərbaycan arasındakı sərhədin sülh yolu ilə delimitasiyasını və hərbi əsirlərin öz yaxınlarına qovuşa bilmələrini nəzərdə tutur. Bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunması da vacibdir. Bu baxımdan, UNESCO-nun təklif etdiyi missiyanın təşkilini asanlaşdırmağınızı tövsiyə edirəm».

Cənab Makron İlham Əliyevə xitabən əlavə edib ki, o, «ikitərəfli münasibətlərin keyfiyyətinə şəxsi bağlılığından» xəbərdardır.

O, Azərbaycan-Fransa arasında, xüsusən iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində böyük inkişaf potensialının istifadə zərurətini və mövcud əlaqələri xatırladıb və vurğulayıb ki, onlar «bu ambisiyanı davam etdirməlidirlər».

Bundan əvvəl Fransa Prezidenti bu ölkədə səfərdə olan Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşü zamanı Ermənistanla Azərbaycan arasında dialoqun inkişafına yardım edəcəyini bildirib.

Fransa Prezidenti Azərbaycan-Ermənistan sərhədində baş verən «son hadisələrlə bağlı» deyib ki, delimitasiya prosesi yalnız danışıqlar yolu ilə və «güc tətbiq etmədən» həyata keçirilməlidir.

Macron-un sözlərinə görə, «Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməli», «tərəflər 11 may tarixindən etibarən tutduqları mövqelərə qayıtmalıdırlar».

Azərbaycan Xarici İşlər Nazirliyi buna cavab olaraq bildirib ki, onlar iki ölkə arasında atəşkəs rejiminə riayət edilməsində «Fransanın hər hansı rolunu» görmürlər.

Qurum onu da əlavə edib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinləri səviyyəsində görüşlər keçirilir və dialoq mövcuddur. «Lakin Fransanın bu prosesdə hər hansı rolu yoxdur,»- Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva bildirib.

«Delimitasiya və demarkasiya prosesinə gəldikdə, bəyan etdiyimiz kimi, Azərbaycan delimitasiya prosesinə başlamağı dəstəkləyir və bu proses danışıqlar yolu ilə öz həllini tapmalıdır,» — nazirlik sözçüsü vurğulayıb.(BBC)

Bu xəbəri paylaşın: