Artıq saxta həkimlərin saxta rəyləri əsasında və qondarma «İsveçrə sindromu» müharibə əlilləri arasında ciddi sosial narazılığı yaratmaq məqsədinə nail olub.

Bu sosial sifarişi ortaya atanlar barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini İslam Səfərov bir çox nüanslara toxundu.
İslam Səfərov bildirdi ki, bu gün proseslərin içində olan bir şəxs kimi əminliklə deyə bilərəm ki, ölkədə müəyyən qüvvələr aşkar bir şəkildə düşmənə qarşı müharibədə iştirak edənlərə və onlara dəstək olmuş xalqa qarşı əsil qisas əməliyyatı həyata keçirirlər. Bunlarn içində bütün peşə sahibləri var. Bu qüvvələr qisas əməliyyatında əfsuslar olsun ki, hökumət adından iştirak edirlər. Faktiki olaraq qalib ordunun əmək haqqlarına əl gəzdirilməsi, geri dönmüş əsgərlərin statusunun müəyyən edilməməsi, tərxis edilmiş əsgərlərin işlədikləri iş yerlərində işə bərpa olunması, yaralıların tibbi baxımsızlığı, veteranlar, əlillər və şəhid ailələri arasında zatı bəlli olmayanların «təzə, köhnə» ayrımçılığı salmaq cəhdləri, əlilliyin təyin olunmasıyla bağlı qəbul edilmiş əsasnaməni gizli, heç bir müzakirə olmadan dəyişdirilməsi, hazırlanmış mətndə «hərb, müharibə və kontuziya» sözlərinin belə olmaması və s. bu planın tam tərkib hissələrindədir. Bu, Ali Baş Komandana, Dövlətə qarşı ən azı bir sabotajdır.
9 noyabrdan sonra 8 ay keçməsinə baxmayaraq geri dönmüş əsgərlərlə bağlı yaradılmış «Yaqub Eyyubov komissiyası»nın cıqqırı çıxmayıb. Ortada buraxılmış gənclərimizə bu gün sahib çıxmağa çalışırıq. Amma bu mənəvi bir yardımdır. Biz bu dəstəklə yaranmaqda olan sosial narazılığı yatırtmağa çalışırıq. Onları meydanda tək qoymaq cinayətdir. Müharibə olanda cücəyə dönənlər, müharibə sonrası yenə «aslana» dönüblər. Döyüşçüləri qapılardan qovur və dinləmirlər. Artıq bir neçə bölgədə etirazlar başlayıb. Lakin yaradılmış komissiyanın yenə də səsi çıxmayıb. Aidiyyatlı qurumlar artıq yeni bir status tətbiq ediblər — müharibə iştirakçısı. Kimlər müharibə iştirakçısı hesab edilir və onlar hansı dəstək tədbirləri ilə əhatə olunurlar?
ƏƏSMN-n sənədlərində deyilir: «Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişikliyə əsasən 1 adda orden və 13 adda medal təsis edilib.
«Müharibə iştirakçısı» hesab edilməsi üçün sənəd — təltif edilmə ilə bağlı müvafiq sənəddir».
Yaxud da Milli Məclis Vətən Müharibəsi Qəhrəmanlarına imtiyazlar verilməsini müzakirə edir. Belə çıxır ki, medal alanlar müharibə iştirakçısı, müharibə qəhrəmanları isə imtiyazlı qrup olaraq 1000-2000 nəfəri əhatə edəcək. Bu, artıq dəhşətdir. Medal almaqla döyüş iştirakçısı sayılmaq bir absurddur. Əlimizdə bu sahədə yüzlərlə neqativ faktlar var. Hətta döyüş bölgəsində olmayan adamların təltif olunması kimi faktlar var və ciddi araşdırmalara ehtiyac duyulur.
Bu cür yanaşma Aprel döyüşləri ilə bağlı da baş verib. Diqqət edin: «1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər». Amma «Veteranlar haqqında» Respublika Qanunda yazılıb: «Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir».
Adicə bir faktı deyim ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq, Birliyin «Orduya dəstək» kampaniyası çərçivəsində müharibənin ilk günündən Murovdan Füzuli cəbhəsinədək öz maddi-mənəvi, hətta fiziki dəstəyimizi ordumuzdan əsirgəmədik. Təkcə onu deyə bilərəm ki, təşkil etdiyimiz yardımlar bir başa cəbhənin tələbatına hesablanmışdı. Amma 40 gün ön cəbhə ilə təmasda olan biri kimi deyirəm ki, bu gün MN cəbhədən xəbəri olmayan qurumları təltif edir. Eyni neqativləri döyüşən əsgərlərimizin təltif olunmasında da görməkdəyik. Adsız qəhrəmanlar daim ən sonda danışır.
İslam Səfərov, müharibə əlillərinin əlillik dərəcələrini ləğv edərək, «gözəyarı» təyin edilməsinə edilən cəhdləri qınadı. Bildirdi ki, iki ayağı olmayan müharibə əlilinin əlilliyini ləğv edilib, II dərəcə təklif edirlər. Birincisi lap qanun qəbul edilsə belə yeni qanunun geriyə qüvvəsi olmur. Onsuz da məhkəmə yolu ilə ləğv olunmuş dərəcələr bərpa olunacaq. Deməli, bunu bilərəkdən edirlər ki, sosial partlayış yaratsınlar. Çünki cəmiyyətin ən həsass kəsimi müharibə əlilləri və veteranlarıdır. Bunca müharibə ilə bağlı müzakirələr olunur, artıq 80 mindən çox üzvü olan bir təşkilatı niyə müzakirələrə dəvət etmirlər? Elə Müdafiə Nazirliyini götürək. Bu 80 min veteranın böyük hissəsi ordu mənsublarıdır. Bu günədək etdiyimiz müraciətlərin neçəsinə müsbət yanaşdıqlarını deyə bilərlərmi?
İ. Səfərov, sonda gənclərə səbrli olmağı tövsiyyə etdi. Bildirdi ki, bir «Dəmir yumruq»la Qarabağı azad edən əsgər, daha bir «Dəmir yumruq» sayəsində daxildəki neqativləri, düşmənin qisasını almaq istəyənləri yox edəcək.