
İNDİLİK
Yırğalamaz açlıq bizi
Aşımız yok ki, qorxalım.
İpi qırmış iş krizi
İşimiz yox ki, qorxalım.
Devrilib olmuşuz lata,
Çürümüşük yata-yata,
Gəlirsə, xoş gəldi balta
Yaşımız yox ki, qoralım.
Quyudan çıxmaz ucalar
Qoltuğa sığmaz cücələr,
Varsın bitməsin gecələr,
Düşümüz yox ki, qorxalım.
Alsınlar dağı, ovayı
Çalsınlar türlü dâvâyı
Qullar bölüşsün havayı
Quşumuz yox ki, qorxalım.
Yaptıq özənə, bezənə
Doyduq maddəçi düzənə,
Göydən daş yağsa, bizə nə?
Boşumuz yox ki, qorxalım.
Adamlar adam yeyirlər,
Acımak nə? Bilməyirlər,
Ət çiynəmək zor deyirlər
Dişimiz yox ki, qorxalım.
Qulağa yetməz çağrımız,
Dinməz sızımız, ağrımız,
Dörd mövsüm yanar bağrımız,
Qışımız yox ki, qorxalım.
Kimiləri başdan çıxar,
Kimiləri başa qaxar,
Balıqlar başından qoxar,
Başımız yox ki, qorxalım.
***********
Əlövsət Saldaş

BURDA BİRİ VAR
Bir dərviş misallı axtaran olsa,
Yerini bilirəm,- burda biri var.
Səsi Tanrıya da bəlkə yetişmir,
Qoşulub ulayır qurda,-biri var.
Olan ümidlərin yellər apardı,
Bircə əlçatanı olsa nə vardı…
Vətən deyə-deyə dili qabardı,
Əlləri uzalı Yurda,- biri var.
Baxıram-görkəmi daşa bənziyir,
Daşınan yaranıb qoşa-bənziyir…
Bütün fəsilləri qışa bənziyir,
Ayaqları donur qarda,- biri var.
Dünyanın dərdini dərib yaşadı,
Həyatın hər üzün görüb yaşadı,
Bu fani dünyada qərib yaşadı,
Rahat yatmayacaq gorda,-bir var.
Kəramət yoxuymuş baxtında,gəlin,
Bayquşlar əyləşib taxtında, gəlin….
Yığılın, hayına vaxtında gəlin,
Əlövsət adında darda biri var.

Deyirəm
Qapısın döyməli kimsə qalmadı,
Gedib dərdlərimi daşa deyirəm.
Şikayət edirəm daş adamlardan,
Daşın da daş səbri daşa deyirəm.
Hələ ah çəkirəm, aman yerim var,
Damım zədəlidi daman yerim var.
Dağın o üzündə güman yerim var,
Karvanım bu dağdan aşa deyirəm.
Olanlar daşlaşır, bütləşir gedir,
Libasın soyunur, lütləşir gedir.
Qafalar keyiyir, kütləşir gedir,
Batmır dediklərim başa, deyirəm.
Daha qənşərimə gəlmir çəm indi,
Bu yaşda neynəsin ömrükəm indi.
Nizamsız, dağınıq bu köç mənimdi,
Apara bilsəydim başa — deyirəm…
A könlü qübarlım, dili gileylim,
Fərağında qaldım, gəlmədi Leylim.
Ömür ürəyincə olmadı neylim,
Əlövsət, birtəhər yaşa deyirəm.
************
ELBƏYİ
Ağdərə rayonu
Zaman qurtarıb…
Cəhənnəm yolunda gedən kəslərik,
Bu yurdun qoynunda iman qurtarıb.
Sığınıb qalmışdıq quru gümana,
Baxdıq ki, yox olub güman qurtarıb.
Əyriyə nökərik, düzü gözlərik,
Yıxdıq məmləkəti şeytanla şərik,
Yüz ildi gələsi yazı gözlərik,
Çəmənlər göyərməz, saman qurtarıb.
Hər yoldan ötənə yetim uşaq tək,
Biz dədə söylədik qabardı ürək…
Hərəsi bir yanda satqın, dümbələk,
Xalqa söyləməyə yalan qurtarıb.
Haqqın haqsız yerə kəsilib dili,
Düzlüyün yük altda bükülüb beli,
Tutub yaxamızdan əcəlin əli,
Ömrü bada verdik, aman qurtarıb.
Pisliyin oduna olmuşuq körük,
Baxıb aynada da xortdan görürük,
Yaxşılar sıradan düşdülər perik,
Yaxşı qeybə çıxıb, yaman qurtarıb.
Burda daşa dönmüş, ölmüş adamlar,
Nə duyğu, nə istək, nə mərhəmət var
Sanki məzarlardan çıxmış adamlar,
Qiyamət qopmayır, zaman qurtarıb…
Yas içində
Çiçəklərin bağrı yandı,
Soldu güllər yaz içində.
Külə döndü laləzarlar,
Biz boğulduq toz içində.
Qismət dedik, itə-bata,
Kimlər cumar, kimlər tuta,
Dəmir kimi yata-yata,
Çürümüşük pas içində.
Günəş səmtə düşdük yola,
Namərd bizi çəkdi dala,
Hey fırlandıq sağa, sola,
Yollar itdi iz içində.
Sinəmizdə sınıq ürək,
Öz dərdinə özü dirək
Qanı axan yaralar tək,
Sızıldayar duz içində.
Həyat tənə, günlər qınaq,
Dərd, azardı gələn qonaq,
Tapmadıq xoş gün sığınaq,
Ömür keçdi yas içində…