Heydər Əliyev Mərkəzi Türkiyəyə dəstək verdi

Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub.

Koronavirusa qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub. Bu nümayişə münasibət bildirən M. Çavuşoğlu bildirib ki, Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türk bayrağı Azərbaycan bayrağı ilə birliktə dalğalanır: «Tək millət, tək ürək Azərbaycan, Türkiyə! #BirliktəYeneceğiz».

Bu diqqət çəkən aksiya, aprelin 3-dən başlayaraq virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla da Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Bu günədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya və İspaniyanın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

Bu xəbəri paylaşın: