Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də işsiz şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.
Qeyd edilən vətəndaşlar haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan siyahıya əsasən “azerpost.az” portalında yerləşdirilir. Saytda birdəfəlik ödəmələri poçt şöbələrinə köçürülən vətəndaşların məlumatları yer alıb. Məlumatlar mütəmadi olaraq yenilənir.
Portalın əsas səhifəsindəki müvafiq bölmədə şəxsiyyət vəsiqəsinin seriyasını və ya FİN kodu daxil etməklə məlumat almaq mümkündür.
Qeyd edək ki, vətəndaşların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə birdəfəlik ödəmə barədə SMS göndərilir.
Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 15 min şəxsə birdəfəlik ödəmə vəsaitinin ödənişini həyata keçirib.
Qurumdan verilən məlumata görə, ödəmə vəsaitləri bank filiallarına və poçt şöbələrinə köçürülüb.
Həmin şəxslərin müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də «Azərpoçt” MMC qeyd edildiyi halda — istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə — həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.
İşsiz kimi qeydiyyata alınan şəxslərə ödəmələrin verilməsi gündəlik olaraq davam edir. Aprelin 9-10-da da hər gün 10 min nəfərə birdəfəlik ödəmə vəsaiti poçt şöbələrinə və bank filiallarına köçürülüb. Ümumilikdə indiyədək artıq 35 min işsiz şəxs üçün birdəfəlik ödəniş həyata keçirilib və qeydiyyata alınan digər işsiz şəxslərə ödəmələrin verilməsi də təmin olunacaq.
Adınızı bu linkdən daxil olub şəxsiyyət vəsiqəsinizin seriya nömrəsini və FİN kodunu yazmaqla yoxlaya bilərsiniz.
