Bu yazını 2017-ci ildə dərc etmişdik. Aktuallığını itirmədiyi üçün yenidən diqqətinizə çatdırmaq qərarına gəldik. Çünki bizim Əmək və Əhalinin sosial Müdafiəsi nazirliyi adında bir qurumumuz var. Bu qurumun sosial işlərdən xəbərləri olmadığı bir kənara qalsın, ölkə rəhbərinin verdiyi fərman və göstərişləri təftiş etməklə məşğul olması bu canavarı yadıma saldı…
Azərbaycanda bizim məmurları yığıb islahatlar göstərişi vermək yığıncaqları yadıma bir lətifəni salır. Hər dəfə də bu uyğunluq acı bir təbəssüm doğurur…
Meşədə Qurd Dovşanı görən kimi təpə-qapaz edib, o ki var döyərmiş. Bir gün Dovşan cəsarətlənib Şirə şikayətə gedir. Şir Qurdu çağırıb danlayır: «Dovşan səndən şikayətçidir. Onu daha döymə». Qurd deyir ki, mən artıq adətkardayam. Onu görəndə mütləq döyməliyəm. Çox söhbətdən sonra həftədə bir dəfə döyməyə razılaşırlar. Dovşanı çağırır və məsələdən agah edirlər. Dovşan sevinir ki, 7 gün döyülməkdənsə 1 gün döyülmək yaxşıdır. Fərman imzalanır. Elə iclasdan çıxan kimi Qurd deyir: «A Dovşan, bəri gəl. Onu yenə salır təpə-qapazın altına və deyir ki, dəftər tut yaz, bu olsun bu həftənin payı».
Sabah Dovşanı çağırıb o ki var döyür və deyir: «Yaz bu da olsun gələn həftənin payı». Bu minvalla Dovşan hər gün döyülür və yazır. Bir gün Şir Dovşandan soruşur: «Vəziyyət yaxşıdırmı?»
Dovşan deyir: «Vallah, döyülmək elə həmin döyülməkdi, bir az yazı-pozu işim artıb»…
İndi bizim də işiniz artıb. Dağda çoban, bağda bağban e sosial-a necə müraciət etməyin yollarını axtarır. Ən yaxşısı yeni bir Sosial işlə məşğul olan nazirlik yaratmaq lazımdır…
Fedai.az
