İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq yeddi aya yaxın vaxt keçsə də, hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi aradan qaldırılmayıb: azad olunmuş torpaqlarda ölən və yaralananların statistikası artmaqda davam edir.
Bu hadisədən öncəki məlumatlara görə, İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra işğaldan azad olunmuş əraziləridə minalara düşmə nəticəsində 21 nəfər Azərbaycan vətəndaşı həlak olub, 85 nəfər ağır yaralanıb.

Bu il insanların minaya düşməsi hadisələri əsasən Gədəbəy və Kəlbəcər rayonlarının ərazisində baş verib.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası təşkilatının bildirdiyinə görə, ümumilikdə bu il ərzində Azərbaycanın 59 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Bəs Azərbaycanın geri aldığı torpaqların minalardan təmizlənməsi nə qədər çəkə bilər?
»10-15 il»
Ötən il, müharibə bitəndən bir neçə gün sonra Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) rəsmiləri işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il müddətin lazım olduğunu bildirmişdilər.
Qurumun təmsilçili İdris İsmayılovun sözlərinə görə, «bu o demək deyil ki, sakinlər evlərinə qayıtmaq üçün 10-15 il gözləyəcək.»
Onun təbirincə, ilk öncə yaşayış yerləri minalardan təmizlənəcək, insanlar üçün təhlükəsiz sayıldıqdan sonra insanlar öz yurd-yuvalarına qayıda biləcək.

«Amma otlaqlar, əkin yerləri, meşə və dağ əraziləri də minalardan təmizlənməlidir ki, bunlar da illərlə vaxt aparacaq,» — İdris İsmayılov deyib.
2019-cu ildə ANAMA-nın o dövrdə ki direktoru Qəzənfər Əhmədov təşkilatın fəaliyyəti müddətində, yəni 21i il ərzində 804 min kvadratmetr ərazinin mina və partlamamış hərbi sursatdan (PHS) təmizlədiyini bildirmişdi.
Landmine Monitor Report nəşrinə görə, Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv km-dən 830 kv km-dək ola bilər. Bu rəqəmlər dəyərləndirmə səciyyəlidir və növbəti dəqiqləşdirilmə işi aparıldıqdan sonra azalma istiqamətində dəyişə bilər.
Azərbaycanda 2013-2017-ci illərdə 19,44 kvadrat km ərazi minalardan təmizlənib, bu isə ildə orta hesabla 4-5 kvadrat km ərazinin təmizlənməsi deməkdir, LMR yazır.
Odur ki, ANAMA ekspertlərinin Qarabağın 10-15 ilə minalardan təmizlənə biləcəyi barədə proqnozu, necə deyərlər, optimist dəyərləndirmə, yəni ən minimal göstərici də sayıla bilər.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası təşkilatının rəhbəri Hafiz Səfixanov azad olunmuş torpaqların minalardan təmizlənməsi müddətinə dair dəqiq rəqəmin deyilməsinin hal-hazırda mümkün olmadığı qənaətindədir.
O qeyd edib ki, əvvəllər belə rəqəmlər deyilirdi, «çünki ərazinin çirklənmə səviyyəsi bilinmirdi və ona görə də təxmini belə deyilirdi.»
«İşğaldan azad olunmuş ərazi çox böyükdür, minalarla və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi həddindən artıqdır. Bundan başqa ən əsas amil, bu ərazilərdə hələki heç bir təhqiqat aparılmayıb. Ona görə də hal-hazırda müddət bildirmək mümkün deyil», — Hafiz Səfixanov deyib.
Misal üçün, Yuqoslaviyanın dağılmasından sonra öz ərazisinin bütövlüyü uğrunda müharibə aparmış Xorvatiyada ərazilərin minalardan təmizlənməsi 20 ilə başa gəlib, Mozambikdə analoji iş 23 ilə görülüb.
Ukraynalı hərbi ekspert Mixail Jiroxova görə isə, «minalardan təmizləmə işinə sərf olunan vaxt müharibənin davam etdiyi müddətdən təxminən 5 dəfə çox olur.»
Bu qayda ikinci Qarabağ müharibəsinə tətbiq olunsa, onda son hərbi əməliyyatların getdiyi ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi müddəti təxminən 7-8 ay çəkə bilər.
Amma nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında Qarabağ müharibəsi əslində 30 ilə yaxındır ki, davam edib və Azərbaycan həmin dövr ərzində işğal olunmuş ərazilərdə minaların basdırılması və istehkamların qurulması işinin aparıldığını bildirir.
Məsələnin maliyyə tərəfi
Landmine Monitor Report dərgisi yazır ki, Azərbaycan hökumətinin və Dünya Bankının birgə araşdırması nəticəsində 2007-ci ilin sentyabr ayında, işğal olunmuş torpaqların minalardan təmizlənməsinə o dövrün qiymətləri ilə 600 milyon ABŞ dolları tələb olunduğu bildirilmişdi.
BMT-nin dəyərləndirməsinə əsasən, bu gün dünya boyu 70-dək ölkədə basdırılmış minaların ümumi sayı 100-120 milyon civarındadır.
Hər gün orta hesabla dünyada 70-dək insan minaya düşür, minalardan zərər çəkmiş hər 3 nəfərdən biri isə uşaqdır.
Minalanmış ərazilərdə təsərrüfat fəaliyyəti aparmaq mümkünsüzdür, bu isə ərazisi kiçik, əhalisi sıx olan ölkələrin rifahına öz təsirini göstərir.
1996-cı ildə BMT-nin təşəbbüsü ilə humanitar məqsədlə «minalardan təmizləmə əməliyyatları üçün beynəlxalq standartlar» işlənib hazırlanıb. Bu standartların ərazilərin təmizlənməsi keyfiyyətinə dair əsas tələbi belədir: 20 sm-dək qalınlığı olan torpaq təbəqəsinin 99,6 faizi mina və partlayıcı maddələrdən təmiz olmalıdır.
Minaların aşkarlanması və zərərsizləşdirilməsi üçün mövcud texniki vasitələr bu qədər yüksək təmizlənməni təmin etmir və nəticədə, təmizlənmiş ərazilərin 80 faizdən çoxu insanın iştirakı ilə — əl ilə təmizlənir.
Mütəxəssislərin fikrincə, mövcud texnologiyalardan istifadə edərək, bütün planetin minalardan təmizlənməsi təxminən 1000 il çəkə bilər və 65-100 milyard dollara başa gələcək.
Ukraynalı hərbi ekspert Mixail Jiroxovun yazdığına görə, bir minanın aşkar edilib zərərsizləşdirilməsi 1000-5000 dollar məbləğə başa gələ bilər.
Misal üçün, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər və didərgin düşmüş vətəndaşların işi üzrə naziri Vadim Çernış hesab edir ki, Donbasın minalardan təmizlənməsi üçün 800 milyon dollar vəsait tələb olunacaq.
Postsovet məkanında baş verən münaqişələrdə döyüş əməliyyatları zamanı hərbi sursatların təxminən 40 faizi partlamamış qalır. Mixail Jiroxov bunu həmin əməliyyatlarda Sovet dövründən qalmış hərbi sursatlardan istifadə olunması ilə izah edir.
Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan, ötən ilin 44 günlük müharibəsi dövründə Rusiyanın İsgəndər raketlərinin yalnız 10 faizinin işlək olduğunu qeyd etmişdi. Lakin sonradan Paşinyan dediklərinə düzəliş edərək, hərbçilərin ona «qeyri-dəqiq» məlumat verdiklərini də qeyd edib.
Köhnəlmiş hərbi sursatların utilizasiyası, yəni zərərsizləşdirilməsi işi çox bahalı olduğuna görə, »Rusiya belə sursatları qonşularına sataraq yaxşı qazanc əldə edir, həm də köhnəlmiş sursatlardan öz yaxasını qurtarır», Jiroxov yazır.
Mina xəritələri
Hər bir ölkə hərbi əməliyyatlar apardığı zaman həmin ərazidəki hərbi xəritələrdə öz minaladığı ərazilərin yerini göstərir.
Hücum və ya müdafiə vaxtı bu minalanmış ərazilərin xəritəsindən istifadə edilir. Məsələn, bir hissə təmizlənir və ordu həmin ərazidən keçib hücuma gedir.

Müharibə başa çatdıqdan sonra minatəmizləmə ilə məşğul olan Azərbaycan müharibədən öncə mövcud olmuş təmas xətti boyu və işğalda olan ərazilərdəki minalanmış ərazilərin xəritəsini Ermənistandan tələb edib.
»Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var», Prezident İlham Əliyev bildirib.
Ermənistan isə onda belə bir xəritənin olmasını nə təsdiq, nə də təkzib edib.
Kəlbəcərdə minada ikisi jurnalist olmaqla 3 nəfərin həlak olması ilə bağlı Azərbaycanın baş Prokuroru Kamran Əliyev BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən, Amnesty International və Human Rights Watch insan haqları qruplarına müraciət edərək Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərini minalamaqla humanitar normaları və prinsipləri pozmaqda günahlandırıb.
Avropa Şurasının İnsan Haqları Komissarı Dunja Mijatović bu hadisə ilə bağlı Twitter hesabında bəyanat yayıb: «Kəlbəcərdə mina partlaması nəticəsində ikisi jurnalist olmaqla 3 nəfərin həlak olması, bir neçə nəfərin yaralanması göstərdi ki, Dağlıq Qarabağ münaqişəsindən təsirlənmiş ərazilərin beynəlxalq əməkdaşlıq vasitəsilə minalardan təmizlənməsinə təcili ehtiyac var».
Hansı minalar var?
Minalar tank və piyada əleyhinə olur, müasir minaların müxtəlif növləri mövcuddur.
Mürəkkəb qaydada, misal üçün, infraqırmızı şüa və ya elektrik siqnalla da işə düşəni var, ağırlığın təsirindən partlayanı da.
Mexaniki təsir nəticəsində və ya ağırlıq altında partlayan minaların istehsalı daha ucuz başa gəldiyindən bu tip minalar daha çox yayılıb.
Minaların müxtəlifliyinə rəğmən, tank əleyhinə minaların əksəriyyətini piyada əleyhinə minalardan fərqləndirən əsas cəhət minanı işə sala biləcək çəki, ağırlıq həddidir.
Belə ki, piyada əleyhinə mina ayaq altında və ya insan ona toxunarkən partlayırsa, tank əleyhinə minanın işə düşməsi üçün ona təsir göstərən ağırlıq qüvvəsi ən azı 130-150 kilodan çox olmalıdır. Tank əleyhinə minaların əksəriyyəti üçün isə bu göstərici 200 kiloqram təşkil edir.
Odur ki, tank əleyhinə minanın dağıdıcı gücü piyada əleyhinə minanın gücünü qat-qat üstələsə də, insan üçün daha təhlükəli məhz sonuncudur.
Piyada əleyhinə minaların müəyyən növləri insanı öldürməyə yox, onu məhz şikəst etməyə hesablanıb.
Minalar necə axtarılır?
Torpağa basdırılmış minanı aşkar etmək üçün mina detektorundan istifadə olunur. Həmin detektorlar minanın metal hissəsindən qayıdan elektromaqnit siqnalı tutaraq basdırılmış minanın yerini aşkar edir.
Müasir dövrdə minaların ərazidə yerləşdirilməsi mexanikləşdirilmiş qurğu vasitəsilə həyata keçirilir, çox vaxt bu proses hərbi mühəndislər tərəfindən məsafədən idarə olunur.
Metal gövdəsi olan minalardan fərqli olaraq müasir piyada əleyhinə minaların əksəriyyəti plastik materiallardan hazırlanır, tərkibində metal hissələrinin ölçüsü isə kiçik olur. Minalanmış sahələrə səpələnmiş qəlpə, giliz, işlənmiş güllə və mərmi qalıqları minaların metal detektorlarla aşkarlanmasını xeyli əngəlləyir. Belə ki, ətrafdakı metal qırıntılarından qayıdan elektromaqnit dalğalar piyada əleyhinə minadan gələn zəif siqnalı seçməyə imkan vermir.
Metal detektordan istifadə edilə bilmədiyi halda mina axtarışı işində bəzi heyvanların iti iyduyma qabiliyyətindən də istifadə olunur — söhbət ilk növbədə, xüsusi təlim keçmiş itlərdən gedir.
Böyük ərazilərdə minaların axtarışı məsafədən idarə olunan və ya robotlaşdırılmış maşınlar vasitəsiylə də aparıla bilər.
Lakin bu cür maşınlar minalanmış sahəni təmizləyəndən sonra, sonda həmin ərazi yenə də mütəxəssis — istehkamçı tərəfindən yoxlanmalıdır.
Azərbaycan minaları hansı yolla axtarır?
Minalar Əleyhinə Azərbaycan Kampaniyasından Hafiz Səfixanov qeyd edir ki, sahənin təmizlənməsi həmin «ərazinin mina ilə çirklənməsindən, relyefdən və müəyyən qədər də hava şəraitindən asılıdır.»
«Bizdə çirklənmə böyükdür, bundan başqa ərazidə həddindən artıq metal qırıntıları ilə çirklənmə də var. Yəni mina axtaranların detektorları hər bir metal qırıntısına reaksiya verir və mina təmizləyən buna adekvat reaksiya verməlidir. Metal qırıntılarının çox olması mina təmizləmənin sürətini çox aşağı salır», — ekspert vurğulayıb.
Hafiz Səfixanov qeyd edir ki, «mina xəritələrinin olması işin sürətinə təsir edən amildir.»

«Lakin indi bu xəritələrə (əgər verilərsə) inam məsələsi ortaya çıxıb», — ekspert bildirib.
Mina təmizlənməsi işində robotlardan, heyvanlardan istifadə olunmasına gəldikdə isə, Hafiz Səfixanov bildirib ki, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işində «axtarış itlərindən və robotlardan istifadə yeni deyil.»
«Hələ 2000-ci illərin əvvəlindən başlayaraq Azərbaycanda minaların təmizlənməsində həm itlərdən, həm də robotlardan istifadə olunur,» — ekspert vurğulayıb.
Hazırkı faktiki vəziyyətə görə, Qarabağın böyük bir hissəsi və 5 kilometr enində Laçın dəhlizi Rusiya hərbi kontingentinin məsuliyyət zonasına aiddir. Həmin ərazidə minalardan təmizləmə işini Rusiya hərbçiləri öz texnikası və mütəxəssisləri ilə aparır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, keçən ilin noyabrın 23-dən başlayaraq 2115 hektar ərazi və 656 kilometr ümumi uzunluğunda yollar minalardan təmizlənib, 1832 bina sapyorlar tərəfindən yoxlanılıb, 25611 partlama təhlükəsinə malik əşya aşkar edilərək zərərsizləşdirilib.
Rusiya MN qeyd edir ki, bu işlərə hər gün 10 hərbi qulluqçu cəlb olunur.
İşğaldan azad olunmuş qalan ərazilərdə isə Azərbaycan minaları özü Türkiyənin köməyi ilə təmizləyir.
Türkiyənin yardımı
Mina və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə Türkiyənin hərbi istehkamçılarının ilk qrupu Azərbaycana noyabrın 30-da, yəni müharibə başa çatdıqdan 20 gün sonra göndərilib. Qrup Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində kömək göstərməyə başlayıb.
Bu ilin fevralında isə Türkiyə Azərbaycana 20 ədəd mina təmizləyən 20 MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) maşını ixrac edib.
May ayında isə Türkiyə Azərbaycana «MEMATT» markalı daha 5 mexaniki minatəmizləmə texnikası göndərib.
Azərbaycan Ordusunun Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimovun sözlərinə görə, «bu texnikanın üstünlüyü ondan ibarətdir ki, 500 metr məsafədən idarə olunur və artıq onun işlədiyi əraziyə insanın girməsinə ehtiyac qalmır. Partlayış da baş verərsə, insan faktoru kənarda qalmış olur.»
Türkiyə Milli Müdafiə Nazirliyi həmçinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it hədiyyə edib və Azərbaycan kinoloqları Türkiyədə mina axtarışı və təmizlənməsi təlimləri keçib.
Minaxtaran itlər
Minaxtarma işində heyvanlardan — itlərdən və son zamanlarda siçovullardan istifadə olunması təsadüfi deyil.

Minalar arasında insan üçün ən təhlükəlisi piyada əleyhinə minalardır, onları isə adi metal detektoru ilə aşkar etmək isə çox çətindir, çünki bu cür minanın gövdəsi plastik materiallardan hazırlanır.
Minanın hazırlandığı material plastik olsa da, bütün minalardakı partlayıcı maddənin tərkibi təxminən eyni kimyəvi maddələrdən ibarətdir və həmin maddələri iyduyma qabiliyyəti güclü olan xüsusi təlim keçmiş itlərin köməyilə aşkar etmək mümkündür.
1990-cı illərin sonlarından başlayaraq mina axtarışı işində mütəxəssislər siçovulların iyduyma qabiliyyətindən də istifadə etməyə başlayıb.
İtlərin istifadəsiyə müqayisədə siçovullardan istifadə daha ucuz, faydalı iş əmsalı isə daha yüksəkdir.
Siçovullar
Mina axtarışı işində istifadə olunan siçovullardan heç biri indiyədək zərər çəkməyib.

İlk belə təcrübə Tanzaniyada həyata keçirilib və Qambiya siçovullarına mina axtarmaq öyrədilib. Minaları və partlamamış bombaları axtarıb tapmaq bacarığını bu siçovullara Belçikanın Apopo qeyri-hökümət təşkilatı öyrədir.
Təşkilat siçovullara metalı deyil, partlayıcıların içərisindəki kimyəvi birləşmələrin iyini tanımağı öyrədir. Bu o deməkdir ki, siçovullar metal qırıntılarını iyləməyə vaxt itirmədən kimyəvi partlayıcı maddələri aşkar edir və beləliklə, mina tapmaq prosesi daha sürətli olur. Siçovul partlayıcı tapdıqda, komandada işləyən insanları xəbərdar etmək üçün pəncəsi ilə yer qazmağa başlayır.
Təşkilatın bu sahədə 20 illik təcrübəsi var və məlumata görə, həmin dövr ərzində »bir dənə də də olsun siçovul» minadan zərər çəkməyib: insan çəkisinə nisbətən siçovulların çəkisinin yüngül olması onları partlayış təhlükəsindən qoruyur. Onların aşkar etdikləri minalar partlamır.
Siçovullara minanı iyduyma ilə aşkarlamaq öyrədilir. Siçovul mina ilə rastlaşanda torpağı qazmağa başlayır. Qambiya siçovulunun çəkisi 1,5 kilodan azdır, bu səbəbdən də mina işə düşmür. Minaaxtaran siçovullar Mozambik, Kamboca, Tailand, Vyetnam və Laosda minlərlə insanın həyatını xilas edib.
Tennis kortu boyda sahədə basdırılmış minaların aşkar edilməsi üçün minaxtaran siçovula cəmi yarım saatadək vaxt tələb olunur. Minaxtaran istehkamçı mütəxəssis üçün bu işi görməyə bir neçə gün vaxt tələb oluna bilər.
Medal almış siçovul
Onlarla piyada əleyhinə mina aşkar etmiş minaaxtaran siçovul ötən il qızıl medalla təltif olunub.
Magawa adlı Afrika siçovulu bu mükafata Kambocadakı minalanmış ərazilərin minalardan təmizlənməsi işində iştirakına görə layiq görülüb.
Magawa indi yeddi yaşındadır. Bu siçovul Tanzaniyada bir illik hazırlıq kursu keçib.
Magawa gündə yarım saat səhərlər işləyir və artıq təqaüd yaşına çox yaxındır.
Partlama riski olmayan gəmirici karyerası ərzində 70-dək mina və partlamamış hərbi sursat aşkar edib.
2020-ci ilin sentyabrında Britaniyanın PDSA xeyriyyə təşkilatı Magawa-ya qızıl medal verib.
1943-cü ildən bəri PDSA müharibə dövründə şücaət göstərdiklərinə görə fərqlənən heyvanlara və 2002-ci ildən bəri sülh dövründə xüsusi qəhrəmanlıq göstərən heyvanlara mükafatlar təqdim edir.
Magawa PDSA medalını alan ilk siçovul olub.
Əvvəlki qaliblərin hamısı isə it olub.(BBC. Azərbaycanca)