Müharibə veteranları ƏƏSMN-nin «filoloji» islahatlarının müzakirəsinə başladılar.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov məlumat verib.
Qurban Osmanov bildirdi ki, rayon şöbəsinin İdarə Heyəti üzvləri çox saylı müraciətləri nəzərə alaraq toplantı keçirib və son vaxtlar baş verənləri bir düşmən sifariçi, dövlətçiliyimizə və sabitliyə qarşı yönəlmiş bir təxribat kimi qiymətləndirdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni «Əlilliyin müəyyən olunması meyarları» ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketinin Milli Məclisə təqdim edilməsi müharibə veteranı və əlillərinin ciddi narazılığına səbəb olub. Qanun layihələrinin hazırlanmasında daim əlillərin və təşkilatların müzakirələrdə iştirakı təmin edilirdi. Lakin son nazir dəyişikliyindən sonra sosial sahə uçruma yuvarlanmaq vəziyyətinə gətirilib və Ali Baş Komandan cənab İlham Əliyev bu barədə məlumatlandırılmalıdır.
Faktiki olaraq dünya praktikasında qanunun geriyə qüvvəsi olmadığı bilinən bir reallıqdır və qəbul edilib. Lakin bu yarıtmaz «sosial islahatçılar» köhnə əllilik meyarları ilə təyin olunmuş şəxsləri çağırıb dərəcələrini endirir və ləğv edirlər. 30 illik müharibə şəraitində yaşayan ölkənin hazırlanmış qanununda «müharibə və hərb» sözlərinin olmamasını yalnız erməni və rus sifariş edə bilər.
AVMVİB Nərimanov rayon şöbəsinin üzvü olan Pənah Muxtar oğlu İsmayılovun təqaüdü 3 ay dayandırılmışdı və 3 ay süründürüldükdən sonra II qrup əlilliyi III qrupla əvəz ediblər. Haqlı narazılıqların artmasına səbəb olan digər məsələ isə geri dönmüş gənclərimizə veteran statusunun verilməsi ilə bağlıdır. Yaradılmış komissiya Yaqub Eyyubovun sədrliyi ilə heç bir fəaliyyət göstərmir və ya göstərirsə də «gizli fəaliyyət» göstərir. Biz dəfələrlə bildirmişik ki, bu şəxsin veteran və şəhid ailələri arasında mənfi bir imici var və yaxşı bir fəaliyyət gözləmirik. Artıq cəbhədən dönmüş şəxslərin qəzəbə çevrilən etirazları qarşısında dura bilmirik.
Müzakirələri davam etdirəcəyik. Hər kəs səbrlə qarşılaşdığımız bu neqativlərə qarşı mübarizə aparmalıdır. Biz daim dövlətimizin və dövlətçiliyimizin yanında olmuşuq və bu cür məqsədli addımları yaxşı başa düşürük.
Elnur Səlim
