Əlillik təqaüdü kəsilənlər: “Aylardır yoxlayırlar. Nə yeyək? Nə ilə müalicə olunaq?”-BBC Azərbaycandakı sosial özbaşınalıqdan yazdı

  • Günel Səfərova & Səadət Akifqızı
  • BBC Azərbaycanca

(Əvvəli: https://fedai.az/?p=40094)

500 müraciətdən 5-i

Azərbaycanın rayonlarından birindəki tibb müəssisədə işləyən, adının çəkilməsini istəməyən bir həkim BBC News Azərbaycancaya bildirib ki, «həqiqi əlilliyi» olan şəxslərə də imtina cavabı gəlməsinin şahididir:

«Təqaüdü dayandırılanlar arasında şizofreniya, epilepsiya və ya anadangəlmə əqli geriliyi olan xəstələr var ki, onların sağalması mümkün deyil, amma onlara da imtina cavabı verirlib. Saxta pensiya düzəldənlər var, amma həqiqi xəstələr də var ki, imtinaya görə gəlib gözünün yaşını tökür. Şizofreniyadan əziyyət çəkən xəstəm hər ay pulsuz dərman üçün xəstəxanaya gəlib, amma ona imtina veriblər ki, son vaxtlar stasionar müalicə almayıb. Bəzi adamlar var ki, psixi xəstəxanalara gedəndə vəziyyətləri daha da pisləşir. Ona görə valideynləri onların dərmanlarını alıb evdə baxırlar. Bu ay o xəstəyə pulsuz dərman verdik, amma pensiya verilməsə, məcburuq kəsək. O dərman içməsə, kim tutub saxlayacaq? Bu necə olacaq?»

Söhbət etdiyimiz həkim deyib ki, imtina cavabı alanlar onların üstünə gəlir, ancaq onların edəcəkləri bir şey yoxdur:

«İmtina veriblər ki, son 5 ildə stasionar müalicə yoxdur. Sən bunun hər ay aldığı dərmana bax. Hamısı da kompüterə vurulur. Bu insan mütəmadi dərman alıb. Onun kimi də başqa epilepsiya xəstələridi, bunların hamısı dərmanla yaşayır. Axı, məsələyə onların xəstəxanada yatmaqlarının nə dəxli var?» Həkimin sözlərinə görə, 2020-ci ilin noyabr ayından əlilliyin yenidən təyin edilməsi bağlı müraciətlərə imtina cavabı kəskin artıb: «Noyabrdan bəri 3-4 xəstəmə əlillik veriblər. Bəlkə də 500 müraciətdən 5-nə veriblər-» o deyir.

«Çox vicdansızcasına…»

Onun fikrincə, hamının təqaüdünü kəsmək doğru addım deyil.

«İmtinada yazılıb ki: «natamam doldurma». Xəstə deyir ki, sən natamam doldurmusan. Başa sala bilmirəm ki, natamam doldurma o deməkdir ki, sən xəstəxanada yatmamısan, açıqlamasını verib. Xəstə deyir, yox ey, tam dolduraydın».

Həkim gileylənir ki, sənəd doldurarkən bütün detalları yazmalarına rəğmən, sənədi qəbul edən qurum bəzən bunu «səthi doldurma» kimi qiymətləndirir.

«Bu «dərin doldurulma»nı bizə öyrətsinlər, görək nətər olur o. Çox vicdansızcasına edirlər,» — adının açıqlanmasını istəməyən həkim qeyd edir.

«Gənc bir xəstəm tualet ehtiyacını belə yardımsız görə bilmir. Yazmışdım onun barəsində, bütün detalları yazmışdım. Ona 2-ci qrup veriblər. Əslində 1-ci qrupa düşməli xəstədir, çünki heç bir əmək qabiliyyəti yoxdur».

Xəstəxanalarda yaranan sıxlıq

2-ci qrup gözdən əlilliyi olan jurnalist Hafiz Babalının pensiya təyinatı bu ilin yanvarında bitib. O, yenidən müraciət edəndə isə ona deyilib ki, aprelin 8-də yaxınlaşsın. Bu isə o deməkdir ki, o, azı 4 ay pensiya almayacaq.

«Aprelin 8-də gəldim, müayinədən keçdim. Hələ bu o demək deyil ki, mənim pensiya təyinatım müəyyən olunubdur. Hələlik tibbi rəyi poliklinikaya təqdim etmişəm. Orada bu sənəd bir müddət elektron bazaya vurulmur, çünki elektron bazanın özünün işləmə sistemi də işlək deyil. Bu proses aprelin sonuna qədər çəkəcək və ondan sonra əgər pensiyasıya əlillik təyin olunacaqsa, sənədlər aidiyyatı üzrə ƏƏSMN-nin müvafiq qurumuna veriləcək ki, həmin o pensiya yenidən bərpa olunsun».

O hesab edir ki, təqaüdlərin ödənişinin dayandırlması pensiyaların təyinatında, ödənişində olan problemlərin aradan qaldırılması, qeyri-qanuni təyinatların müəyyən olunması məqsədilə edilib.

Lakin onun təbirincə, dövlət qurumlarının bu işdə tətbiq etdiyi «özünəməxsus bir pəncərə, bir qapı prinsipi» narazılıq yaradır.

«Göz xəstəliyi olanlar yalnız Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yoxlanılmalıdır. Buna görə də xəstəlik vəziyyətindən, yaşından, yaşayış yerindən asılı olmayaraq, bütün vətəndaşlar, 10 minlərlə pensiya və müavinət təyin olunmuş gözdən əlillər həmin mərkəzə müraciət edilər və nəticədə də böyük sıxlıq yaranır,»- o deyir.

«Bunun cavabını kim verəcək?»

Hafiz Babalı öz müşahidələrindən də danışır. O deyir ki, insanların axın-axın müraciət etməsi ciddi problemlər yaradır.

» Aprelin 8-də müşahidə etdim ki, vətəndaşlara dekabrın ortalarına təkrar müraciət üçün gün təyin edirlər. Bu o deməkdir ki, 9 ay müddətdə insanlar pensiyadan məhrum olurlar, bunun cavabını kim verəcək. Bu, çox ciddi problemdir».

Hafiz Babalı pensiyaların təyin edilməsində saxtalaşdırması və qeyri-qanuni təyinatların olmasını istisna etmir və bunun qarşısının alınmasımı da təqdirəlayiq hal sayır, lakin o qeyd edir ki, qeyri-qanuni təyinatlarla bağlı hesabat verən dövlət qurumları «filan qədər qənaət olub» deyirlər: «Bu qənaət deyil, bu pensiyaçının, vətəndaşın cibinə girməkdir».

Onun sözlərinə görə, bu prosesdən əgər vətəndaşların sosial cəhətdən zəif müdafiə olunan təbəqəsi əziyyət çəkirsə, bu prosesi gərginləşdirən qurumlar çıxış yolu tapmalıdırlar.

«Məgər tək Zərifə Əliyeva adına Oftolmologiya Mərkəzi Azərbaycanda göz xəstəliklərini müəyyən edən orqandır? Özəl və dövlət qurumları var ki, onların da kifayət qədər professional və peşəsinə ləyaqətlə xidmət edən nümayəndələri var. Buyursunlar , bu ekspertiza mərkəzlərini orada da təyin etsinlər. Məgər bölgələrdə Zərifə Əliyeva adına Oftolmologiya Mərkəzindən başqa göz xəstəlikləriylə bağlı ixtisaslaşmış qurum yoxdurmu? Elə Zərifə Əliyeva adına Oftolmologiya Mərkəzinin bölgələrdə filialları var. Niyə pandemiya vaxtında insanlar əziyyət çəkməlidilər, xərcə düşməlidirlər?» — o deyir.

Sənəd toplamaq üçün idarələr arasında «dolaşmaq»

İqtisadçı Qubad İbadoğlu xatırladır ki, illər öncə ölkədə «saxta əlillik arayışının tüğyan etməsi» məsələsini elə onun özü qaldırıb: «Təsəvvür edin, Azərbaycan hər 100 min nəfərə düşən əlilliyi olan şəxslərin sayına görə MDB ölkələri arasında lider idi. Ölkədə əlilliyi olan şəxslərin sayı 600 mini ötmüşdü. Müharibə yox, əlillik yaradacaq kütləvi durum yox və bu çox şübhəli görünmüşdü».

Amma təhlilçi əlavə edir ki, Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyi «saxta əlilliklə» mübarizədə «həqiqi əlilliyi olan şəxsləri problemlərlə üz-üzə qoymamalıdır».

Qubad İbadoğlunun fikrincə, büdcəyə qənaət etmək üçün əlillik təyinatı ilə bağlı prosedur mürəkkəbləşdirilib, mərkəzləşdirilib. O bunu «əlillik təyinatını süni şəkillərlə yubadan bir mexanizm» kimi qiymətləndirir.

İqtisadçı onu da deyir ki, sənəd toplamaq üçün idarələr arasında «dolaşmaq» onsuz da azməbləğli pensiyaya möhtac insanlardan ötrü məşəqqətə çevrilib.

«Elə həqiqi əlilliyi olan şəxslər var ki, onların yeganə dolanışıq mənbəyi əlilliyə görə aldıqları pensiyadır. Əgər əlilliyin yenidən təyinatına ehtiyac varsa, bu proses şəffaf, açıq və sürətli olmalıdır».

«3-4 ay qabaqdan sənəd toplasalar…»

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirirlər ki, araşdırmalar zamanı 7 mindən çox şəxsin «saxta əlillik» arayışı düzəltdiyi üzə çıxıb və onlara pensiya verilməsi dayandırılıb. Əlillik təyinatı üçün yenidən müraciət edənlər arasında təxminən 16 min şəxs ya reabiltasiya olub, ya da xəstəlik vəziyyətləri əlillik qrupu təyinatı üçün əsas sayılmaylb. Nazirlik bununla büdcəyə illik 101 milyon manat qənaət edildiyini açıqlayıb: «Saxta əlillik təyinatlarının ləğvi nəticəsində qənaət edilmiş vəsait məhz elə həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial ödənişlərinin, o cümlədən müavinət və pensiyaların artırılmasına sərf olunub,»- nazirlikdən BBC News Azərbaycancaya bildirilib.

Qurumun sözçüsü Fazil Talıblı səslənən iddiaları əsaslı saymır, deyir ki, bir çox şəxsdə əlillik müddəti bitib, bu isə «pensiyanın dayandırılması» deyil və onlar yenidən müraciət etməlidirlər:

«Bəzi vətəndaşlar heç sənədlərinə baxmırlar ki, bu əlillik qrupu onlara hansı müddətə təyin edilib. Kartı bankomata salıb yoxlayanda görürlər ki, pul köçməyib, onda yada düşür ki, sənədə baxsınlar».

Fazil Talıblı deyir ki, nazirliyin vətəndaşlara əlilllik təyinatı müddətinin bitməsi ilə bağlı əvvəlcədən xəbər vermək kimi bir öhdəliyi yoxdur: «Şəxsiyyət vəsiqəsinin vaxtı bitəndə sizə zəng edib deyirlərmi ki, vaxtı bitib, gəlin dəyişdirin? Vətəndaş şəxsiyyət vəsiqəsini vaxtı bitəndə dəyişdirməyə məsuliyyəti özü daşıyır, eləcə də əlillik təyinatı ilə bağlı sənədlərin yenidən toplanması ilə də bağlı».

O deyir ki, 2015-ci ilin dekabrın Nazirlər Kabinetinin qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılmışdı və bu qərar 190 min şəxsi əhatə etmişdi. Bu il artıq bu şəxslər üçün müddət bitir və onlar əlillik almaq üçün yenidən müraciət etməlidirlər:

«Əlillik təyinatına yenidən müraciət edəcək şəxslər müddət tamam olmazdan 3-4 ay qabaqdan sənədlərini toplamağa başlasalar, vaxt itkisi ilə üzləşməzlər».

Fazil Talıblı deyir ki, əlillik təyinatı üçün doldurulan Forma-88 arayışı elektron bazaya yüklənən andan, əgər şəxsə əlillik düşürsə, müraciətinə nazirlikdə baxılma müddətindən asılı olmayaraq, bu pensiya hesablanacaq:

«Əgər 190 minin arasında saxta əlillik arayışı düzəldənlər varsa, əziyyət çəkib yenidən müraciət etməsinlər, onlar onsuz da aşkarlanacaq, sadəcə, iş yükümüzü, sənəd dövriyyəmizi, vətəndaşların müraciətinə baxılma müddətini artıracaqlar».

Fazil Talıblı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlillik təyinatı ilə bağlı guya süründürməçiliyə yol verildiyi barədə iradlarla razılaşmır, deyir ki, əlilliyin qiymətləndirilməsi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən həyata keçirilir, müraciətlərin vaxtlı-vaxtında cavablandırılması təmin olunur.

O əlavə edir ki, əlillik təyinatı ilə bağlı şikayətlərdən xəbərdardılar: «Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində vətəndaş barəsində həkim rəyinin əks olunduğu Forma-88 arayışı əsasında əlillik təyin edilir. Biz vətəndaşı görmürük, rəyi görürük. Əgər vətəndaş hesab edirsə ki, həkim rəyi düzgün deyil, o zaman Agentlikdəki Appellyasiyaya müraciət edə bilər. Əgər həqiqətən də vətəndaş əlilliyi olan şəxsdirsə və həkim rəyi düzğün yazılmayıbsa, o zaman nazirlik aidiyyətli orqanlar qarşısında həmin həkimlə bağlı məsələ qaldırır».

O, əlillik təyinatı ilə bağlı prosedurların qanunvericiliklə tənzimləndiyini əlavə edir.

BBC News Azərbaycancanın suallarına TƏBİB hələ ki, cavab verməyib.

Bu xəbəri paylaşın: