AVMVİB sədri: «Rusların bu «zəvvar-zəvvar» oyununa son qoymaq lazımdır»

İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə 3 nəfər həlak olub, yaralananlar var.


Hadisəyə münasibət bildirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev dedi: «Öncə şəhid olanlara Allahdan rəhmət diləyirəm. Baş verən bu hadisəni, əlbəttə ki, dərin hiddətlə qarşıladıq. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə 100 nəfərdən artıq şəxs mina partlaması nəticəsində həlak olub və müxtəlif bədən xəsarətləri alıblar.

Ermənistan tərəfinin işğaldan azad edilmiş ərazilərimizdə uzun illər ərzində basdırdığı minaların xəritə və sxemlərini bu günədək təqdim etməməsini Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı törətmiş olduğu təxribat xarakterli aktların davamı kimi qiymətləndirilməlidir. Bu bəşəriyyət əleyhinə cinayətdə, öncə Rusiyanın və bu erməni faşizminə susqunluq göstərib, ələ keçirdiyimiz terrorçulara azadlıq tələb edən hər bir dövlətin əli var. Bu bəşəri cinayətdir. 30 il işğala göz yuman dünya bu dəfə də ərazilərimizi minalamış erməni quldur dəstələrinin mina sahələrinə aid xəritələrin alınıb verilməsinə susmamalıdır».


Hazırda minanın diversantlar tərəfindən basdırılması barədə sorğumuza AVMVİB sədri Füzuli Rzaquliyev Kəlbəcərdə döyüşdüyü üçün o əraziləri yaxşı tanıdığını dedi. Bildirdi ki, Susuzluq kəndi rayonun şimalında Murov ətəklərində yerləşdiyinə görə bu mina elə döyüşlər zamanı basdırıldığını ehtimal etmək olar. İkinci versiya isə ermənilər ayrılan vaxtda bu minaları sistemsiz şəkildə gediş yollarına döşəmişlər. Sadəcə bir sual yaranır ki, maşın hərəkəti üçün açılmış yolun minadan təmizlənməsi ilkin tədbirdir. Əgər bu tədbir həyata keçirilbsə, bu mina nəzərdən necə qaça bilərdi? Yox, keçiriməyibsə, hərbi maşınların və qeyri avtomobillərin hərəkətinə niyə icazə verilib? Diversiya variantlardan biridir. Amma qeyd etmək lazımdır ki, Susuzluq kəndi hər iki istiqamətdə düşmən mövqelərindən uzaqda yerləşir. Hər halda rusların ziyarətçi adıyla Xudavəng məbədinə gətirdikləri ermənilər əraziyə sıza bilərlər. Yəni «zəvvar» adıyla erməni-rus diversantları coğrafi cəhətdən bütün imkanlar olan ərazidə gizlənə bilərlər. Elə bu son olayı əsas tutaraq, rusların bu «zəvvar-zəvvar» oyununa son qoymaq lazımdır. Yəqin ki, aidiyyatlı qurumlar bu məsələni ciddi surətdə araşdıracaqlar.


Dinc Azərbaycan vətəndaşlarının öz peşə borclarını yerinə yetirərkən erməni faşizminin qaniçən xislətinə qurban getmələrini dünya ictimaiyyətinin kar qulağına çatdırmalıyıq. Ölkə rəhbərliyinin və ictimaiyyətin ilkin reaksiyası qənaətbəxşdir. Bunu erməni terrorçularına azadlıq istəyən hər bir dövlətin rəhbərlərinə çatdırmalıyıq. Dünya nə vaxtadək ermənilərin nazıyla oynayacaq?


F. Rzaquliyev bildirdi ki, biz olayı qınamaqla deyil, daha təsirli vasitələrə əl atmalıyıq. Həlak olmuş soydaşlarımızla bağlı Ermənistandan təzminat tələb etsək, indi o xəritələri çoxdan təhvil vermişdilər. Bu cinayətlərdə Rusiyanı Ermənistandan ayırmaq lazım deyil. Onlar Xocalı soyqırımında olduğu kimi bu cinayətlərdə də əlbirdirlər. 80 min nəfər döyüşçünü öz ətrafında birləşdirən AVMVİB, hadisəylə bağlı beynəlxalq təşkilatlara müraciət edəcək.


N. Məmmədli

Bu xəbəri paylaşın: